“İvanişvili Azərbaycandan mənfəət güdür”
Zəlimxan Məmmədli: “Əgər gürcü baş nazir bu işdə də səmimi addım atarsa, Azərbaycan tərəfdən də Gürcüstanın maraqlarının təmin olunması üçün münbit şərait yaranmış olacaq”
13 May 2013 12:43 SiyasətGürcüstanın Baş naziri Bidzina İvanişvili ölkənin energetika naziri vəzifəsinə milliyətcə azərbaycanlı olan Ramilə Əliyevanı təyin etməyi planlaşdırır. Bu barədə yerli mətbuata "Gürcü Arzusu" koalisiyasından bildirilib. Gürcüstanın energetika və təbii resurslar naziri Kaxa Kaladze prezidentliyə namizəd kimi irəli sürüldüyü halda Ramilə Əliyeva onun yerinə keçəcək. Politoloq Zəlimxan Məmmədli hesab edir ki, Bidzina İvanişvilinin bu addımı müəyyən siyasi addımlara hesablanmış gedişdir, siyasətdə atılan hər bir addımın arxasında mənfəət güdmək dayanır. Z.Məmmədlinin sözlərinə görə İvanişvilinin isə hansı mənfəəti nəzərdə tutduğu məlum deyil, amma mahiyyət etibarilə Gürcüstanda Borçalı türkləri ölkənin ictimai-siyasi həyatında və dövlətçilik işində mühüm faktordur və bu amil gürcü hakimiyyəti tərəfindən nəzərə alınmalıdır: "Həmçinin etiraf olunmalıdır. İvanişvili baş nazir postuna keçməmişdən qabaq verdiyi bir sıra sözlərə əməl etməlidir. Çox təəssüflər olsun ki, hələlik İvanişvili həmin sözləri yerinə yetirmir. Əgər gürcü baş nazir bu işdə də səmimi addım atarsa, Azərbaycan tərəfdən də Gürcüstanın maraqlarının təmin olunması üçün münbit şərait yaranmış olacaq". ("OLAYLAR" İA)