Azərbaycan gəncliyi düzgün istiqamətdədir

Seymur Orucov: “Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev hər zaman gənclərlə bilikdədir və gənclər üçün lazım olan addımları atır”

Bu günlərdə Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərən Gənclərlə İş üzrə İctimai Şuranın iclası keçirildi. Gənclərin həyatı ilə bağlı bir sıra mühüm məsələlərin müzakirə edildiyi iclasda qarşıdan gələn president seçkiləri ilə bağlı da gənclərin mövqeyini əks etdirən mühüm mövqe ortaya qoyublar. Belə ki, gənclər Prezident İlham Əliyevin siyasətini tam dəstəklədiklərini bəyan ediblər və bütün Azərbaycan gənclərini qarşıdan gələn prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıblar. Tədbirin sonunda Prezident İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat da qəbul edilib. Azərbaycan gənclərinin böyük əksəriyyətinin gəldiyi bu qənaət müstəqil gənclər, siyasi qüvvələrin gənclər təşkilatlarının təmsilçiləri tərəfindən də məqbul qarşılanıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, Azərbaycan gəncləri alqışa layiq bir mövqe ortaya qoyublar. Seymur Orucovun sözlərinə görə, bu Azərbaycan gəncliyinin düzgün istiqamətdə, dövlətin, dövlətçiliyin yanında olduğunun göstəricisidir: "Təbii ki, bu eyni zamanda cənab prezidentin ölkə, dövlət üçün həyata keçirdiyi siyasətin, onun xarici və daxili siyasətinin nə dərəcədə düzgün olduğunu göstərir. Bu gün təkcə gənclər sektoruna baxsaq görərik ki, Azərbaycan gəncliyinə diqqət və qayğı getdikcə artmaqdadır. İstər maliyyə, istərsə də mənəvi tərəfdən baxanda bunu aydın görürük". YAP Gənclər Birliyinin sədri deyib ki, Azərbaycan dövləti və onun başçısı cənab İlham Əliyev hər zaman gənclərlə bilikdədir və gənclər üçün lazım olan addımları atır: "Cənab prezidentin iştirakı ilə keçirilən sonuncu müşavirədə də dövlət başçısı gənclərin məşğulluğunun təmin edilməsi, ipoteka kreditləri ilə bağlı bir sıra məsələlər qaldırdı. Hazırda da həmin məsələlərin həlli istiqamətində müvafiq işlər aparılır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, gənclər təşkilatlarının 2013-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etməsi ilə bağlı verdiyi bəyanatları normal bir haldır: "Demokratik cəmiyyətlərdə bu cür halların olması adi haldır. Belə ki, bu seçki başlamamışdan hansı namizədin müdafiə olunmasını xalqa göstərməkdir. Bu həm də onu gösərir ki, İlham Əliyev çox güclü namizəd olacaq. Düşünürəm ki, bu il keçiriləcək seçkilərin əsas favoriti İlham Əliyev olacaq".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalı bildirib ki, Gənclərlə İş üzrə İctimai Şuranın mayın 13-də keçirilən geniştərkibli toplantısı işgüzar və faydalı olub: "Mən də gənclər hərəkatının veteranı olaraq həmin toplantıda iştirak və çıxış etdim. Toplantıda Prezident Administrasiyasının şöbə müdiri professor Əli Həsənovun iştirakı və sonda etdiyi təqdiedici çıxışı da göstərdi ki, İctimai Şuranın "Ölkənin ictimai siyasi-həyatında gənclərin iştirakı" mövzusu aktualdır. Bəlli olduğu kimi İctimai Şuranın mövzuya uyğun bəyanatı qəbul edilib. Bəyanatın mətni artıq mətbuatda yayılıb və hesab edirəm, yetərincə aydın, məntiqli və ölkəmizin gələcəyini düşünərək hazırlanmış bir mətndir. Gənclər, təşkilatlanmış yeni nəsil aydınlarımızın bir qrupu payızda gözlənilən önəmli siyasi kampaniyaya öz münasibətlərini bildiriblər. Təşkilatlanmış gənclər, fəal yeni nəsil aydınlarımız cənab İlham Əliyevin gənclərə yönəlik siyasətinin davam etməsində maraqlıdırlar". Əkbər Qoşalının sözlərinə görə,  gənclər təşkilatları, gənclərlə işləyən mütəxəssislər yalnız bu özəlliyə görə deyil, ümumən İlham Əliyevin ölkə idarəçiliyinə gətirdiyi yeniliklərin, onun işlərinin davamını təmənna edirlər və düşünürlər ki, bunu İlham Əliyevin özündən daha yaxşı kimsə edə bilməz: "Mən toplantıdakı çıxışımda da bu mövqeni alqışladım və mənə həvalə edilmiş mövzuya uyğun olaraq gənclərin məsuliyyəti barədə, yeni nəslin üzərinə düşən vəzifələrlə bağlı fikirlərimi açıqladım. Hesab edirəm, İctimai Şuranın bəyanatına digər gənclər təşkilatları da öz toplantılarında münasibət bildirəcək, dəstək verəcəklər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00