“İnsanlar vəziyyətin ciddiliyini, dərk etmir”- Sədaqət Vəliyeva

Keçən ilin sonlarından bütün bəşəriyyəti təhdid edən və təəssüflər olsun ki, Azərbaycandan da yan keçməyən koronavirus pandemiyası getdikcə daha çox can alır, dünyada katastrofik bir dərəcədə, sürətlə yayılır. Virusun meydana gəldiyi ilk aylarda indiki qədər çoxlu sayda yoluxma və ölüm halları müşahidə edilmirdi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda da həm virusa yoluxma, həm də ölüm sayında hər ötən gün artım qeydə alınır. Artıq gündəlik yoluxma sayı 4 min nəfəri belə keçir. Əgər virusun yayıldığı ilk aylarda gündəlik ölüm sayı 1, bəzən isə 2 nəfər olurdusa, indi bu say sutka ərzində az qalır 40-a çatsın. Düzdür, pandemiyanın belə sürətlə yayılması bir tərəfdən mövsümü amillərlə bağlıdırsa, digər tərəfdən insanların bu problemə məsuliyyətsiz yanaşması həm Azərbaycanda, həm də elə dünyanın özündə virusa yoluxma sayının artmasına təsir göstərir. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir. O, bildirib ki, hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün çox mühüm addım hesab olunur.

Sədaqət Vəliyeva bildirib ki, son iki həftədə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 min nəfəri ötüb: "Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90 min nəfərə çatacaq. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək. Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir". Deputat deyib ki, ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir: "Doğrudur, ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Amma vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var. Bəs, vəziyyət bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir. Vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlərlə nəticələnəcəyini hamı bilməlidir". Deputat təəssüf hissi ilə qeyd edib ki, ölkəmizdə insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyələrə qulaq asmırlar: "Sirr deyil ki, bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Bu səbəbdən də bundan sonra sərt məhdudlaşdırıcı tədbirlərin görülməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31