Müsavat birliyə mane olur
Partiya bilərəkdən mərkəzdənqaçmanı sürətləndirir
13 May 2013 18:52 SiyasətZiyalılar Forumunun siyasi təşəbbüsü, Milyarderlər İttifaqının maliyyə dəstəyi ilə qurulan Milli Şura ayın sonunda elan edilə bilər. Bu barədə məlumatı El hərəkatının rəhbəri Eldar Namazov verib. El rəhbərinin sözlərinə görə, müxalifət düşərgəsində ümumi razılıq var və qurum mayın 28-də elan edilə bilər. Namazov Milli Şura haqqında xoş sözlər desə də narahatlığını da gizlətməyib. Onun sözlərinə görə, son 20 ildə Azərbaycanda Milli Şura səviyyəsində müxalifətin geniş birliyi heç vaxt olmayıb. Bununla belə müxalifətin daha geniş birliyinin yaranmasına əngəl olan qüvvələr var: "Ötən bir həftə ərzində Milli Şuranın yaranması istiqamətində bir sıra addımlar atılsa da, maneələrin hamısı tam aradan qaldırılmayıb. Problemlər qalıb, onları da yaxın günlərdə həll edəcəyik. Deyə bilərəm ki, proses artıq son mərhələdədir". El hərəkatının lideri əslində müxalifətçi elektoratı ümidləndirmək üçün bu cür nikbin danışır. Milli Şuranın, müxalifətin daha geniş birliyinin yaranmasına mane olan qüvvələr var və qüvvənin başında Müsavat dayanır. Bu partiya açıq-aşkar birliyinə mane olan siyasət yürüdür. Müsavat Partiyası Milli Şuranın onun üçün qurulmuş tələ olduğunu bilir. Milli Şura hər partiyadan müəyyən nümayəndələr olmaqla təsis ediləcək. Bu prinsip partiyaların imkanlarını azaldır. İndiyə qədər müxalifət daxilində bu cür birlik modeli olmamışdı. Partiyalar bərabərhüquqlu şəkildə birləşir, qərarları kollegial şəkildə qəbul edirdilər. Milli Şurada belə olmayacaq. Əvvəla, sədr olmasa da Milli Şuranın Rüstəm İbrahimbəyovun mənəvi liderliyi altında qurulacağı gün kimi aydındır. Maliyyə İbrahimbəyovun nəzarətində olacaq. Deməli, o kimi istəsə, vahid namizəd də o olacaq. Müsavat başqanı İsa Qəmbərin Milli Şurada namizəd kimi qəbul olunması tamamilə mümkün olmayan məsələdir. Ona görə də, İsa Qəmbər "harda birinci olmayacamsa, orda yoxam" prinsipi ilə hərəkət edərək Milli Şuranın yaranmasına mane olur. Müsavat rəhbərləri üzdə Milli Şuranın yaranmasına razı görünsələr də, bu qurumun geniş formatda yaranmasına, yaransa belə, effektli fəaliyyətinə mane olacaqlar. Xaliq Bahadırın "Müsavat tapşırıq yerinə yetirir" ittihamı ilə razılaşmamaq da olar. Müsavatın müxalifətin geniş birliyinin yaranmasına mane olması sadəcə, partiyanın fərdi maraqlarından başqa bir şey deyil. Partiya müxalifətdə öncül mövqeyini itirmək, sədrinin namizədliyini irəli sürərək siyasi və maddi dividentlər qazanmaq imkanını əldən vermək istəmir. Son günlər Müsavat başqanı İsa Qəmbərin müxtəlif rayonlardan olan müsavatçılar, ziyalılarla görüşməsi protest elektoratında ən azından Milli Şuraya inamsızlıq yaradır. Bu cür görüşlərlə 2003-cü il ovqatını bərpa etməyə çalışan Müsavat başqanı cəmiyyətə mesaj vermiş olur: müxalifət hansı qərarı qəbul edir-etsin, biz namizədlikdən geri çəkilməyəcəyik. Müsavat bu görüşləri keçirməklə perspektivdəki vahid namizəd danışıqlarına hazırlaşır. Danışıqlar zamanı "biz adamlar, ağsaqqallarla görüşmüş, onlara vəd vermişik" tipli açıqlamalar olacaq. Əli Kərimlinin yaxın adamı sayılan Xaliq Bahadırın İsa Qəmbərə yönəlik "Müsavatı biznes obyekti kimi işlədir" ittihamı boşuna deyil. Görünür, Müsavat rəhbərliyi illərlə əldə olunmuş siyasi dividenti maddi gəlirə çevirmək yollarını arayırlar. Onlar seçkiyə də bu üzdən gedir, Milli Şuranın yaranmasına da bu üzdən mane olurlar.
Müsavatın bu tərsliyi müxalifət daxilində ciddi parçalanmalara səbəb olacaq. Müsavat müttəfiqlərini inandıra bilsə, Milli Şuranın işinə boykot etməyi bacaracaq. AXCP təbliğat işində irəli düşsə, Müsavatın özü parçalanmadan yan keçə bilməyəcək.
Hüseyn Meşkinli