Qərb dövlətlərinin narahatçılığı haradan qaynaqlanır?

Azərbaycanda multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib

Dünyanın düşünən beyinləri artıq çoxdan dərk etməyə başlayıblar ki, dünyanın, eləcə də hər hansı bir cəmiyyətin daxilindəki müxtəlif etno-mədəni qütblər arasında dialoq və anlaşmanın, dinc birgəyaşayışın alternativi yoxdur. Belə "alternativ" yalnız "sivilizasiyaların toqquşması"na aparıb çıxara bilər ki, bunun da sonu dünyanı xaos və dəhşətlərə, kütləvi fəlakətlərə sürükləyə bilər. Hazırkı dünya proseslərində sivilizasiyalı insanın məhz bu məqamla hesablaşmadığı məqamlarda kütləvi qırğınlar və faciələrin baş verdiyi ilə bağlı çoxlu faktlar ortadadır. Eləcə də dünyadakı bəzi güclərin bu sahədə təxribatları və pozucu fəaliyyətləri nəticəsində ölkələrin və millətlərin qana boyandıqlarının şahidi olmaqdayıq. Bu baxımdan dünyada multikulturalizmin rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, mədəni, tolerant müstəvidə həlli olduqca önəmlidir. Öz növbəsində, bu sahədə potensialı və dəyərləri güclü olan ölkələrin multikulturalizm məsələlərində təşəbbüslərinin və rolunun artırılması çox məqsədəuyğundur. Azərbaycan isə dünya siyasiləri və intellektualları tərəfindən bu baxımdan güclü ənənələrə, potensiala və əzmə malik bir ölkə kimi dəyərləndirilməkdədir. Ölkəmiz bu gün əsas multikulturalizm mərkəzlərindən hesab edilir. Diqqətəlayiq haldır ki, Azərbaycan bu sahədə dünyaya açıq olduğunu bariz şəkildə sərgiləyir və multikulturalizm nümunəsini bütün dünyaya nümayiş etdirir, bu barədə mövzuları isə dünya dövlətlərinin elmi-mədəni elitası ilə birgə ən ali səviyyədə müzakirə etməyə üstünlük verir. Xüsusən də bu kontekstdə multikulturalizm məkanı kimi Azərbaycan modelinin özünəməxsusluğu, üstünlüyü və dünyaya verəcəyi töhfələr ciddi müzakirə mövzusudur. Çünki Azərbaycan multikulturalizm məkanı kimi xeyli orijinal çalarlara malikdir. Ölkənin bütün ərazisində Şərqlə Qərbin sintezindən yaranmış yeni məzmun və mahiyyətli hadisə ortaya çıxır. Bu, insanlarımızın həyat və məişətindən, dil və dinindən tutmuş, incəsənət növlərimizə də təsir edir, yeni variasiyalar ortaya qoyur.

Azərbaycan multikulturalizm mərkəzinə çevrilib

Məlum olduğu kimi, biz həm də dinlər arasında dialoq üçün bir mərkəz rolunu oynayırıq. Dinlər, müxtəlif mədəniyyətlər arasında tolerantlıq Azərbaycanda çox yüksək səviyyədədir. Burada müxtəlif dini icmalar nəinki dözümlülük, eyni zamanda səmimi qonşuluq və əməkdaşlıq şəraitində inkişaf edirlər. Dinlərin arasındakı bu xoş münasibət multikulturalizmin daha da bitkinləşməsini təmin edir. Yəni bizdə lokal, ancaq bir dinin ənənələri üzərində, Şərq motivləri üzərində qurulmuş bir cəmiyyət yox, bu ənənələrin modern sivilizasiya ilə birləşdirilməsi zəminində bir cəmiyyət qurulub. Başqa ölkələr də coğrafi baxımdan sivilizasiyaların qovşağında yerləşir. Amma həmin ölkələrdən elələri var ki, orada dini dövlət qurulub və o dövlət dinə əsaslanan ideologiya ilə idarə olunur. Belə hallarda başqa dinlərə və mədəniyyətlərə açıq qapı siyasəti aparılmır. Amma biz mədəniyyət və sivilizasiya müstəvisində açıq qapı siyasətinə üstünlük veririk. Bundan irəli gələrək bizim sivilizasiyaya, mədəniyyətə öz baxışımız formalaşır. Azərbaycanda bu sintetik vəhdətdə olan mənzərənin öz nəzəri konsepsiyaları meydana gəlməkdədir.

