“... Müxalifət düşərgəsində ciddi problemlər var” - AÇIQLAMA
Ərəstun Oruclu: “İP daxilində prezident seçkiləri, vahid namizəd, söz atmacaları və polemikalarla bağlı çəkişmələr də qurumun öz funksiyasını itirməsinə səbəb oldu”
13 May 2013 14:33 Siyasət"Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz "işlərini" görəcək. Əli Kərimli də o dəstəyə qoşulub". AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır mətbuata verdiyi açıqlamada belə deyib. Xaliq Bahadırın açıqlamasının kəskin ittihamlarla zəngin olduğunu və AXCP üzvünün həmin proseslərin içərisində olduğundan nələrin baş verdiyini çox gözəl bildiyini deyən politoloq Ərəstun Oruclunun sözlərinə görə onun müxalifət daxilindəki sonuncu fəaliyyətinin İctimai Palatada olduğu vaxta təsadüf etdiyindən məsələni dəyərləndirmək onun üçün çox çətindir: "AXCP rəsmisi belə bir açıqlama verirsə, yəqin ki, müxalifət düşərgəsində ciddi problemlər var". Ə.Oruclu Milli Şuranın yaradılması ilə bağlı məsələyə toxunaraq bildirdi ki, yaradılması planlaşdırılan qurum haqqında indidən proqnozlar vermək düzgün deyil: "Çünki, onun yaranıb yaranmayacağı hələ sual altında olan məsələdir: "Bu gün Milli Şura ilə bağlı yalnız kimlərin oraya dəvət alıb almayacağı və hansı təşkilatların orada birləşməsi məsələləri müzakirə edilir. Qurumun konkret platforması açılandan sonra onun fəaliyyəti ilə bağlı fikirlər səsləndirmək mümkün olacaq". İctimai Palatanın uğursuzluğunun əsas səbəbinin qurumun qarşısına qoyduğu məqsədlərə çata bilməməsi olduğunu deyən politoloq hesab edir ki, İP faktiki olaraq qarşısına qoyduğu məqsədləri kənara qoyaraq siyasi məhbusların azad olunması məsələsini qabağa çəkdi: "Sonra da İP daxilində prezident seçkiləri, vahid namizəd, söz atmacaları və polemikalarla bağlı çəkişmələr də qurumun öz funksiyasını itirməsinə səbəb oldu". ("OLAYLAR" İA)