Əli Kərimlinin adamından Müsavata ağır ittihamlar - SİYASİ ŞƏRH
İki əsas müxalifət partiyası arasında ittifaq pozula bilər
13 May 2013 14:53 SiyasətMüsavat Partiyasının çoxbaşlı oyunu AXCP-nin əsəblərini pozdu. İndiyə qədər təmkinini qoruyan AXCP yetkililəri İsa Qəmbərin oyunlarına dözmək fikrində deyillər. AXCP Ali Məclisinin sədri Həsən Kərimlinin ötən həftə verdiyi bəyanatdan sonra zatən bəlli idi ki, iki partiya arasında müttəfiqlik pozulmaq üzrədir. AXCP Müsavatdan gözlədiyini ala bilmədi, İsa Qəmbər Əli Kərimlinin vahid adaylığına razı olmadı. Ziyalılar Forumu Milli Şura yaradır, amma Müsavat bu qurumun yaranmasında maraqlı görünmür. Keçirilən əksər rəy sorğularında AXCP sədri Müsavat başqanını üstələyir. Belə bir durumda İctimai Palatada müttəfiqlik AXCP-ni Müsavatın yedəyinə çevirə bilər. Ona görə də AXCP rəsmiləri tələsir. Onlar Müsavatla müttəfiqliyin pozulmasına çalışırlar. Müxalifətdə "dərin AXCP" kimi tanınan Azadkənd qrupunun lideri, ağsaqqalı (o AXCP üzvü olasa da, Əli Kərimlinin adamı olaraq bilinir) Xaliq Bahadırın mətbuata verdiyi müsahibə, Müsavat rəhbərliyinin, İsa Qəmbərin, Arif Hacılının hədəfə alınması onun öz fəaliyyəti kimi dəyərləndirilə bilməz. Doğrudur, yəqin ki, Əli Kərimli məsələyə "Xaliq Bahadır müstəqil adamdır, məni də tənqid edir" deyə reaksiya verəcək. Amma AXCP mətbəxinə bələd olanlar bilir ki, partiya rəhbərliyi həmişə demək istədiyini Xaliq Bahadırın dili ilə deyir. Digər müxalifət partiyalarında da belə adamlar var. Müsavat demək istədiyini Yaşar Türkazər, KXCP Elman Türkoğlunun dili ilə izhar edir. Xaliq Bahadırın bu qəzəbli müsahibəsi əslində Əli Kərimlinin mövqeyidir. Xaliq Bahadır müxalifətdə "mütəşəkkil cinayəkar dəstənin olduğunu" bildirir. Ad çəkməsə də, söhbətin İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyündən getdiyi məlumdur. O, yeni formalaşmağa başlayan Milli Şuranın Müsavat tərəfindən dağıdılacağını bildirir. Onun fikrincə, İctimai Palatanı da dağıdan Müsavat yetkililəri olub. Xaliq Bahadır Milli Şuranın perspektivindən narahatdır: "Oyunçular ayrı olsaydı, bəlkə də Milli Şuradan nəsə gözləmək olardı. Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək".
Arif Hacılının müxalifətdə separatçılıq etdiyini bildirən AXCP rəsmisi deyir: "Arif Hacılı iki övladını xaricdə oxudur, amma mənim uşaqlarım hələ xaricdə olmayıb: "Hansı pulla oxudur? Amma mən uşaqlarımı burda oxutmağa pul tapmıram. Hələ çoxlu başqa faktlar var, onları demirəm. Hər şey gün kimi aydındır. İctimai Palata bu məsələlər üzündən hələ o vaxtdan dağıldı". Xaliq Bahadırın İsa Qəmbərə yönəlik ittihamları daha sərtdir: "İsa Qəmbər Müsavatdan gedən deyil. Müsavat niyə qurultay keçirmir? Yalandan deyirlər ki, guya qurultay üçün yer vermirlər. Onlar qurultay keçirməmək üçün yer söhbətini problemə çeviriblər. Mən 2010-cu ildən bəri deyirəm ki, Müsavat qurultay keçirməyəcək. Artıq proqnozlarım özünü doğrultmaqdadır. Bütün dünyada belədir ki, partiya qurultay keçirir və prezidentliyə namizədliyini elan edir. Amma Müsavatın Divanı yığışaraq qərar verir ki, İsa Qəmbər prezidentliyə namizəd olacaq. Bütün bunlar onu göstərir ki, Müsavat müttəfiq olmağı, geniş birliyin yaranmasını istəmir". Bu ittihamlar olduqca sərtdir və Müsavatı küsdürə bilər. Onsuz da Müsavat Milli Şuraya qoşulmamaq üçün bəhanə axtarır. Xaliq Bahadırın sərt açıqlamaları Müsavatı birlikdən uzaqlaşdıra bilər. Görünür, AXCP bu perspektivi də hesablayıb. Müsavat Milli Şuraya qoşulmasa, İsa Qəmbər-Pənah Hüseyn-Arif Hacılı üçlüyünə qarşı ciddi qara piar kampaniyası başlanacaq. Növbəti mərhələdə AXCP narazı sosial bazanın Müsavatdan qopmasına nail olmaq əzmindədir.
Ərhun Abbas