“Dağlıq Qarabağ münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz”

Sergey Markov: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll prosesinin dondurulmuş vəziyyətdən çıxarılmasına çalışır”

"Rusiya  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolundan  imtina etmir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi konfliktin həllinə kömək göstərməyə davam edəcək". Bunu jurnalistlərə açıqlamasında deyən politoloq Sergey Markovun sözlərinə görə,  Dağlıq Qarabağ münaqişəsi əbədi olaraq dondurulmuş qala bilməz: "Rusiyanın sabiq prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyirdi, lakin məqsədinə nail ola bilmədi. Böyük ərazilərin boş qalması, on minlərlə məcburi köçkünün öz yurdundan uzaqlarda yaşaması ədalətsizlikdir. Düzdür, məcburi köçkünlər artıq düşərgələrdə yaşamır, lakin çox böyük ərazilərin ölü torpağa çevrilməsi, orada heç kimin yaşamaması, bütün infrastrukturun məhv olması son dərəcə böyük ədalətsizlikdir". S. Markov əlavə edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll prosesinin dondurulmuş vəziyyətdən çıxarılmasına çalışır: "Eyni zamanda biz hərbi əməliyyatların yenidən başlamasına da imkan verə bilmərik. Siyasi nizamlamadan başqa, iqtisadi, mədəni, humanitar əməkdaşlığı da inkişaf etdirmək lazımdır. Buna görə də biz ölkələr və xalqlar arasında qarşılıqlı əməkdaşlığın başlaması üçün regionda bütün sərhədlərin maksimum dərəcədə açılmasını istəyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00