Senatın qərarının heç bir hüquqi çəkisi yoxdur
26 Noyabr 2020 11:35 SiyasətƏli Hüseynli: "Çünki Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur"
Təcavüzkar Ermənistanın havadarı rolunda çıxış edən Fransa bütün beynəlxalq hüququ ayaq altına ataraq "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə ilə itirilmiş mövqeyini bərpa etməyə çalışır. Baxmayaraq ki, Fransa Senatının qəbul etdiyi qətnamənin heç bir hüquqi əsası toxdur, ancaq qətnamənin siyasi məna kəsb etdiyi danılmazdır. Bu baxımdan qeyd edilməlidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həllində vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi ölkənin bitərəfliliyini ciddi şübhə altına alır. Bu, həmçinin Azərbaycan ictimaiyyətində Fransanın ədalətli vasitəçi nüfuzuna xələl gətirir. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsi artıq çözülüb, lakin ATƏT-in Minsk qrupunun gələcək statusu hələ ki, müzakirə edilməyib. Təsadüfi deyil ki, vasitəçi dövlətin birtəfli mövqeyi Azərbaycan ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Millət vəkili, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli qeyd edib ki, noyabrın 25-də Fransa Senatının Rəyasətində qəbul edilərək Plenara ötürülən "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü" adlı qətnamənin qərəzli olmasını bir neçə aspektdən şərh etmək mümkündür: "Məsələnin mənəvi tərəfinə baxanda bu sənədin erməni lobbisinin təsiri altında olan Fransa hakimiyyətinin yuxarı eşalonunda yer almış yüksək vəzifəli şəxslərin subyektiv və ədalətsiz mülahizələri əsasında qəbul olunduğu aydın görünür. Digər tərəfdən, islam dininə, türklərə və azərbaycanlılara nifrət qoxusu verən qətnamə mahiyyəcə Türkiyənin beynəlxalq miqyasda və Cənubi Qafqaz bölgəsində artan nüfuzuna qısqanc münasibət bəsləyən, Azərbaycanın isə Ermənistan üzərində möhtəşəm qələbəsini həzm edə bilməyən Fransa siyasi istibleşmentində əxlaqi dəyərlərin çox aşagı səviyyədə olduğunun göstəricisidir". Onun sözlərinə görə, siyasi baxımdan bu sənədin hələ də müstəmləkələrindən əl çəkməyən rəsmi Parisin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə, o cümlədən Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə ziddir: "Daha bir mühüm məqam isə ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu məsələdə neytral mövqe sərgiləməyə borclu olduğu halda Fransa hər vəchlə "kiçik bacısının" əsassız tələbləri uğrunda dəridən-qabıqdan çıxır, prezident Makron isə özünü Ermənistanın rəhbəri kimi aparır, bununla da yaxınlaşan seçkilərdə erməni diasporunun dəstəyini qazanmaq istəyir". Millət vəkili qeyd edib ki, məsələnin hüquqi aspekti daha maraqlıdır: "Əvvəla, Rəyasətdə qəbul olunmuş bu qərarın Fransanın öz Konstitusiyasına əsasən heç bir hüquqi çəkisi yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin hansısa bir orqanı bu reallığı pozmağa qadir deyil. Hesab edirəm ki, BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməyə səs vermiş bir dövlətin sonradan öz sözünə xilaf çıxması siyasi riyakarlıqdır. Digər tərəfdən, bu sənəd rəsmi Parisin siyasətini müəyyən edə bilməz. Çünki Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində yekun söz sahibi olan təsisat deyil. Lakin istənilən halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir. Ona görə də Senat erməni lobbisinin maraqlarını deyil, Fransa dövlətinin və xalqının mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Əks halda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi Parisin belə davranışlarına cavab olaraq bəyan etdiyi kimi, Fransanın beynəlxalq əhəmiyyətli, taleyüklü məsələlərə münasibətdə atdığı qeyri-adekvat addımları iki ölkə arasında münasibətlərə ciddi xələl gətirə bilər. Odur ki, ən azından öz dövlətinin beynəlxalq nüfuzunun qorunması və xalqın maraqları baxımından Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmayacağına və nəhayət, sülh və barışıq dəyərlərinə önəm verməklə avantürist erməni lobbisinin təsirindən qurtularaq beynəlxalq miqyaslı təxribata yol verməyəcəyinə ümid edirik".
Millət vəkili Rauf Əliyev bildirib ki, bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval- ruhiyyəli senator tərəfindən təklif edilən və Fransa Senatının Rəyasətində "Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü" adlı qətnamə layihəsinin qəbul edilərək Plenara ötürülməsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə o cümlədən elə Fransa Respublikasının özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Rauf Əliyev bildirib ki, bu sənədin qəbul edilməsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal edilmiş Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi məlum 4 qətnamənin heçə sayılmasıdır, nəzərə alsaq ki, bu 4 qətnamənin qəbul edilməsinə Fransa da səs vermişdir, Senatın bu addımı öz-özünü inkar deməkdir. Sənəd Fransada fəaliyyət göstərən erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir: "ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq Fransanın Senatı tərəfindən belə qərəzli mövqe nümayiş etdirməsi qəbuledilməzdir. Fransa münaqişənin həllinındə Türkiyə və Rusiyanın təşəbbüsü ələ almalarından, ön plana çıxmasından və özünün kənarda qalmasından narazı və harahatdır. Fransa həmsədr ölkə kimi münaqişə tərəflərinə yanaşmada tərəfsizliyini və qərəsiz mövqe sərgiləmək əvəzinə birmənalı şəkildə Ermənistanın yanındadır. Bu qəbul edilməzdir. Azərbaycan dövləti və xalqı Fransa Senatının bu qətnaməni müzakirəyə çıxarmaqdan imtina edəcəyinə ümid edir".
Zəka
Olaylar.az