Milli Şura ideyası fiaskoya uğradı

Yanlış siyasət əsas partiyaları qurumdan kənarda saxladı

Kinodramaturq Rüstəm İbrahimbəyovun ideyası ilə ortaya atılan Milli Şura mayın 28-də elan olunmalıdır. Qurumda hansı müxalif birliklərin iştirak edəcəyi bəlli olmasa da ana müxalifət partiyalarının - AXCP və Müsavatın adları tez-tez Milli Şuranın yanında çəkilir. Faktiki olaraq digər müxalif partiyalarla müqayisədə Rüstəm İbrahimbəyov AXCP və Müsavatı Milli Şurada görməkdən məmnundur, nəinki müəyyən məsələlərdə ittiham etdiyi siyasi təşkilatları... Digər müxalif partiyaların Milli Şurada iştirak etməməsinin ən böyük səbəblərindən biri Rüstəm İbrahimbəyov və politoloq Eldar Namazovun həmin müxalif təşkilatların başqa qüvvələrin maraqlarında ximət etməkdə ittiham etmələridir. Konkret olaraq isə ALP, ACP və ADP Milli Şuraya qatılmaqdan açıq şəkildə boyun qaçırdılar. KXCP sədri Mirmahmud Mirəlioğlunun Şuranın yaradılması ilə bağlı bəzi təklifləri irəli sürməsi də ideya ilə bağlı bəzi qaranlıq məqamları ortaya qoydu. Milli Şuranın əslində müxalifət daxilində müəyyən qüvvələrin şəxsi maraqlarına ximət etdiyini yaxşı başa düşən bəzi partiyalar quruma daxil olmaqda maraqlı deyillər. Mətbuata açıqlama verən ALP sədri Əvəz Temirxan Rüstəm İbrahimbəyovun ideyasını "əvvəl biz, sonra qalanları" prinsipi kimi xarakterizə edib. ADP sədri Sərdar Cəlaloğlu və ACP lideri Rəsul Quliyev də Milli Şuranın bir neçə qüvvənin şəxsi maraqlarına xidmət etdiyini əsas götürərək Rüstəm İbrahimbəyovun ideyasını dəstəkləməkdən açıq formada imtina etdiklərini bildirdilər. Əslində müxaliflərin Şuranı rədd etməkləri Azərbaycan siyasi reallığı üçün o qədər də sensasion yeniliklər deyil. "Bizim Azərbaycan", "Azadlıq", İctimai Palata kimi birliklərin nümunəsində Milli Şura ideyasının da gec-tez fiaskoya uğrayacağı gözlənilən idi. Çünki, Rüstəm İbrahimbəyov da İsa Qəmbər, Əli Kərimli kimi  sələflərinin ənənəsinə uyğun olaraq məsələdə ilk növbədə şəxsi ambisiyasını əsas xətt olaraq tutdu. Milli Şuranın yaradılması prosesində Rüstəm İbrahimbəyov və Eldar Namazovun yeritdiyi siyasət kökündən səhv idi. Çünki, ideya müəllifləri Milli Şura və "El" hərəkatı məsələlərinin ortaya atılmasından sonra AXCP və Müsavata qarşı simpatiyalarını gizlətmədilər. İbrahimbəyov və Namazov zənn edirlər ki, tez-tez mətbuatda AXCP və Müsavatın adlarını Milli Şura ilə hallandırmaqla həmin təşkilatların sosial bazasını öz tərəflərinə çəkə biləcəklər. Başqa tərəfdən də digər müxalif təşkilatlarını keçirdikləri toplantılara və yaratmaq istədikləri qurumlara dəvət etməmələrinin əsl səbəbi həmin partiyaları Azərbaycan siyasi həyatının əhəmiyyətli oyunçuları kimi görməmələridir. Bu amil isə həmin qüvvələri Milli Şuraya qarşı zərbə mövqeyinə çəkdi. Rüstəm İbrahimbəyov digər müxalifət partiyalarının hansı mövqedə dayandığından və nə qədər sosial bazaya sahib olmasından asılı olmayaraq öz tərəfinə çəkməyi bacarmalı idi. İdeyanı qəlizə itələyən İbrahimbəyov bununla lider olmadığını açıq şəkildə bəyan etdi və ya bilərəkdən, ya da bilməyərəkdən həmin birliklərə aşağı səviyyəli qüvvələr nəzərilə baxdı. Ola bilsin ki, kinodramaturqun ALP, ACP, KXCP və ADP kimi müxalif qüvvələrə soyuq münasibət qarşılığında AXCP və Müsavat isti qucaq açması də müəyyən siyasi gedişlərə əsaslanır. Müsavat və AXCP-in Milli Şuraya qatılmaq ideyası Rüstəm İbrahimbəyovun Azərbaycan ictimaiyyəti üzərində aldadıcı manevri də ola bilər. İbrahimbəyov bu cür gedişlərlə cəmiyyətə Milli Şuranın Azərbaycan siyasi reallığının məhsulu kimi təqdim etməklə rahat şəkildə "Kremlin adamı" adını üzərindən atmaq niyyətindədir. Müsavat başqanı İsa Qəmbər də bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında belə bir məsələnin mümkünlüyünə işarə etmişdi. Mirmahmud Mirəlioğlunun da Milli Şuranın Azərbaycanın milli maraqları kontekstində təsis olunması təklifləri Rüstəm İbrahimbəyovun üzərində olan "Kremlin adamı" ləqəbinin təsdiqinə əsaslanır. AXCP və Müsavat isə 20 illik siyasi uğursuzluqlardan sonra Kremlin maliyyə bazası tərəfindən ayrılan milyonlarla maddi qrantlar hesabına təsis olunacaq Milli Şuraya getməkdə israrlı görünürlər. Nəzərə alsaq ki, Azərbaycan müxalifəti təkcə AXCP və Müsavatdan ibarət deyil və Rüstəm İbrahimbəyov digər müxalif partiyalara qarşı səthi mövqe nümayiş etdirir, bu o deməkdir ki, Milli Şura ideyası yaranmaya bilər, yaransa belə qarşıya qoyduğu məqsədlərə nail olmayacaq. Çünki, Qərb, ABŞ və Azərbaycandaxili digər müxalif qüvvələr, həmçinin ictimaiyyətin böyük əksəriyyəti ideyanı dəstəkləmir. Rusiya Cənubi Qafqazdakı maraqlarından geri çəkilməsə belə Qərb və ABŞ-ın regionda artan gücü Kremli narahat edir. Bu amil isə Rüstəm İbrahimbəyovun Milli Şura ideyasının uğursuzluğunun kökündə dayanan əsas faktordur.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00