Milli Şura Müsavatsız yaradılır - SİYASİ ANALİZ

Müsavat İctimai Palata adını saxlayacaq, AXCP qurumu tərk edir

Müsavat Partiyası ilə AXCP arasında soyuq münasibətlər pik həddinə çatıb. AXCP namizədliyini irəli sürmüş Müsvat başqanına qarşı piar kampaniyasını davam etdirir, İctimai Palatada qala-qala başqa partiyalarla danışıqlar aparır, yaranacaq Milli Şurada Əli Kərimlinin vahid namizədliyini qəbul etdirməyə çalışır. Ziyalılar Forumu və El hərəkatı isə Müsavatla AXCP-ni bir-birindən ayırmaq üçün Əli Kərimliyə "vahid namizəd sən olacaqsan" ismarıcını veriblər. Bu gün ənənəvi müxalifət içərisindən Milli Şuranın yaranmasına ən çox can atan AXCP-dir. Müsavat qurumun yaranmasını istəmir. Müsavat funksionerləri bunu hər addımda, hər açıqlamada hiss etdirirlər. Milli Şuranın formalaşma mərhələsi isə yekunlaşmaq üzrədir. Ola bilsin ki, yaxın günlərdə qurum elan ediləcək. Görünən odur ki, Milli Şurada Müsavatı "Qarabağ" blokunu tərk etmək üzrə olan ADP əvəz edəcək. ADP sədri Sərdar Cəlaloğlunun, onun qardaşı Qurban Məmmədovun Müsavat əleyhinə düşünülmüş, məqsədyönlü fəaliyyətləri bunu deməyə əsas verir.  Milli Şuranın nüvəsində AXCP və Müsavata qarşı olan digər partiyalar yer alacaq. "Asiman" restoranında Müsavatsız müzakirələr təşkil etmiş bütün partiyalar (AMİP və AVİP istisna olmaqla)  Milli Şurada təmsil oluna bilərlər. AXCP-nin son davranışları göstərir ki, partiya Müsavatdan qopmağa qərar verib. Saytlardan birinin keçirdiyi rəy sorğusunda Əli Kərimlinin birinci elan olunması, Media TV-dən yayınlanan "Azərbaycan saatı" verilişinin gətirdiyi siyasi divident AXCP sədrinin mövqelərini gücləndirib. Artıq kiməsə sirr deyil ki, AXCP sədr Müsavat başqanına güzəşt etməyəcək. AXCP sədri sona qədər Müsavatı güzəştə vadar etməyə çalışacaq. Buna nail ola bilməsə, Müsavatdan elektorat qoparmağa çalışacaq.

Müsavat da AXCP-nin başladacağı dağıdıcı hücumlara hazırlaşır. Qələbə günündən öncə Müsavat rəhbərliyinə daxil olan şəxslər Milli Parka gəzintiyə çıxıblar. "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu, Müsavat başqanı İsa Qəmbər və AXP sədri Pənah Hüseynin daxil olduğu qrupun gəzintisi  nədənsə "İctimai Palata rəhbərliyi Milli Parkda oldu" kimi təqdim olunub. Adının çəkilməsini istəməyən İctimai Palatada təmsil olunan müxalifət partiyalarından birinin funksioneri Müsavat rəhbərliyinin protest elektorata bu ismarıcı ilə bağlı maraqlı məlumat verdi. Onun sözlərinə görə, İctimai Palata yaxın günlərdə buraxılacaq və bu proseslərə Müsavatın hazırlığıdır: "Milli Şura yaxın günlərdə elan olunacaq.  Qurumun prezidentliyə namizədi ya Əli Kərimli, ya da Eldar Namazov olacaq. Müsavat bu perspektivi bilir və ona görə də Milli Şuraya girmək istəmir.  Milli Şura təsisçiləri qurumun Müsavatsız yaradılmasını qəbul ediblər. Onların "b" planı var. Bu plan ondan ibarətdir ki, İsa Qəmbər MŞ-a gəlməsə, Müsavatın yerinə ALP, ADP və digər partiyalar daxil ediləcək". İP üzvü Müsavatın planları ilə bağlı da maraqlı məlumat verdi. Onun sözlərinə görə, Müsavat Milli Şuradan kənarda qalacağı təqdirdə İctimai Palatanı buraxmayacaq. Müsavata daxil olan şəxslərin özlərini İctimai Palata rəhbərliyi kimi təqdim etməsi də atılacaq addımlarla bağlıdır. Milli Şura yaranacağı təqdirdə AXCP İP-i tərk edəcək. Müsavat da İctimai Palata adını saxlayacaq,   "Bizim Azərbaycan" blokuna daxil olan partiyaların hesabına İP-i genişləndirməyə çalışacaq. İsa Qəmbər AXCP-nin hücumları qarşısında Müsavatın bütövlüyünü qoruyub saxlaya bilsə, Müsavat Milli Şuraya ciddi alternativ yarada biləcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00