“El”, Milli Şura adlanan qurumların yaradılması seçkiyə hesablanıb - RƏY
Mübariz Qurbanlı: “Bu cür qurumların yaranması siyasi şou səviyyəsindən uzağa gedə bilməyəcək”
14 May 2013 15:40 SiyasətPrezident seçkiləri yaxınlaşdıqca siyasi arenada fəallıq müşahidə olunur. Seçkilərin rəsmən elan olunmamasına baxmayaraq artıq bir sıra siyasi qurum öz namizədini elan edib. İllərlə "vahid namizəd" ideyası ətrafında müzakirələr aparan müxalifət artıq bir neçə namizədini müəyyən edib. Ancaq görünən odur ki, müxalifət düşərgəsindən olan namizədlər bundan siyasi spekulyasiya vasitəsi kimi istifadə etməyə çəhd edir. Hazırda gündəmi yeni yaradılan və ya yaradılacaq siyasi qurumların taleyi zəbt edib ki, hələlik həmin qurumların konkret hansı məqsədlə, yaxud ideya ətrafında yaranması elə təsisçilərin özünə də qaranlıq qalıb. "El", Milli Şura kimi qurumların taleyi dediklərimizə bariz nümunədir. Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki,
Azərbaycanda hər kəs qanun çərçivəsində qrup, hərəkat, birlik, digər siyasi təşkilat yarada bilər. "El", Milli Şura adlanan və bu tipli digər qurumların yaradılması da seçkiyə hesablanmış hadisədir. Bunlar bütün seçkilər dövründə müşahidə olunub, indi-növbəti prezident seçkiləri ərəfəsində də müşahidə olunmaqdadır:
"Biz-indiki hakimiyyət də ölkəmizdə dəfələrlə demokratik seçkilər keçirmişik, o cümlədən, növbəti seçkilərin də demokratik, açıq, şəffaf şəkildə keçirilməsi niyyətində, əzmindəyik və heç kimin şübhəsi olmasın, bu, belə də olacaq".
Millət vəkilinin eyni zamanda qeyd edib ki, Eldar Namazovla Rüstəm İbrahimbəyovun ətrafına toplaşan şəxslər də ölkənin ictimai-siyasi rəyinə və bütövlükdə siyasi hakimiyyət uğrunda mübarizənin gedişinə ciddi təsir edəcək insanlar deyillər: "Hər iki qurumda da daha çox Eldar Namazovun adı çəkilir. Bu şəxs əvvəllər də bir neçə ad altında müxtəlif qurumlar yaradaraq parlament seçkilərinə və digər seçkilərə qatılıb, ancaq orada da elə bir ciddi uğur qazanmayıb. O yenə də istədiyi qurumu müxtəlif adlar altında yarada bilər. Demokratiyadır, biz ona irad tuta bilmərik. Ümumiyyətlə, heç kimə irad tuta bilmərik ki, sən niyə siyasi qurum yaradırsan və ya sən niyə seçkiyə qatılırsan? Amma bizim proqnozlarımız, araşdırmalarımız onu deməyə əsas verir, "El", Milli Şura adlanan təşkilatlar əslində daha çox Eldar Namazovun ətrafında olan dəstədir. O dəstədə toplaşanlar da, öncə qeyd etdiyim kimi, Azərbaycanın ictimai-siyasi həyatına ciddi təsir göstərməyə və öz ətrafına müəyyən sosial baza toplamağa qadir deyil. Digər tərəfdən Azərbaycanda siyasi palitra bəllidir- iqtidar, iqtidarın siyasətini müdafiə edən siyasi partiyalar, o cümlədən, müxalifət və müxalifətin içərisində konstruktiv fəaliyyət göstərən müxalifət partiyaları və radikalyönümlü müxalifət partiyaları. Həmin siyasi palitra ilə də biz təhlil aparmış olsaq, o zaman bu gün iqtidar və iqtidarı müdafiə edən siyasi qüvvələrin bütövlükdə Azərbaycan elektoratının böyük əksəriyyətini əhatə edə bildiyini görə bilərik. Qalır yerdə konstruktiv müxalifət və radikalyönümlü müxalifəti hansısa formada müdafiə edən azlıq". M.Qurbanlı iddia edir ki, xüsusilə, "El" adlanan qrup əgər müəyyən sosial baza axtarmaq istəsə, bunu həmin konstruktiv və qeyri-konstruktiv mövqedə dayanan qüvvələrin sosial bazası içərisində axtarmalı olacaq: "Yəni, azlıq içərisində azlıq axtaracaq. Eldar Namazovun "El"-i sosial bazası məhdud olan radikalların söykəndiyi elektoratın müəyyən hissəsini öz tərəfinə çəkmək istəyəcək. Bu da heç şübhəsiz istənilən nəticəni verməyəcək. Yəni, politoloji təlim var, sosioloji təlim var. Ona görə də həmin qurumun yaranması Yeni Azərbaycan Partiyası üçün, onun seçki taktikası, seçki strategiyası üçün elə bir təsiredici hadisə sayıla bilməz. Bütövlükdə mən "El" təşkilatının bəyan olunmasını, yaxud da, Milli Şuranı Azərbaycan ictimai-siyasi həyatında ciddi hadisə hesab etmirəm. Bu sağlam bir prosesdir, sürəcdir və bu sürəcə qatılanlar da suyun üstünə çıxmaq üçün "biz də varıq" deyərək fəaliyyətdə bulunmaq niyyətindədirlər". Onun sözlərinə görə, sözügedən qurumlar nəticə etibarilə hansısa bir siyasi nailiyyətə imza ata bilməzlər: "Ümumiyyətlə, kimlər nə istəyirlərsə, buyursunlar, yaratsınlar, bu, bizi narahat etmir. Və onların hay-küylü, dəbdəbəli bəyanatları da bizi narahat etmir. Çünki əgər arxasında siyasi güc, siyasi elektorat, bütünlükdə əhalinin müəyyən təbəqələri dayanmırsa, cəmiyyətə təsir etmək imkanına malik deyilsə, bu cür qurumların yaranması siyasi şou səviyyəsindən, siyasi teatr səviyyəsindən uzağa gedə bilməyəcək."
