Fransa özünü demokratiyanın qatili kimi aparır

"Avropa Birliyi (AB) Gürcüstan və Ukrayna münaqişələrində Rusiyaya uduzandan, Suriya, Liviya, Livan, Şərqi Aralıq dənizi və Qərbi Afrika cəbhələrində isə Türkiyəyə məğlub olandan sonra, indi də özünün əsas aparıcı üzvünün - Fransanın timsalında Güney Qafqaz bölgəsində mövqelərini möhkəmləndirməyə çalışır. Lakin AB burada da eyni vaxtda iki ciddi rəqiblə - Rusiya və Türkiyə ilə üzləşməli olur".

"OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Fransa Senatının 25 noyabrda qondarma "dqr"in tanınması zərurəti barədə 145 saylı qətnaməni qəbul etməsini AB-nin Cənubi Qafqazda revanşı kimi, təşəbbüsü ələ almaq və proseslərin iştirakçısına çevrilmək cəhdi kimi də dəyərləndirmək olar. Ancaq Azərbaycanın məşhur bir zərb-məsəlində deyildiyi kimi "daldan atılan daş" hazırda Fransanın və AB-nin öz "ayağına" dəyir: "Yəni ki, Senatın məlum qərarı qəbul etməsi onsuz da 10 noyabrda imzalan üçtərəfli Bəyanatın yaratdığı reallıqları dəyişmək iqtidarında deyil. Tam əksinə, Senatın bu qərarı Fransa-Azərbaycan və AB-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur.  Üstəgəl, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi öz neytrallığını qoruya bilmədiyinə və münaqişə tərəflərindən birini - işğalçı Ermənistanı açıq-aşkar dəstəklədiyinə görə öz etibarını və həmsədrlik missiyasını davam etdirmək haqqını itirir. İşğalçını nümayişkaranə şəkildə müdafiə edən və separatçılığı dəstəkləyən bir ölkə heç bir halda vasitəçi ola bilməz. Bu mənada, Makronun Fransanın həmsədr statusunu davam etdirməyə cəhd göstərməsi siyasi reketlikdir. BMT və ATƏT Makron Fransasının "cəngəllik qanunları" ilə hərəkət etməsinə və BMT-nin məlum qətnamələrinə saymazyanalıq göstərməsinə göz yummamalıdır".

MHP sədri qeyd edib ki, AB-nin qlobal siyasətini formalaşdıran dairələr Fransanın islamafob, anti-Türkiyə və anti-Azərbaycan addımlarının son nəticədə Qərb dəyərlərinin, Avropanın demokratiya, ədalət prinsiplərinin gözdən düşməsinə, tamamilə dəyərsizləşməsinə səbəb olacağı perspektivini də nəzərə alsınlar: "Universal dəyərləri bu dərəcədə kobud şəkildə "çeynəmək" və ayaqlar altına atmaq olmaz. Özünü "demokratiyanın beşiyi" sayan Fransa hazırda özünü demokratiyanın qatili kimi aparır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31