Parlamentdə Əbülfəz Eıçibəyin adının əbədiləşdirilməsi məsələsi qaldırıldı
Qüdrət Həsənquliyev: “Bu, həm də ölkənin siyasi sisteminin inkişafına səbəb ola bilər”
14 May 2013 16:42 SiyasətMilli Məclisin mayın 14-də keçirilən iclasında millət vəkilləri bir sıra məsələləri qaldırıblar. İlk öncə deputat Zahid Oruc bildirib ki, Şəhidlər Xiyabanı artıq Azərbaycanın tarixinin, mübarizəsinin rəmzlərindən birinə çevrilib. O, əlavə edib ki, Azərbaycana xarici ölkələrdən qonaqlar təşrif buyurarkən əsas protokollardan biri kimi Şəhidlər Xiyabanını ziyarət edirlər: "Ancaq bu ziyarət əsasən 20 yanvar faciəsində həlak olan şəhidlərimizin məzarlarının ziyarət olunması ilə başa çatır. Bəlkə də bu məsələyə yenidən baxılmalı, ziyarətin məsafəsi uzadılmalıdır. Mən Şəhidlər Xiyabanında ingilis dilində löhvə vurulmasını da təklif edirəm". Zahid Oruc daha sonra deyib ki, İranda bəzi saytlar Türkmənçay sülh müqaviləsinin məsələsini yenidən qaldırır, bunun müzakirə olunması haqqında fikirlər ifadə edirlər: "Yəni Azərbaycana qarşı az qala ərazi iddiası ilə bağlı fikirlər səsləndirilir. Bu yaxınlarda Gülüstan müqaviləsinin 200 illiyi tamam olur. Hesab edirəm ki, bununla bağlı ictimai müzakirələr keçirilməlidir". Milli Məclisin sədri Oqtay Əsədov isə deputata ciddi etiraz edib: "Zahid Oruc, siz təcrübəli deputatsınız. Bilirsiniz ki, bizi təxribata çəkirlər. Bir qədər ehtiyatlı olun. Mən Gülüstan müqaviləsini eşidəndə içim yanır. Ona görə heç bir çağırış etmirəm". Deputat Fazil Qəzənfəroğlu isə AMEA-nın əməkdaşı Xalidə Xalidin İranda həbs olunması məsələsini qaldırıb. Deyib ki, İran neçənci dəfədir ki, Azərbaycan vətəndaşını əsassız motivlə həbs edir və sonradan bunu bazarlıq səviyyəsinə gətirir. Deputat həmçinin qeyd edib ki, Azərbaycanda tələbələrin təhsil haqqını ödəməyə imkanları yoxdur: "Bizim üçün hədəf Azərbaycan gəncinin təhsilli olmasıdır, cahil olmamasıdır. Hesab edirəm ki, bu məsələyə hansısa formada münasibət bildirilməlidir. Təhsil haqları elə səviyyədə olmalıdır ki, hər kəs onu ödəyib təhsil ala bilsin". Millət vəkili İsa Həbibbəyli isə deyib ki, İran-Azərbaycan arasında ikitərəfli əməkdaşlığı var: "Biz elm və mədəniyyət sahəsində də əməkdaşlıq edirik. Mən Xalidə Xalidin məsələsnin İran tərəfindən belə mürəkkəbləşdirilməsini başa düşmürəm. AMEA adından qeyd edirəm ki, Xalidə Xalid Şəhriyar haqqında dissertasiyanı zənginləşdirmək məqsədilə öz təşəbbüsü ilə Təbrizə gedib. Onun işi təhqiqatlar və araşdırmalar aparmaqla bağlı olub. AMEA Xalidə Xalidlə bağlı məsələnin obyektiv araşdırılmasını və onun azadlığa buraxılmasına dair mövqeyini ifadə edir". Deputat Fərəc Quliyev isə Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsini təklif edib: "Bu yaxınlarda Əbülfəz Elçibəyin 75 yaşı tamam olur. Əbülfəz Elçibəy milli mübarizədə öndə olan şəxslərdən biri olub. Mən təklif edirəm ki, Elçibəylə bağlı tədbirlər keçirilsin, onun adına küçələr verilsin". Deputat Musa Quliyev isə "Şəhid adının əbədiləşdirilməsi" haqqında qanuna dəyişiklik etməyi təklif edib: "Şəhid ailələrinə, sosial baxımdan ehtiyacı olan insanlara yardımlar edilməsi prezidentin apardığı siyasətin prioritet istiqamətlərindən biridir. Mən təklif edirəm ki, hər bir şəhidin bir ali təhsilli övladı müsabiqədən kənar dövlət qulluğuna qəbul