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev qeyd edib ki, Milli Şura yaransa da, bu ölkənin siyasi həyatında heç nəyi dəyişməyəcək. Onsuz da radikal müxalifət düşərgəsində təmsil olunan insanlar zaman-zaman müxtəlif adlar altında birləşir, dağılırlar, bu da növbəti ad dəyişikliklərindən biri olacaq. Çünki ortalıqda səmimiyyət yoxdur: "Milli Şura əsasən İctimai Palata üzvlərindən formalaşdırılacaq və buraya yalnız Eldar Namazov da daxil olmaqla 3-4 nəfərin adı əlavə olunacaq . İctimai Palata onsuz da fəaliyyət göstərir. Əgər Rüstəm İbrahimbəyovun başqa məqsədləri və iddiaları olmasaydı, o, Eldar Namazova tövsiyə edərdi ki, sən də get qoşul İctimai Palataya. Yəni, artıq pis-yaxşı bir struktur var, bir qurum olaraq tanınıb və sair.
Bu onu göstərir ki, Rüstəm İbrahimbəyovun "mənim heç bir iddiam yoxdur" deməsinə baxmayaraq, əslində çox böyük iddiaları var və xüsusi missiya, tapşırıq yerinə yetirir. Göstərmək istəyir ki, baxın mən bunları səfərbər etdim, mən bu adamları Milli Şura adı altında birləşdirdim. Mənim rəhbərliyim, siyasi liderliyimlə bu işlər baş tutdu". BAXCP sədri bir daha təkrar edib, onsuz da İctimai Palata fəaliyyətdə idi və söhbət bu qurumdan kənarda qalan 3-4 nəfərdən gedirdi:
"Əgər doğrudan da, bu 3-4 nəfər səmimi olaraq birlik tərəfdarıydılarsa, hakimiyyətin dəyişməsini istəyirdilərsə, o zaman gedib qoşulardılar İctimai Palataya. Amma bilirlər ki, İctimai Palata başqa qüvvələrin təşəbbüsü ilə yaranıb. Bu məsələdə ambisiyalar çox önəmli rol oynayır. Əksər hallarda isə bu insanlar ambisiyalardan geriyə çəkilə bilmirlər. Çünki onlara arxalarındakı güclər tərəfindən geri çəkilməyə icazə verilmir. O güclərin də məqsədi heç də Azərbaycanda hakimiyyətin dəyişdirilməsi deyil. Məqsəd Azərbaycanda formalaşdırdıqları kiçik qruplar vasitəsilə ölkə iqtidarına təzyiq göstərmək, Azərbaycanı hansısa güzəştlərə getməyə, öz suveren hüquqlarından geri çəkilməyə sövq etməkdir. Bu baxımdan Milli Şura doğulmadan ölmüş bir qurumdur".
Onu da qeyd edək ki, adətən R. İbrahimbəyov eks-spiker Rəsul Quliyevlə yaxşı münasibətlərinin olduğunu bildirir. Amma nədənsə Rəsul Quliyevin ətrafında yaradılan Məşvərət Məclisində təmsil olunan şəxslər Milli Şurada yer almayıblar.
Q. Həsənquliyev bununla bağlı qeyd edib ki, bu, bir daha sübuta yetirir ki, R. İbrahimbəyov müstəqil qərar qəbul etmək iqtidarında deyil və o, Moskvadan verilən təlimatları icra edir: "Burada məsələ bilavasitə Rəsul Quliyevlə bağlıdır. Rəsul Quliyev isə ABŞ-da oturub və görünür, Rusiyanın ona etimadı yoxdur".
Alim