ABŞ Türkiyəni Suriya ilə müharibəyə təhrik edir - FİKİR
Elşən Manafov: “Birləşmiş Ştatlar Suriyaya qarşı hərbi müdaxilələrdə birbaşa iştirak etmək fikrində deyil”
13 May 2013 14:34 SiyasətHatay vilayətinin Reyhanlı qəsəbəsində törədilən terror aktı ilə bağlı Türkiyə hakimiyyət dairələri Suriyanı ittiham edib. Suriya Prezidenti Bəşər Əsəd isə baş verən terror aktının onlar tərəfindən törədilməsi ilə bağlı ittihamları rədd edib. Qeyd edək ki, rəsmi Ankara Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktının Suriyadakı rejimə bağlı "Əl-Mühabürat" qruplaşması tərəfindən törədildiyini açıqlayıb. Politoloq Elşən Manafov hesab edir ki, Türkiyə-Suriya sərhədində baş verən terror hadisəsini müəyyən qüvvələrin Türkiyəni Əsəd rejimilə müharibəyə sürükləmək siyasəti kimi dəyərləndirmək olar: "Məsələdə maraqlı məqam ondan ibarət idi ki, ABŞ Suriyaya qarşı hərbi müdaxilələrdə birbaşa olaraq iştirak etmək fikrində deyil. Birləşmiş Ştatlar özünün Qərbdəki müttəfiqlərini Suriyaya qarşı müharibəyə təhrik etmək istəyir. Fransa da ciddi şəkildə Suriya müxalifətini silahlandırır. İstisna etmək olmaz ki, ABŞ Türkiyəni də bu müharibəyə çəkmək istəyir. Çünki, Türkiyə NATO üzvüdür və buna görə türklərin Suriyaya qarşı hərbi əməliyyatlara başlaması faktiki olaraq Şimali Atlantik Alyansının müharibəyə girişməsi demək olacaq. Türkiyə Suriyaya qarşı müharibəyə başlayacağı təqdirdə Moskva ilə Ankara arasında gərginliklər yaşana bilər. Eyni zamanda Qərb-Rusiya münasibətləri də korlanacaq. Ərdoğan iqtidarı zaman-zaman Qərb tərəfindən İslamçı siyasi qüvvə kimi dəyərləndirilib. Türkiyə-Suriya müharibəsinin başlanması rəsmi Ankara ilə İran münasibətlərini də gərginlik altında saxlayacaq. Bu da təbii ki, ABŞ-ın bulanıq sudan balıq tutmaq həvəsindən irəli gəlir. Lakin Türkiyənin belə bir avantüraya cəlb olunması inandırıcı deyil, rəsmi Ankaranın da bu siyasi oyuna qoşulacağını əvvəlcədən demək doğru olmazdı. Digər tərəfdən Türkiyə hələlik PKK kimi təhlükəli düşmənilə məsələlərə aydınlıq gətirməyib. Bir müddət əvvəl PKK ilə Türkiyə arasında razılaşmanın olduğu deyilirdi. Lakin sonradan məlum oldu ki, iki tərəf arasında olan razılaşma blefdən başqa heç nə deyil. Ona görə də Türkiyənin eyni anda bir neçə istiqamətdə müharibə aparacağı onun dövlət və milli maraqlarına uyğun gəlmir". ("OLAYLAR" İA)