Elman Abdullayev Qahirədə Azərbaycanın xarici siyasəti barədə çıxış edib
16 May 2013 14:46 SiyasətQahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində fəaliyyətə başlayan "Azərbaycan tədris proqramı" çərçivəsində Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda çıxış edib.
Azərbaycanın tarixi inkişaf yolu, dövlətçilik ənənələri və regionda oynadığı rol barəsində danışan Elman Abdullayev, Çar Rusiyasının şərqə doğru genişlənməsi və Cənubi Qafqaz regionunun işğalı və bundan sonra süni köçürmə vasitəsilə tarixi Azərbaycan torpaqlarında ermənilərin demoqrafik mövcudluğunun yaradıldığını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin köklərinin məhz buradan qaynaqlandığını bildirib və iyirminci yüzillik ərzində ermənilərin Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları və münaqişənin cari vəziyyətindən danışıb.
Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər fakültəsində Asiya araşdırmalar mərkəzinin nəzdində "Azərbaycan araşdırmalar bölməsi" təsis edilmiş və bu bölmə tərəfindən 13-19 may tarixlərində tələbələr üçün "Azərbaycan tədris proqramı" fəaliyyətə başlamışdır. Proqramda 50-dən artıq tələbə iştirak edir. Bu tədris proqramının gələcəkdə daha da inkişaf etdirilməsi planlaşdırılır.
Bu gün bu kurs çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimovun çıxışları nəzərdə tutulub.