edilsin. Hesab edirəm ki, buna gedilsə problem olmaz. Çünki ölkədə 30 mindən çox dövlət qulluğu ştatı var. Amma belə şəhid övladlarının sayı min nəfərdən ibarətdir". Deputat özəl təhsil müəssisələrində də, şəhid övladlarının təhsilhaqqı ödəmədən təhsil alması üçün şərait yaradılmasını təklif edib. Millət vəkili Qüdrət Həsənquliyev isə söyləyib ki, bu ayın sonunda "Avronest" Parlament Assambleyasının sessiyasının keçirilməsi gözlənilir. Amma bu günə qədər bizi özümüzə dost hesab edən Gürcüstan və Moldova nümayəndələrinin söz alaraq bizi müdafiə etməsinin şahidi olmamışıq. Biz isə Gürcüstan, həm də Moldovanın ərazi bütövlüyünü dəfələrlə müdafiə etmişik. Onlar guya Ermənistanla münasibətləri pozmamağı əsas gətirərək "müdürikcəsinə" susurlar. Hesab edirəm ki, dövlət və hökumət səviyyəsində iş aparılmalıdır ki, onlar beynəlxalq təşkilatlarda bizim mövqeyimizi müdafiə etsinlər". Qüdrət Həsənquliyev əlavə edib ki, bu yaxınlarda mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd edilib. Əksər müxalifət partiyaları da Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini qeyd ediblər: "Hesab edirəm ki, hakim partiya da analoji addım ataraq Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi haqda təklifi öyrənməli və həyata keçirməlidir. Bu həm də ölkənin siyasi sisteminin inkişafına səbəb ola bilər. Həmçinin qarşıdan Bakının işğaldan azad edilməsinin, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi gəlir. Burada 1300-ə qədər Anadolu türkü şəhid olub. Nuru Paşanın abidəsinin ucaldılmasına ehtiyac var. Hesab edirəm ki, Əbülfəz Elçibəyin və Nuru Paşanın abidəsinin heykəlinin ucaldılması iqtidara baş ucalığı gətirə bilər". VHP sədri Sabir Rüstəmxanlı isə xatırladıb ki, Şəhidlər Xiyabınında beş şəhid nəsli yatır: "Burada 1918-ci il şəhidləri, türk şəhidləri, 20 yanvar şəhidləri, böyük vətən uğrunda dünyasını dəyişən insanlar və Qarabağ uğrunda gedən müharibədə şəhid olan insanlar yatır. Əlbəttə ki, Şəhidlər Xiyabanına daxil olaraq iki nəsil şəhidləri ziyarət edib, qalanları etməmək narazılıq yaradır. Məncə burada bir soyqrım muzeyi tikiliməlidir". Sabir Rüstəmxanlı daha sonra Güney Azərbaycandan danışıb və bu istiqamətdə hökumətin siyasətini tənqid edib: "Burada Güney Azərbaycan məsələsinə toxunuldu. Öz adımdan deyim ki, son illərdə bir neçə dəfə beynəlxalq təşkilatlarda-BMT-də, ABŞ Konqresində, Dövlət Departamentində, habelə Cenevrədə Güney Azərbaycan məsələsini qaldırmışam. ABŞ-da söhbət zamanı deyildi ki, Azərbaycan hökuməti İrana qarşı cəsarətli siyasət aparır. Mən əlbəttə ki, orada susdum. Amma indi deyirəm ki, bizim siyasətimiz necə cəsarətlidir? Bir nəfər Güney Azərbaycanlını oxutdururuqmu? Bura İrandan gələnləri dərhal başqa ölkəyə göndəririk. Həbs olunan şəxslərlə bağlı cəsarətli mövqe ortaya qoya bilmirik. Bu gün biz yatmışıq, böyrümüzdə az qala Təbriz və Urmiyaya göz dikənlər var". Spiker Oqtay Əsədov isə Sabir Rüstəmxanlıya ciddi şəkildə etiraz edib: "Əgər siz Azərbaycan hökumətinin cəsarətli siyasət aparmasını düşünmürsünüzsə, bu sizin işinizdir. Biz hələ bir istiqamətdə mübarizəni aparıb qurtarmamışıq. Siz deyirsiniz ki, 15 istiqamətdə mübarizə aparaq. Hamınız populist çıxışlar edirsiniz". Sonra millət vəkilləri gündəlikdəki məsələlərin müzakirəsini davam etdiriblər.
Alim