Erməni xalqına qənim kəsilən Ermənistan rəhbərləri

MVP rəsmisi: "Sovetlərin dağılmasından sonra hakimiyyətə gələn və bu ölkəni idarə edən istənilən hakimiyyət rəhbəri erməni xalqına, eyni zamanda Azərbaycan dövləti və Azərbaycan xalqına qarşı cinayətlərə imza atıb"

Tale elə gətirib ki, sovetlərin dağılması və yeni müstəqil respublikaların meydana gəlməsindən sonra keçmiş müttəfiq respublikalarda formalaşan yeni azad, demokratik hakimiyyətlər Ermənistan cəmiyyəti üçün xarakterik olmayıb. Müstəqilliyin ilk illərindən Ermənistanda formalaşan yeni müstəqil hakimiyyət, idarəçilik əslində müstəqillikdən daha çox asılılığı özündə ehtiva edib. Bu asılılıq, daha çox isə Rusiyanın bir vilayəti kimi mövcud olma Ermənistanda hakimiyyəti bütün dövrlərdə xalqdan ayrı salıb, onu özündən uzaqlaşdırıb. Bir növ bu ölkədə xalqın deyil, bağlı olduğu dövlətin sözü keçib, idarəetmə prinsipi işləyib. Elə Ermənistanın müstəqilliyin ilk illərində Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi və torpaqlarımızın 20 faizini işğala məruz qoymasının da arxasında məhz İrəvanın bağlı olduğu ölkənin tapşırığı dayanırdı. Düzdür, Ermənistanın işğalçılıq siyasəti hər nə qədər ermənilərin maraqlarına xidmət etsə, onlara yeni ərazilər və iqtisadi inkişaf üçün müəyyən mənada zəmin yaratsa da, lakin məlum işğalçılıq siyasəti sadə erməni xalqı, eləcə də Ermənistan dövləti üçün ondan iki qat artıq zərərə, itkilərə səbəb oldu. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkəni uzun illərdir ki, regionda həyata keçirilən müxtəlif təyinatlı enerji və nəqliyyat layihələrindən kənarda qoyub. Əgər Ermənistan dövləti və ona rəhbərlik edən dairələr zamanında bu yalnış addımı atıb işğalçılıq siyasəti həyata keçirməsəydilər, günümüzdə tranzit ölkə kimi həmin layihələrdən milyardlarla dollar gəlir əldə edər və bununla da Ermənistan iqtisadiyyatını dirçəldə bilərdilər. Lakin Ermənistan hakimiyyətinin erməni xalqına düşmən, qənim kəsilməsi və tarixi qissasçılıq, düşmənçilik niyyətləri bu ölkəni sözügedən layihələrdən kənarda qoyub ki, bunun da ən acı nəticələrini sadə erməni xalqı çəkir.

Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli də bu qənaətdədir ki, sovetlərin dağılmasından sonra Ermənistanda haakimiyyətdə olan bütün qüvvələr sadə ermənilərə yalnız və yalnız aclıq, səfalət, sosial problemlər bəxş edib. Partiya rəsmisi hesab edir ki, bütün hakimiyyətlərin dövründə Ermənistanda xalqa qarşı bu kimi çirkin oyunlar oynanılıb, ona qarşı cinayət törədilib: "Bu gün Levon Ter-Petrosyan özünü nə qədər günahsız və erməni xalqının xilaskarı kimi göstərsə də, əslində ermənilərin bu günə qədər üzləşdikləri bütün bəlaların baiskarı məhz odur. Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan ərazilərini zəbt etməsi də məhz Petrosyanın zamanında baş verib. Bu gün mələk cildinə girən Petrosyandır ki, 1988-ci ildən Qarabağı Azərbaycandan qoparmaq üçün erməni millətçilərinin yaratdığı "Qarabağ komitəsi"nin üzvü və "Erməni İctimai Hərəkatı"nın rəhbərlərindən biri olub. Azərbaycan ərazilərinin işğalı illəri də elə Levon Ter-Petrosyanın prezident kimi fəaliyyət göstərdiyi dövrə təsadüf edir".

MVP rəsmisi deyib ki, Levon Ter-Petrosyan işğalçılıq siyasətini həyata keçirən bir prezident kimi həm öz xalqı, həm də Azərbaycan dövləti və xalqı üçün bir çox bəlalara yol açıb, cinayətlərə qol qoyub: "Tarixə müasir dövrün ən qanlı soyqırımı kimi düşən Xocalı soyqırımı, eləcə də xalqımıza qarşı törədilən digər terror və soyqırımlar məhz Petrosyanın prezidentliyi dövründə olub".

