“Rəhim Qazıyev Şuşanı boşaltdı” - AÇIQLAMA

Cümşüd Nuriyev: “Şuşada kimlər ki, qalıb vuruşmaq istəyirdi, onları snayperlərlə tək-tək aradan götürürdülər”

"Rəhim Qazıyev Şuşanın işğal olunması ilə bağlı məsuliyyəti öz üzərindən atmaqla deyil, çünki həm istintaqın nəticəsi, həm bütün arxiv materialları göstərir ki, Şuşa işğal ounmamışdan qabaq bununla əlaqədar Elbrus Orucov göstəriş verib. Vertolyotlar Şuşaya gələrək Azərbaycan Silahlı Qüvvələrinə məxsus əhəmiyyətli postları darmadağın edib!". Politoloq Cümşüd Nuriyev sabiq müdafiə naziri Rəhim Qazıyevin Şuşanın işğal olunması ilə bağlı onun barəsində irəli sürülən ittihamları rədd etməsinə məsələsinə münasibət bildirərkən belə deyib. C.Nuriyevin sözlərinə görə, Şuşanın işğal olunması ərəfəsində artıq şəhər ətrafındakı minalanmış sahələr 92-ci ilin mayın 5-dən açılmışdı. Politoloq qeyd edib ki, 1992-ci ilin mayın 5-də C.Nuriyev parlamentdə Şuşanın işğal olunacağı təhlükəsini elan edib: "Məsələdən yaxa qurtarmaq üçün ən asan yol məsuliyyətdən boyun qaçırmaqdır. Çünki, hadisələrin gedişi birmənalı şəkildə onu göstərdi ki, Şuşanın əldən getməsi o vaxtki Azərbaycanın Müdafiə Nazirliyinin nəinki yarıtmaz fəaliyyətinin nəticəsi idi və işğal planı qurumun Rusiyanın Müdafiə Nazirliyi ilə əldə etdiyi gizli razılaşmaya əsasən həyata keçirilib. Çünki, Şuşa işğal olunmasaydı Qarabağla bağlı problem ortaya çıxmayacaqdı. Qarabağdakı texnikanın boşladılmasında o dönəmki hakimiyyətin günahıdır və həmin məsuliyyətin böyük hissəsi indi prezident olmaq istəyənlərin payına düşür. Rəhim Qazıyevin hərbi günahı varsa, həmin şəxslərin də siyasi məsuliyyətləri var!". Politoloq bildirdi ki, 1992-ci ilin mayın 15-də Əbülfəz Elçibəyin komandası parlament binasının qarşısında Xocalı Soyqırımında Ayaz Mütəllibovun günahının olub-olmamasını müzakirə edəcəkdi. Bu məsələ gündəmə gəlməmişdən əvvəlcədən elan elədilər ki, Rəhim Qazıyev xəyanətkardır. Şuşa işğalı ərəfəsində Yaqub Məmmədovun başını aldadaraq İrana göndərdilər və mayın 7-də müqavilə imzalandı, ayın 9-da isə Şuşa işğal olundu: "Yaqub Məmmədovun ən böyük günahı o idi ki, Rəhim Qazıyevi müdafiə naziri təyin elədi, bundan böyük Azərbaycana zərbə ola bilməzdi. Qazıyev də hərbidən başı çıxmayan bir adam olub, o, gördü ki, burada hakimiyyət davası var, bir tərəfdən Şuşanı boşaltdı, digər tərəfdən AXCP hökuməti də ordu hissələrini bölgədən geri çəkdi. Şuşadan təkcə Ramiz Qəmbərov çıxmaq istəmirdi, ona görə də onu şəhərdə öldürdülər. "ANS" TV-nin nümayiş etdirdiyi kadrların hamısı sübut olunmuş məsələlərdir. Şuşada kimlər ki, qalıb vuruşmaq istəyirdi, onları snayperlərlə tək-tək aradan götürürdülər. Həmin əsnada Ağdam batalyonu da məhv edildi, lakin həmin prosesləri istintaq orqanları axıradək başa çatdırmadılar. Rəhim Qazıyev, Nail Kazımov Şuşa məsələsinə görə həbs olunduqları təqdirdə Elbrus Orucov haqqında eyni qərar qəbul edilmədi. Bu gün Şuşa və Laçınla bağlı xəyanətinin başında həmin dövrün hakimiyyət dairələri dayanır. Bunu İstintaq Komissiyasının materialları, orada vuruşan hərbçilər və yerli əhali də təsdiq etdilər. Şuşanın taleyi İraqda həll olunmuşdu, bu barədə məlumatlar rus kəşfiyyatından sızdırılmışdı. Tək Şuşa yox, Laçın və Kəlbəcər də xüsusi razılaşma əsasında gedib. Cinayətin əsl iştirakçıları azadlıqda gəzdikləri halda bu işdə məsuliyyəti olmayanları tutub içəri basdılar. Ona görə də Rəhim Qazıyevin məsuliyyəti öz üzərindən atması heç nəyi həll eləmir. Bu gün həmin günahın məsuliyyətini daşıyanlar həbs olunmalıdırlar, ciddi şəkildə cəzalandırılmalıdır. Onlar bu millətin torpağını sataraq hakimiyyətə gəldilər, lakin onu da əllərində qoruyub saxlaya bilmədilər. Yenə də milləti növbəti oyuna sürükləyirlər. Həmin işlərin başında Xalq Cəbhəsi hökuməti dururdu. İsa Qəmbər bu işlərdə o qədər də fəal iştirak etmirdi. Əsas dəstənin başında və Xalq Cəbhəsi dayanmışdı!". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00