Müxalifət Milli Şuranı boykot edir

Qurum geniş koalisiyaya çevrilə bilməyəcək

Rüstəm İbrahimbəyovun ideyası ilə yaradılan Milli Şura mayın 28-də elan olunmalıdır. El hərəkatının başqanı Eldar Namazov bildirib ki, artıq qurumun elan olunması tarixi müxalifət liderləri ilə razılaşdırılıb.
İbrahimbəyov Milli Şuranın müxalifətin geniş koalisiyası olacağını bildirmişdi. Amma belə görünür ki, müxalifət partiyalarının əksəriyyəti narazıdır və Şuranın işində iştirak etmək istəmirlər. Bir sıra partiyalar Milli Şurada yedək qüvvəyə çevrilməkdən qorxurlar. Məsələn, KXCP və digər partiyalar MŞ-a qoşulmaqdan buna görə imtina etdilər. KXCP Milli Şura təsisçiləri qarşısında elə bir şərt qoydu ki, onlar bunu edə bilməzdilər. Digər partiyaları Müsavat və AXCP-nin qara piar maşını küsdürdü. ADP, ALP, AMİP kimi partiyalar isə İbrahimbəyov düşərgəsinin yanaşması doğru olmadığı üçün Milli Şuradan kənarda qalacaqlar. Artıq Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası və İlqar Məmmədovun REAL Hərəkatı Milli Şurada təmsil olunmayacaqlarına dair açıqlama veriblər. Açıq Cəmiyyət Partiyası sədrinin müşaviri Ağasif Şakiroğlu deyib ki, Milli Şura bəhs edildiyi formatda yaradılmayacaq: "Milli Şurada adından göründüyü kimi özündə Azərbaycanın bütün təbəqələrini və qruplarını birləşdirməlidir. Lakin hazırkı məqamda müəyyən şəxslərin bu qurumu monopoliyaya almaq iddiaları görünməkdədir ki, bu da yaranması nəzərdə tutulan qurumun adının Milli Şura olmasından başqa heç nəyə təsir edə bilməyən bir qurum kimi səciyyələndirilir". REAL Hərəkatının məclis sədri Erkin Qədirli də təmsil etdiyi qurumun Milli Şuraya qatılmayacağını bəyan edib: "Milli Şuranın təşkilində aydın olmayan məqamlar çox olduğundan xüsusi olaraq can atmırıq. Məsələ ondadır ki, Milli Şura REAL İdarə Heyətində müzakirə olunub, ümumi qərarımız belə oldu ki, quruma getməyək".
Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası siyasi perspektivi olmayan qurum kimi səciyyələndirilsə də, Real Hərəkatının gənclər arasında nüfuzu var. Qurumun lideri İlqar Məmmədov həbsdədir, onun və Real hərəkatının Avropa ilə müəyyən əlaqələri var. Real hərəkatı bir sıra yerli və xarici müşahidəçilər tərəfindən "yeni müxalifət", "üçüncü qüvvə" kimi xarakterizə olunur. Bu qurumun da Milli Şuradan kənarda qalması yaxşı nəticələr doğurmayacaq. Belə görünür ki, Milli Şura İctimai Palatanın bir az geniş forması kimi yaradılacaq. Müsavatsız yaradılarsa, Milli Şura ümumiyyətlə, gözlənilən effekti verməyəcək. Müsavat Partiyası kənara çəkilməsə, Milli Şura dörd siyasi qüvvənin birliyi kimi ortaya çıxacaq. İndidən bəllidir ki, qurumda Müsavat, AXCP, El hərəkatı və Ziyalılar Forumunun əsas simaları cəmləşəcək. Siyasi partiyalar arasında baş verən intriqalar qurumun ağsaqqallıq funksiyasına mane olacaq. Böyük ehtimalla, Milli Şura 2003-cü ilin oktyabrında Londonda dörd partiyanın elan etdiyi Demokratik Sabitlik İttifaqına bənzər, qeyri-işlək qurum kimi təsis ediləcək. Müsavat seçkiyə köhnə müttəfiqləri ilə gedəcək, Əli Kərimli namizəd olsa, "Səkkizlər"in dəstəyinə ümid edəcək.

Ərhun Abbas

vvəyə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00