Ermənistanda hakimiyyət böhranı dərinləşir
30 Noyabr 2020 14:03 SiyasətQarabağ erməniləri ilə Ermənistan erməniləri arasında qarşıdurma pik həddə çatıb
İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya sənədinə imza atmasından sonra ölkədə etiraz aksiyaları baş qaldırıb. Müharibədə məğlubiyyətin səbələrini baş nazirdə görən toplum bütün vasitələrdən istifadə edərək Paşinyanı hakimiyyətdən kənarlaşdırmağa çalışır. Hakimiyyət uğrunda mübarizədə birləşən müxalifət qüvvələri nəyin bahasına olursa-olsun Nikol Paşinyanın istefasına nail olmağa çalışırlar. Hətta bu məqsədlə erməni diasporu ilə razılığın əldə edildiyi də bildirilir. Narazı kütləni ələ almağı bacaran müxalifət günlərlədir ki, etiraz aksiyasını davam etdirir. Artıq erməi ictimaiyyəti inandırılıb ki, döyüş meydanında məğlubiyyətin, siyasi və diplomaik sahədə uduzmağın, ölkə iqtisadiyyatının çökməsinin birbaşa səbəkarı Paşinyandır. Biabırçı mğlubiyyətdən sonra onun ölkəni idarə etməsi qeyri-mümkündür.
Yeri gəlmişkən qeyd edək ki, Ermənistan prezidenti Armen Srakisyan da böhrandan çıxış yolunu baş nazir Paşinyanın istüfasında görür. Belə ki, prezident Rusiyada diaspor nümayəndələri və erməni icmasının üzvləri ilə görüşlərdə Qarabağ məsələsi və Ermənistanda yaranmış siyasi böhran müzakirə edilib. Görünən odur ki, prezident seçildiyi vaxtdan bəri Paşinyan hakimiyyətinin şıltaqlıqlarına dözən, özünü siyasi təlatümlərdən kənar tutan Ermənistan prezidenti artıq proseslərə fəal müdaxilə etmək niyyətindədir. Bu səbədən də Armen Sarkisyan Qarabağdakı məğlubiyyətdən sonra Nikol Paşinyanın istefaya getməsinin tərəfdarlarından hesab edilir. Xatırladaq ki, bir müddət öncə o, siyasi böhrandan çıxış yolu üçün yol xəritəsi də təqdim etmişdi.
Bu arada Qarabağ ermənilərinin hakimiyyət uğrunda mübarizədə fəallaşdıqları müşahidə olunur. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın tərəfdarları məqamı əldən vermək istəmirlər. Daha doğrusu məqam gözləyirlər ki, yaranmış şəraitdən öz çirkin niyyətlərinin reallaşması üçün istifadə etdinlər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçısı olduğu Vətən Partiyası da Paşinyanın istefasının tərəfdarıdır.
Amma müşahidələr göstərir ki, Paşinyan iqtidardan getmək niyyətində deyil. Ardıcıl olaraq nazirlərin istefası Paşinyan komandasını bütövlükdə yerindən tərpədə bilməyib. Onun dirəniş göstərməsi isə siyasi böhranın daha kəskin xarakter almasına səbəb olur. Artıq ölkədə hakimiyyətə etimadsızlıq mühiti hökm sürür. Hüquq-mühafizə orqanları əməkdaşları İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqdə iştirak etmək istəyən fəalları kütləvi şəkildə saxlamağa başlayıb. Bildirilib ki, polis heç bir əsas göstərmədən insanları həbs edir. Üstəlik Paşinyan hakimiyyətin troll fabriki vasitəsilə öz opponentlərinə qarşı təhqir kampaniyasına start verib. Sözügedən trollar ən aqressiv formada əks arqument gətirənləri təhqir edir, hətta onlara hədə-qorxu gəlməkdən çəkinmir. Məlumata görə, ölkədə müxalifət nümayəndələrinin telefon danışıqları gizlin dinlənilir. Hətta bu məqsədlə ən müasir qurğunun alındığı yayılan xəbərlər sırasındadır.
Lakn siyasi ekspertlərin qənaətinə görə, hazırda Ermənistanda hakimiyyəti idarə edə biləcək, ölkəni böhrandan çıxara biləcək lider yoxdur. Çünki, indiyə qədər Ermənistan müxalifət də birmənalı olaraq formalaşmayıb. Ermənistanda müxalifəti məmsil edən Köçəryanın tutduğu mövqe və fəaliyyəti bəlli olduğu üçün onun Ermənistanın inkişafı üçün nəsə edəcəyi mümkünsüz görünür. Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası da müxalifət olmağa iddia edir. Ancaq onlar da keçmiş iqtidar partiyası kimi etibarlarını itiriblər. Sarqsyanın dəstəsi də Köçəryanınkından fərqlənmir. Bu baxımdan ehtimal etmək olar ki, onların ətrafında yaradılacaq müxalifət daha çox qisasçılıq edəcək. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçısı olduğu Vətən Partiyasının da müxalifətə liderlik etmək iddiası var. Onun Rusiyayönlü olduğu məsələni bir az qəlizləşdirir. Əvvəllər Paşinyan komandasında təmsil olunduğu və sonra "üçüncü ölkəyə casusluq etməkdə şübhəli bilinərək" istefaya göndərilməsi onun birmənalı şəkildə müxalifət düşərgəsində lider kimi qəbul edilməsini çətinləşdirir. Kommunistlər və başqa Rusiyayönlü partiyaların, ictimai birliklərin müxalifətə liderlik etmək şansı da çox azdır, yaxud heç yoxdur.
Reallıq ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda hökumət oturuşmayıb. Başqa sözlə, yeni siyasi qüvvələrin həm yönü, həm də istəyi hələ də müəmmaldır. Bu qüvvələr hakimiyyət dəyişikiyindən əvvəl Rusiyanın kölgəsini qamçılayır, Qərbə sədaqətli olduqlarını nümayiş etdirməyə çalışırdılar. İndi isə Kremlə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar. Bəlli siyasi mövqeyin olmaması da indiki hakimiyyət, hökumət üçün beynəlxalq aləmdə problem yaradıb.
Nurlan
Olaylar.az