Azərbaycan-Uruqvay münasibətləri: uzaq ölkədə yaxın dostlar
13 May 2013 14:11 SiyasətKeçən həftə ərzində Uruqvay parlamentinin dəvəti ilə Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu üzvlərinin Uruqvay Respublikasına ilk rəsmi səfəri həyata keçirilmişdir. Bu səfər parlamentlərarası əlaqələri genişləndirməklə iki ölkə arasında mədəni-iqtisadi əlaqələrin təşviqinə və hər iki ölkənin beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə xidmət edirdi. Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay dostluq qrupunun sədri Cavanşir Feyziyev və dostluq qrupunun üzvü, millət vəkili Aslan Cəfərov, eləcə də ölkənin beş nüfuzlu şirkətinin rəhbərlərindən ibarət olan nümayəndə heyəti Uruqvay Şərq Respublikasının paytaxtı Montevideo şəhərinə gəlmişdir. Azərbaycan nümayəndə heyətinin ilk rəsmi görüşləri Uruqvay Parlamentində olmuşdur. Əvvəlcə qonaqlar yüz il əvvəl inşa edilmiş və bu gün də Mərkəzi Amerikada ən gözəl memarlıq abidələrindən biri sayılan Parlament Sarayı ilə tanış olmuşlar. Daha sonra azərbaycanlı qonaqları Uruqvay Nümayəndələr Palatasının sədri cənab German Kardoso qəbul etmişdir.
Parlamentdə növbəti görüş Azərbaycanın da üzv olduğu Parlamentlərarası İttifaqda təmsil olunan Uruqvay nümayəndə heyətinin üzvləri və o cümlədən hal-hazırda bu beynəlxalq qurumun vitse-prezidenti vəzifəsini daşıyan Uruqvaylı senator İvonne Possada ilə keçirildi. Görüşdə hər iki ölkənin parlamentarizm ənənələri sahəsində təcrübə mübadiləsində maraqlı olduğu və parlamentlərarası əlaqələrin digər sahələrdə də əməkdaşlığın inkişafına qarşılıqlı fayda gətirəcəyinə inam ifadə olundu.
Daha sonra Uruqvay Parlamentində 10 nəfərdən ibarət Uruqvay-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirildi. Görüşdə iştirak edən Uruqvaylı deputatlar keçən il Azərbaycana etdikləri səfərdən məmnun qaldıqlarını və Azərbaycan nümayəndə heyətinin qarşılıqlı səfərini alqışladıqlarını bildirdilər.
Azərbaycan nümayəndə heyəti Uruqvayın Xarici İşlər Naziri cənab Luis Almaqro ilə də görüşdü. Nümayəndə heyətini salamlayan Xarici İşlər Naziri region haqqında qismən məlumatlı olduğunu, ölkəsinin regionda baş verən hadisələri diqqətlə izlədiyini və Azərbaycan-Uruqvay münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, hər iki ölkənin müxtəlif qurumları arasında yaranmaqda olan əməkdaşlıq meyllərini dəstəklədiyini bildirdi. Nazir Luis Almaqroya regionun və eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında, Azərbaycanın Qafqazda və eləcə də Avropa ilə Asiyanın qovşağında yerləşməklə daha geniş bir regionda oynadığı müstəsna rol barəsində geniş və ətraflı məlumat verildi. Azərbaycanın dünyəvi, sülhpərvər, multikultural və tolerant bir ölkə olduğu, bunun dünya birliyi tərəfindən dəyərləndirildiyi və nəticə etibarı ilə Azərbaycanın yeritdiyi müstəqil siyasətin beynəlxalq birlik tərəfindən bəyənilərək onun uğurla TŞ-na qeyri-daimi üzv seçildiyi nazir Almaqronun diqqətinə çatdırıldı.
Azərbaycan nümayəndə heyətinin daha bir maraqlı görüşü Uruqvay Heyvandarlıq, Kənd təsərrüfatı və Balıqçılıq naziri Tabare Aqerre ilə oldu. Qonaqları salamlayan cənab Tabare Agerre nümayədə heyətinin üzvlərinə bütövlükdə Latın Amerikası regionunun iqtisadi xüsusiyyətlərindən danışdı və öz ölkəsindəki iqtisadi inkişaf dinamikası barədə ətraflı məlumat verdi. Azərbaycan nümayəndə heyəti öz növbəsində Azərbaycanın müstəqillik dövründə keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan iqtisadiyyatının regionun inkişafında oynadığı roldan, eləcə də Azərbaycanın regionda irihəcmli beynəlxalq iqtisadi layihələrin bilavasitə təşəbbüskarı və iştirakçısı olmasından danışdı. Millət vəkili Cavanşir Feyziyev 20 illik müstəqillik tarixi ərzində ardıcıl iqtisadi islahatları uğurla həyata keçirərək Azərbaycanın sərmayə idxal edən olkədən sərmayə ixrac edən ölkəyə çevrilməsi haqqında nazir T.Agerreyə ətraflı məlumat verdi. Uruqvaylı nazir öz ölkəsində kənd təsərrüfatı sənayesinin mövcud vəziyyətini təsvir edən və öz ölkəsinin kənd təsərrüfatı imkanları haqqında ətraflı informasiya verən təqdimatla çıxış etdi.
Azərbaycan nümayəndə heyəti Uruqvaya davam edən səfəri çərçivəsində Uruqvay Dövlət Gömrük Komitəsində də qəbul olunmuşdur. Uruqvay Dövlət Gömrük Komitəsinin Direktoru Enrike Kanon nümayəndə heyətimizə Uruqvay Gömrük sistemindən, eləcə də ölkənin ixrac-idxal potensialı və bu fəaliyyətin həyata keçirilməsində gömrük orqanlarının rolundan, Uruqvay ərazisində qonşu ölkələr üçün göstərilən tranzit nəqliyyat xidmətinin özəlliklərindən bəhs edən təqdimat olundu. Daha sonra nümayəndə heyətinin üzvləri ölkə ərazisinə daxil olan yüklərin hərəkətini peyk sistemi vasitəsilə izləməyə imkan verən monitorinq laboratoriyasında olaraq mütəxəssislərin fəaliyyəti ilə tanış oldular.
Səfərin davam etdiyi bir həftə ərzində Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu ilə birlikdə Azərbaycandan Uruqvaya gəlmiş iş adamları da Uruqvay əczaçılıq sənayesinin iri ixracatçıları ilə faydalı görüşlər keçirməyə müvəffəq oldular. Hələ səfərin ilk günündə Milli Məclis üzvləri və iş adamları Trust Konsultinq şirkətinin ofisində oldular. İki saata yaxın davam edən görüşdə Trust Konsultinq şirkətinin rəhbərliyi tərəfindən nümayəndə heyətimizin üzvlərinə Uruqvayın qtisadiyyatı, vergi və bank-maliyyə sistemi haqqında, ölkənin iqtisadi qanunvericilik bazası və ölkədə hökm sürən əlverişli biznes mühiti haqqında ətraflı məlumat verildi.