Reyhanlı terroru ABŞ və Qərbin Suriyanı işğal ssenarisinin tərkib hissəsidir

Cümşüd Nuriyev: “Rusiya üçün Suriyada hakimiyyət dəyişikliyi etmək o qədər çətin deyil”

"Suriyanın hava hücumundan müdafiə sistemi tamamilə Rusiya tərəfindən qurulub. ABŞ-ın İraqdakı mövqeyini və ən müasir hərbi təchizatını nəzərə alsaq həmin sistemin fəaliyyət mexanizmi yarasız vəziyyətdədir və Suriyanın təhlükəsizliyini təmin edə bilmir. Rusiyanın belə bir məqamda Əsəd rejimini S-300 reketləri təchiz etməsi müəyyən mənada ABŞ və Qərbə qarşı təhdid mesajıdır". Politoloq Cümşüd Nuriyev Rusiyanın Suriyaya S-300 raketlərini satması məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyev hesab edir ki, rejim həmin raketlərdən o vaxt istifadə edə bilər ki, Suriya ərazisinə hər hansısa kənar müdaxilə olsun. Politoloq onu da bildirdi ki, Bəşər Əsəd S-300-lərdən müxaliflərə qarşı istifadə etməyəcək: "Kremlin məsələdə uzaqğa gedən siyasəti açıq şəkildə özünü göstərir. Çünki, ABŞ birmənalı şəkildə bildirir ki, proseslər indiki kimi davam etsə müxaliflərə açıq şəkildə kömək edəcək. müttəfiqlər isə bu işi Türkiyə vasitəsilə həyata keçirmək istəyir. Reyhanlıda baş verən terror hadisəsi də həmin siyasi gedişə istiqamətlənmiş addımdır. ABŞ-ın Yaxın Orta Şərq planı çərçivəsində Türkiyənin Suriyaya müdaxiləsi məsələsi də gündəmdədir. Rusiya isə Reyhanlı məsələsindən istifadə edərək bir güllə ilə iki dovşan vurmaq istəyir. Kreml bununla Türkiyənin regiondakı hegemonluğunun qarşısını almaq niyyətindədir. Rusiya üçün Suriyada hakimiyyət dəyişikliyi etmək o qədər problem deyil. Kremlin məqsədi odur ki, əli qana batmadan Suriyada Əsəddən sonra yaranacaq hökumətdə də təmsil olunsun. Konkret olaraq Rusiya müxaliflər öz tərəfinə çəkmək siyasəti yürüdür. Qərbin Ərəb dövlətlərində yeritdiyi siyasət özünü doğrultmur. ABŞ və Qərb Misir, Liviya kimi ölkələrdə artıq ciddi problemlərlə qarşılaşır. Nə qədər çalışsalar da ortada olan problemləri həll edə bilmirlər. Buna görə də ABŞ və Qərb Suriya ilə bağlı yeni yanaşma tərzi ortaya qoymağa çalışırlar. Rusiyanın həmin məsələlərdə ABŞ-la ortaq məxrəcə gəlmək niyyəti həm var, həm də yoxdur. Rusiyanın ABŞ-ın Moskvadakı səfirliyinin üçüncü katibini həbs edib, sonra ölkədən deportasiya etməsi iki dövlət arasında olan gərginliyin elementar nümunəsidir. Buna görə də Yaxın Şərqdə baş verən proseslər adi nəticələrlə yekunlaşmayacaq. Rusiyanın həmin raketləri Əsəd rejiminə verib verməməsi də dəqiq deyil. Belə bir fakt olsaydı İsrail kəşfiyyatı onu rahatlıqla üzə çıxarıb dünyaya bəyan edərdi. Ortada razılaşdırılmış oyunun görünməyən tərəfləri var və bu yaxın müddətdə açıqlığa çıxacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00