Müxalifətçi gənclərin fotolarını kim çəkib?
Şəkilləri gizli yolla çəkib saytlara satan şəxs müxalifətçi gənclərdən biridir
15 May 2013 13:04 SiyasətMayın 10-da azadlığa buraxılmış müxalifətçi gənclər: AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər və hələ həbsdə olan "Azad Gənclik" təşkilatının üzvü İlkin Rüstəmzadə ilə bağlı bəzi sayt və sosial şəbəkələrdə yayılmış fotoşəkillərr narazılıq doğurub. Məsələ Milli Məclisdə də müzakirə olunub və parlament rəhbərliyi bu şəkilləri yayanları qınayıb. Xatırladaq ki, yayılan şəkillərdə müxalifətçi gənclərin ayaqyolu təmizlədiyi və müvəqqəti saxlama təcridxanasının həyətində təmizlik işləri ilə məşğul olduğu görünürdü. "OLAYLAR"a daxil olan məlumata görə, fotoları müxalifətçi gənclərdən biri çəkib və saytlara satıb. Qeyd edək ki, Əbülfəz Qurbanlı fotoların onlardan xəbərsiz çəkildiyini bildirib. Turqut Qəmbər isə bu haqda danışmaq istəməyib və qeyd edib ki, bu barədə İlkin Rüstəmzadə həbsdən çıxandan sonra geniş açıqlama verəcək: "Belə çıxır ki, bu şəkilləri gizli kamera ilə çəkib yayıblar. Biz gözləyirik ki, İlkin də çıxsın. Ondan sonra lazımi açıqlamalar verəcəyik".