Süleyman İsmayılbəyli deyib ki, Petrosyandan sonrakı dövrlərdə Ermənistana rəhbərlik edən digər siyasilər, hakimiyyətlər də erməni xalqına qarşı cinayət əməllərini davam etdiriblər: "Paralel olaraq Azərbaycana qarşı terror, soyqırım cinayətləri Petrosyanadan sonra Ermənistana rəhbərlik edən Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi zamanında davam edib. Təsadüfi deyil ki, "müstəqil" Ermənistanın ikinci prezidenti sayılan Robert Köçəryan tarixə azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən biri kimi daxil olub. O,  Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib. 1998-ci ildən 2008-ci ilə qədər Ermənistana rəhbərlik edən Köçəryan seçki saxtakarlıqları, xalqın səsini oğurlamaqla da ad çıxaran siyasilərdən olub. Köçəryanın dövründə keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılaraq nəticələr onun xeyrinə tərtib olunub və xalqın siyasi iradəsinin ziddinə olan hakimiyyət formalaşıb".

Süleyman İsmayılbəyli deyib ki, Köçəryanın erməni xalqına qarşı yol verdiyi cinayətlərdən ən yadda qalanı isə bu ölkəyə məxus olan iri müəssisə və zavodların, şirkətlərin Rusiyaya verilməsi olub. MVP rəsmisi qeyd edib ki, Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi: "Halbuki bu birbaşa prezident tərəfindən xalqın, dövlətin malik olduğu malı, əmlakı özbaşına olaraq mənimsəmək, onu öz bildiyi kimi idarə etmək idi.  Köçəryan bir növ Ermənistana öz mülki kimi baxırdı və buna görə də istədiyi addımı atırdı. Buna qarşı etiraz edən xalq kütlələrinə isə amansız təzyiqlər göstərilir, fiziki zorakılıq tətbiq olunurdu".  Süleyman İsmayılbəyli onu da diqqətə çatdırıb ki, Robert Köçəryan Ermənistan tarixində parlamentə silahlı basqın təşkil edən və qanunverici orqan rəhbərliyinin həyatına son qoyan prezident kimi yadda qalacaq: "Köçəryanın hakimiyyəti dövründə Ermənistan parlamentində baş nazir Vazgen Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktı baş verib. Təsadüfi deyil ki, terror aktının baş verməsindən bir neçə saat sonra artıq Ermənistan cəmiyyətində belə bir fikir formalaşdı ki, həmin aksiyanı Robert Köçəryan təşkil edib. Səbəb isə həmin ərəfədə Qarabağ probleminin mərhələli şəkildə həll edilməsinə mane olmaq olub".

MVP rəsmisi Köçəryandan sonra Ermənistana rəhbərlik edən Serj Sərkisyanın da eyni siyasəti davam etdirdiyini diqqətə çatdırıb və bildirib ki, Sərkisyan da sələfi kimi həm Azərbaycan, həm də erməni xalqına qarşı cinayətləri ilə yadda qalıb: "1989-cu ildən 1993-cü ilə qədər separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edən Sərkisyan 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. Həm Xocalıda, həm də digər ərazilərimizdə xalqmıza qarşı soyqırımların həyata keçirilməsində Sərkisyanın "əməyi" böyük olub. Təsadüfi deyil ki, Sərkisyan öz müsahibələrinin birində açıq şəkildə etiraf edib ki, azərbaycanlıların gözünü qorxutmaq üçün Xocalıda soyqırım həyata keçiriblər. Azərbaycan ərazilərinin işğala məruz qalmasında da Sərkisyan fəal iştirakçılardan olub. Serj Sərkisyanın erməni xalqına qarşı həyata keçirdiyi ən qanlı cinayətlərdən biri isə 2008-ci ilin mart ayına təsadüf edib. Sələfi Köçəryan kimi seçki saxtalaşdırmaqla hakimiyyətdə qalmağa üstünıük verən Serj Sərkisyan 2008-ci ilin prezident seçkilərinin saxtalaşdırılmasına etiraz edən xalq kütlələrinə qarşı silahlı hücumlara əmr verən dövlət başçısı kimi yadda qalıb. Ermənistan tarixinə mart qırğını kimi düşən 2008-ci ilin mart etirazları zamanı onlarla aksiya iştirakçısı qətləy yetirildi, yüzlərlə nümayişçi polisin güc tətbiqi nəticəsində xəsarət aldı, həbs edildi".

Partiya rəsmisi deyib ki, bir sözlə Ermənistanda sovetlərin dağılmasından sonra hakimiyyətə gələn və bu ölkəni idarə edən istənilən hakimiyyət rəhbəri, dövlət başçısı erməni xalqına, eyni zamanda Azərbaycan dövləti və Azərbaycan xalqına qarşı cinayətlərə imza atıb: "Siyasi represiyalar, terrorizm, işğalçılıq, separatizm, xalq kütlələrinin səsinin boğulması, əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılmsı, rəqiblərin fiziki güc yolu ilə zərərsizləşdirilməsi, eyni zamanda qonşu dövlətlərə və xalqlara qarşı ərazi iddiası irəli sürmək, işğalçılıq siyasəti həyata keçirmək Ermənistana rəhbərlik etmiş şəxslərin fəaliyyətlərinin ana xəttini təşkil edib. Bütün bunlardan isə ən çox ziyan çəkən sadə ermənilər olub".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31