ATƏT Sərkisyana yalan danışması üçün şərait yaradır - AÇIQLAMA

Akif Nağı: “Ermənistan sərsəm bəyanatlarla dünya ictimaiyyətini aldatmaqla məşğuldur”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun təklif etdiyi 6 əsas prinsipi imzalamağa hazır olduğunu bəyan edib. İlk növbədə isə həmin prinsiplər Azərbaycan tərəfindən qəbul olunmalıdır. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Nalbandyanın hansı 6 prinsipi nəzərdə tutduğu məlum deyil. Ermənistan xarici işlər nazirinin "Yenilənmiş Madrid prinsipləri"nə işarə etdiyinin mümkün olduğnu deyən A.Nağı bildirdi ki, həmin prinsiplərə ilk növbədə Ermənistanın özü razılıq verməyib, açıq şəkildə sənədə imza atmaqdan boyun qaçırıb: "Çünki, "Madrid prinsipləri"nin yenilənmiş variantında görə qondarma "Dağlıq Qarabağ" Respublikasının mövcud statusu ləğv edilir. ATƏT isə Ermənistanın bu barədə təklifinin oraya salınmasına və nə vaxtsa baxılmasına da etiraz edir. Azərbaycan isə dəfələrlə "Yenilənmiş Madrid prinsipləri"ndə olan məsələlərə razılıq verib. Ermənistan diplomatları isə həmişə mətbuat vasitəsilə bildiriblər ki, rəsmi İrəvan həmin sənədə Dağlıq Qarabağın mövcud statusunun salınmamasına razılıq verməyəcək. Ermənistan "Madrid prinsipləri"ndə Dağlıq Qarabağ "müstəqil respublika" kimi göstəriləcəyi halda bu işə razılıq vermək niyyətindədir. Bu istiqamətdə bütün pozuculuq işlərinin başında rəsmi İrəvan dayanıb. Hətta bu yaxında Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşən Serj Sərkisyan Azərbaycana ittiham irəli sürərək bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi rəsmi Bakının tutduğu mövqeyə əsasən həll olunmur. Ermənistan hakimiyyətinin nümayiş etdirdi mövqe isə beynəlxalq qurumların rəsmi İrəvanın haqsız iddialarına qarşı gəlməməsinin nəticəsidir. Ona görə də Ermənistan hakimiyyəti ATƏT-in onun üçün yaratdığı imkanlardan istifadə edərək sərsəm bəyanatlarla dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Nalbandyanın bu açıqlaması da beynəlxalq rəyin aldadılmasına, eyni zamanda Dağlıq Qarabağla bağlı həqiqətlərin gizlədilməsinə yönəlib". ("OLAYLAR" İA)  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00