Milli Şuranın perspektivi yoxdur - MÜNASİBƏT

Əli Əliyev: “İctimai Palata mövcud olduğu üç il ərzində nəyə nail olubsa, Milli Şuranın əldə edəcəyi nəticə də ondan artıq olmayacaq”

Rusiyanın xeyir-duası ilə yaradılan Milli Şura və "EL" Hərəkatının son günlər bir qədər də aktivləşməsi rəsmi Moskvanın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı çox ciddi planlarının olduğundan xəbər verir. Bir sıra siyasi dairələr Kremlin bu istəyinə uyğun hərəkət edərək Milli Şura ilə yaxından əməkdaşlığa maraq göstərsələr də, dövlətçilik və milli maraqları üstün tutan partiyalar Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmasını qəbuledilməz hesab edirlər. Belə partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın sədri Əli Əliyev hesab edir ki, ölkəmizə yönəlik xarici təsirləri və hansısa dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmaq istəyinə müxalifət sevinməməli, həmin qüvvələrlə əməkdaşlığa getməməlidir: "Hesab edirəm ki, hakimiyyətlə müxalifət arasında mövcud olan rəqabət və qarşıdurma iç məsələlərdən kənara çıxmamalıdır. Mövcud siyasi qüvvələr ölkənin taleyi ilə bağlı xarici təhlükəyə qarşı eyni mövqedən çıxış etmək qabiliyyətini göstərməlidirlər. Bu, mənim siyasətçi və vətəndaş kimi hər zaman dəyişməz olan prinsipimdir. Məsələn, Qarabağ, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində siyasi qüvvələr necə fərqli mövqe tuta bilərlər? Qarabağ məsələsi kimi digər xarici təhlükələrə qarşı ölkənin siyasi güclərinin vahid mövqedən çıxış etmələri inkaredilməz zərurətdir. Necə ki, bu gün Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi artıq danışıq mövzusuna çevrilib, o halda ölkənin siyasi qüvvələrinin ən azı belə mühüm məsələlərdə bir arada olmaları mütləqdir. Amma təəssüf olsun ki, bu həmrəyliyi hələ də görə bilmirik. Artıq yeddi-səkkiz aya yaxındır ki, şimal qonşumuz olan Rusiya Federasiyası Avrasiya İttifaqı adlı yeni bir layihə ortaya atıb. Çox təəssüf olsun ki, Avrasiya İttifaqı layihəsi Azərbaycanın siyasi qüvvələri tərəfindən sanki ciddiyə alınmır. Bu yanaşmanın arxasında həm maddi maraqlar, həm də hakimiyyətdən qisas almaq, o cümlədən, bu hakimiyyəti nəyin bahasına olursa-olsun dəyişmək  niyyəti də dayana bilər". Bir müddət əvvəl Rusiyada yaradılmış  "Milyarderlər ittifaqı"na da toxunan partiya sədri deyir ki, həmin ittifaqda təmsil olunan zəngin insanlar Putinlə anlaşmış milyarderlərdir: "Hətta mən onları sadəcə, milyarder deyil, oliqarx hesab edirəm... Azərbaycandakı prezident seçkiləri ilində həmin şəxslərin birdən-birə təşkilatlandırılmaları bizim diqqətimizdən kənarda qala bilməz. Onların Azərbaycanda siyasi layihə həyata keçirən Rüstəm İbrahimbəyov, Azərbaycan prezidenti ilə görüşə can atan, ölkə gündəmini diqqətində saxlayan Abbas Abbasovla bir yerdə olmaları diqqətdən kənar buraxılacaq məsələlər deyil. Avrasiya İttifaqı layihəsinin qabardılması, "Milyarderlər ittifaqı"nın yaradılması, Rüstəm İbrahimbəyovun Azərbaycanda Milli Şura adlı layihənin icrasına başlaması və Abbas Abbasovun Azərbaycanın siyasi gündəmini bu qədər diqqətdə saxlaması bölüşdüyüm qənaətə çox ciddi əsaslar verir. Rüstəm İbrahimbəyovun da "Milyarderlər ittifaqı"nın üzvü qismində Milli Şura ideyasını irəli sürməsi bu layihənin məhz Moskvadan qaynaqlandığını açıq formada göstərir. Ona görə də biz başqa bir dövlətdə hazırlanmış siyasi planın Azərbaycanda reallaşdırılması cəhdlərinə qarşı bu formada açıq mübarizə aparırıq. Bu günlərdə Bakıda səfərdə olan Gürcüstan Prezidenti də bəyanatında bölgə üçün Şimal təhlükəsindən danışmışdı. Belə ciddi şəxsin mövqeyi bizim siyasi narahatlıqlarımızın əsaslı olduğunu təsdiq edir". VİP sədri rəhbərlik etdiyi partiyanın Milli Şura ilə bağlı aparılan müzakirələrdə iştirak etmədiyini də diqqətə çatdırıb. Bildirib ki, başqa bir dövlətin reallaşdırmağa çalışdığı antimilli siyasi layihədə VİP-in iştirakı qətiyyən mümkün deyil: " Bu, istər Rusiyaya, istərsə də digər dövlətlərə aiddir. VİP millətçi partiyadır, mövqeyimiz, fəaliyyətimiz, proseslərə yanaşmamız yalnız  ümummilli əsaslara söykənir". Əli Əliyev xarici qüvvələrin əli ilə Azərbaycanda inqilab arzulayanları da pisləyib və bunu milli maraqlara zidd addım kimi dəyərləndirib: "2011-ci ildə Avropa İttifaqı nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş Polşa parlamenti sədrinin müxalifətlə görüşündə çox təkidlə inandırmağa çalışırdı ki, bu il Azərbaycanda mütləq inqilab olacaq. Mən indi ərəb inqilablarının baş verdiyi ölkələri göz önünə gətirəndə sevinirəm ki, o müxalifətçinin gözünü yumub arzuladığı həmin inqilab Azərbaycanda baş verməyib. Yenə də təəssüflə bildirirəm ki, həmin hikkəli mövqedən nəinki imtina olunmayıb, hətta bir qədər də irəli gedilib. Qəbuledilməz haldır ki, nəticə nə olacaqsa olsun, pulu kim verirsə versin, layihəni kim hazırlayıbsa hazırlasın, təki bu hakimiyyət dəyişsin deyən o adamlar dövləti düşünmədən belə məsuliyyətsiz qərarlar verirlər. Əlbəttə ki, bu, çox təhlükəli, artıq dediyim kimi, antimilli mövqedir". VİP sədri Milli Şura ideyasının perspektivli olmayacağını da vurğulayıb: "Milli Şura haqqında mənim mövqeyim belədir ki, bu, ölkədə hər hansı ciddi dəyişikliyə təkan verəcək bir layihə olmayacaq. Milli Şuranı başqa cür təqdim etsək, deməliyik ki, o prosesdə tərəflər İctimai Palata ilə Eldar Namazovla məhdudlaşır. İctimai Palata mövcud olduğu üç il ərzində nəyə nail olubsa, Milli Şuranın əldə edəcəyi nəticə də ondan artıq olmayacaq. Qısacası, bu gəlişmədə heç bir ciddi perspektiv görmürəm. Milli Şura ətrafında nə qədər ajiotaj yaratmağa çalışsalar da, onu ümummilli layihə kimi təqdim etsələr də, onu nə qədər cəlbedici mücadilə epitetləri ilə bəzəsələr də, bu, birmənalı olaraq, Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi layihəsidir. Həmin prosesin iştirakçıları məhz Rusiyanın layihəsində yer aldıqlarını unutmamalıdırlar".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00