“İctimai iştirakçılıq haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılıb - Əli Hüseynli

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Sosial siyasət komitələrinin mayın 15-də keçirilən birgə iclasında "İctimai iştirakçılıq haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sözügedən sənədin qəbulunun vacibliyini vurğulayaraq, qeyd edib ki, birinci oxunuşun müzakirəsi zaman səsləndirilən təkliflərin böyük əksəriyyəti ikinci oxunuşda nəzərə alınıb və sənəd daha təkmil hala gətirilib. Sonra layihə barədə məlumat verən sözügedən sənədin müəllifi, millət vəkili Azay Quliyev bildirib ki, layihə birinci oxunuşda müzakirə olunan zaman həm millət vəkilləri, həm də ictimaiyyət tərəfindən səsləndirilən təkliflər ikinci oxunuşda nəzərə alınıb: "Bildiyiniz kimi, bu sənəd həm komitələrin birgə, həm parlamentin plenar iclasında, həm də aprelin 2-də ictimai dinləmələr zamanı geniş müzakirə olunub və həmin müzakirələrdə də xeyli təklif-iradlar səsləndirilib. Yəni, həm yerli ictimaiyyət, millət vəkilləri, həm də beynəlxalq qurumlar tərəfindən səsləndirilən əksər təkliflər ikinci oxunuşda nəzərə alınıb".
 A.Quliyevin sözlərinə görə, ikinci oxunuşda əksini tapan məqamlar siyasi plüralizm, yazılı məsləhətləşmə və sair məsələlərlə bağlıdır: "Belə ki, qanun layihəsinin 4-cü maddəsində nəzərdə tutulan ictimai iştirakçılığın prinsipləri siyahısına siyasi plüralizm və bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi prinsipləri də əlavə olunub. Bundan başqa qanunun 6-cı maddəsində göstərilən ictimai iştirakçılığın formalarına yazılı məsləhətləşmələr əlavə olunub. Əlavə olan təkliflər arasında bir şəxsin yalnız bir dəfə İctimai Şuranın üzvü ola biləcəyi də öz əksini tapıb". Müzakirələr zamanı millət vəkili Fazil Mustafa bildirib ki, qanunun qəbulunun tərəfdarı olsa da, bu sənədi gələcəkdə işləyəcək qanunlar sırasında görmür: "Çünki məmur-vətəndaş münasibətləri elə bir səviyyədədir ki, bu qanunun işləməsi real görünmür". MM-in Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə belə bir layihənin ortaya qoyulmasını və qəbulunun nəzərdə tutulmasını Azərbaycanın demokratik dövlət quruculuğunda kuliminasiya nöqtələrindən biri adlandırıb: "Bununla yanaşı hesab edirəm ki, 1 nəfərin yalnız bir İctimai Şuradan artıq fəaliyyət göstərməsinə məhdudiyyət qoyulması düzgün deyil. Biz heç olmasa, bir nəfərin ən azı 3 İctimai Şurada fəaliyyət göstərməsini layihədə nəzərdə tutmalıyıq. Düzdür, eləsi var ki, 60 yerdə təmsil olunur, ancaq ortalıqda heç bir fəaliyyəti yoxdur, bununla belə, düşünürəm ki, rəqəmi ən azı 3-ə qaldırmalıyıq". Müzakirələrdən sonra layihə ikinci oxunuşda MM-in plenar iclasına tövsiyə olunub.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31