Rüstəm İbrahimbəyov Milli Şuraya ayırdığı maddi yardımı dayandıra bilər - AÇIQLAMA

Elxan Şahinoğlu: “Quruma daxil edilmək istənilən prinsipial fərdlər var və ortada olan şübhəli məqamlara aydınlıq gətirilmir”

Yaxın günlərdə Milli Şuranın tərkibinin ictimaiyyətə təqdim olunacağı bildirilir. Lakin, kinodramaturq Rüstəm İbrahimbəyovun "EL" Hərəkatından Eldəniz Quliyev və Eldar Namazova təşkilatlanma üçün ayırdığı 100 min dollar məbləğində pulu lazımi istiqamətdə xərc etmədikləri iddiası qurumla bağlı bir sıra sualları ortaya çıxardı. Politoloq Elxan Şahinoğlu hesab edir ki, müxalifət mətbuatının yaydığı məlumatlara inansaq Milli Şuranın yaradılması prosesi son mərhələyə daxil olub. E.Şahinoğlunun sözlərinə görə digər tərəfdən quruma daxil edilmək istənilən prinsipial fərdlər var və ortada olan şübhəli məqamlara aydınlıq gətirilmir: "Əgər ortada olan bu problemlər həll edilmirsə Milli Şura necə yaradılacaq?! Qurumun yaradılması üçün may ayı müxaliflər üçün son vaxt idi. Milli Şura ilə bağlı sualların sayı getdikcə artır. Çünki, Azərbaycan müxalifətini bir qurumun altında birləşdirmək elə də asan məsələ deyil. Əgər müxalifətin birləşməsi 20 ilə alınmayıbsa, bir aya necə alınacaq?! İndi də Rüstəm İbrahimbəyovun Milli Şura ilə bağlı ayırdığı pulların hansı istiqamətlərdə xərclənməsi problemi ortaya çıxıb. Əlbəttə ki, maliyyəni ayıran adamın bir gün onun hesabatını istəməsi normaldır". Politoloq bəzi siyasi analitiklərin Eldəniz Quliyev və Eldar Namazovun Rüstəm İbrahimbəyova qarşı qüvvələrin olması iddiasına aydınlıq gətirərək bildirdi ki, irəli sürülən bu iddialar o qədər də düzgün deyil, sadəcə kinodramaturqun Milli Şura üçün ayırdığı maddi vəsait lazım olan istiqamətə xərclənməyib. "Pulun kimin əlində cəm olması da önəmlidir. Əgər həmin şəxslər maliyyəni istənilən işlər üçün sərf etməsələr bir gün Rüstəm İbrahimbəyov maliyyə yardımını dayandıra bilər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00