“Rüstəm İbrahimbəyov kələfin ucunu itirib” - AÇIQLAMA
Qabil Hüseynli: “Kinodramaturq olasan, bu cür kosmopolit, antimilli fikirləri əzab çəkmədən söyləməyi bacarasan, bu hər adamın işi deyil”
10 May 2013 16:33 Siyasət"Prezident seçkilərində ölkədə böyük dəyişiklik olacaq və hakimiyyətə yeni şəxs gələcək. Bunun üçün mübarizəni davam etdirəcəyəm". Kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan mətbuatına açıqlamasında belə deyib. Kinorejissor Rüstəm İbrahimbəyovun açıqlamalarının heç bir siyasi və hüquqi əsasının olmadığnı deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə onun iddiaları Azərbaycan ictimai rəyində bəzi insanların beyinlərini qarışdırır: "Rüstəm İbrahimbəyov yuxarıda qeyd edilən fikirləri ciddi şəkildə dəyişdirərək bildirir ki: "Payızda da olmasa iki-üç ilə bu dəyişikliklərə nail olmaq üçün mübarizə aparacam". O, ciddi şəkildə siyasətlə məşğul olan adam deyil, eyni zamanda İbrahimbəyovun açıqlamaları populizmə, qəzəbə söykənir. Kinodramaturq birmənalı şəkildə öz mövqeyini nümayiş etdirməyi bacarmır. İbrahimbəyov bir fikri bu gün deyirsə, sabah mətbuatda verdiyi açıqlamalarda həmin fikirləri təkzib edir. Moskvada oturaraq müəyyən siyasi qüvvələrə arxalanıb Azərbaycandakı siyasi proseslər haqqında proqnozlar vermək o qədər də çətin deyil. Əgər İbrahimbəyovun ilham qaynağını Kreml təşkil edirsə o, istədiyi fikirlər deyə bilər və bu proqnozların hamısı gerçəkliyə söykənmir. Çox təəssüflər olsun ki, bu cür yaradıcı adam, öz sənətində böyük uğurlara imza atmış bir şəxsiyyət siyasətdə özünü məhv edir. Konkret olaraq R.İbrahimbəyov apardığı siyasətə görə uğur qazanmaq üçün arxasını Kremlə söykəyib. Kinodramaturq olasan, bu cür kosmopolit, antimilli fikirləri əzab çəkmədən söyləməyi bacarasan, bu hər adamın işi deyil. Bu kişi tamamilə kələfin ucunu itirib, onun harada olduğunu tapa bilmir və ona görə də bu cür bir-birini təkzib edən fikirlər irəli sürür. Mən insanlara demək istərdim ki, onun fikirlərinə o qədər də etibar etməsinlər". ("OLAYLAR" İA)