Asim Mollazadə Türkiyədəki terror aktına münasibət bildirdi

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı ilə bağlı Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşquna məktub göndərib. DİP mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,  məktubda terror  nəticəsində onlarla insanın həyatını itirməsi xəbərindən sarsıldığını vurğulayan millət vəkili bu faciəli hadisənin insanlıq əleyhinə həyata keçirilmiş aktlardan biri olduğunu qeyd edib. "Bu aktın nəticəsində təkcə insanlar ölməyib və xəsarət almayıb, eyni zamanda çoxlu sayda insanın təhlükəsizliyi şübhə altına salınıb, onlar ölümlə üz-üzə qoyulub. Bu təkcə Türkiyə vətəndaşlarına qarşı deyil, dünyada sülh və sabitlik istəyən bütün xalqlara qarşı törədilmiş mənəvi barbarlıq nümunəsidir".Millət vəkili səfirə başsağlığı verib, həmçinin ondan qardaş Türkiyənin prezidentinə, baş nazirinə və xalqına, faciədə həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırmağı rica edib! Yaralılara şəfa diləyib. Bu cinayəti törədənlərin tezliklə aşkara çıxarılaraq layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00