İslamofob hisslərini alovlandıran Qərb liderlərinin əsassız ittihamları

Lakin bütün sadalananlara baxmayaraq, Azərbaycanı heç bir əsası olmayan iddialarla suçlayanlar tapılır, Ermənistanın işğal altında saxladığı ərazilərdə ölkəmizin dini və mədəni abidılırinə qarşı törətdikləri vandalizm aktları barədə isə biganəlik nümayiş etdirilir.  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı qeyd edib ki, bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər: "Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Mənim göstərişimlə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udi qardaşlarımızın kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Bizim Qafqaz Albaniyası kilsələri milli sərvətimizdir. Gürcü kilsələrimiz, erməni kilsəsi. Vəhşi düşmən bax bu məsciddə inək saxlayıb, donuz saxlayıb. Bu şəkillər var internetdə. Azad edilmiş Zəngilan məscidində, Cəbrayıl məscidində donuz saxlayıb".

Erməni vandalizminə niyə göz yumulur?

Bu gün işğaldan azad olunan torpaqların mənzərəsi erməni vandallar tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını aydın görməyə imkan verir. Elə bu səbədən dövlət başçısı eyni zamanda beynəlxalq təşkilatları Ermənistan tərəfindən törədilən vandalizm aktlarını yerində araşdırmağa dəvət edib: "Biz UNESCO ilə çox sıx əməkdaşlıq edirik. Amma gəlib xristian məbədlərinə baş çəkmək istəsə, buraya gəlsin. Gəlsin və desin vəhşi erməni neyləyib burada. Bir də ki, bir neçə il bundan əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri bu məsciddə, burada olublar. Onlar iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər və mənə deyiblər ki, Ağdam məscidində olublar. Niyə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar. Belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə burunlarını soxmasınlar. Heç kim bizim işimizə qarışmasın. Biz özümüz gəlmişik buraya. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq bizim torpağımızda. Hərə getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik".

Azərbaycan xristian məbədlərini də öz milli-mənəvi abidələri kimi qoruyur

Beləliklə bütün dünya birmənalı şəkildə qəbul etməlidir ki, Azərbaycan bütün dünyada toperantlıq, multiklturalizm, milli mədəni irsə hörmət nümunəsidir. Odur ki, İslamofob hissləri alovlandıran, İslam müqəddəslərinin təhqirlərinə göz yuman və hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar. Çünki Azərbaycan nəzarətinə keçən azad edilmiş torpaqlardakı xristian məbədlərini öz milli-mənəvi abidələri kimi qoruyacaq. Hətta onları yenidən təmir edərək dini ayinlərin keçirilməsi üşün münbit şərait yaradacaq. Buna Azərbaycanın dünyada tolerantlıq nümunəsi kimi tanınması, bütün milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşması zəmanət verir. Tarix boyu Azərbaycan xalqı mədəni irsin hər bir nümunəsinə hörmətlə, tarixi sərvət kimi yanaşın, hazırda da bu yanaşma davam etməkdədir. Cəmiyyətimizin dünyaya örnək ola biləcək ənənələrini, yüksək dəyərlərini yaşatmaqla müasir və öncül olmaq bizim amalımızdır. Hazırkı informasiya əsrində multikulturalizmə böyük önəm verməyimiz isə ən düzgün yol hesab edilir. Azərbaycanın bu baxımdan mədəniyyəti, dəyərləri və ümumi potensialı çox böyükdür. Azərbaycan dövlətinin bu yöndə fəaliyyətə önəm verməsi, multikulturalizmlə bağlı dünya filosof və siyasətçilərinin müzakirələrini təşkil etməsi isə ölkənizin bu sarıdan potensialını daha çox aktuallaşdırmasına, ortaya qoymasına və dünyaya mədəniyyətlərin nümunəvi şəkildə qovuşduğu bir məkan kimi geniş miqyasda təqdim olunmasına gözəl şərait yaradır. Məhz bu baxımdan Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalar arası körpü rolunu oynayır. Belə ki, hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi mühüm tədbirlərə ev sahibliyi edir. Bir sözlə, Azərbaycan dünya dini liderlərinin Zirvə görüşlərinə ev sahibliyi edən ölkədir.

Multikulturalizmin Azərbaycan nümunəsi

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bir sıra beynəlxalq təşkilatların, o cümlədən dinlərin nümayəndələri Azərbaycan nümunəsinə istinad edir. Konkret olaraq İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir, Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Əslində bu qiymət nəyinsə xatirinə deyil, konkret əməlin nəticəsinə görə verilib. Məlum olduğu kimi Azərbaycan Prezidentinin  göstərişi ilə və dövlət vəsaiti hesabına iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub, yeni inzibati bina tikilir. Müharibə dövründə udinlərin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Sadalanan gaktlar deməyə əsas verir ki, Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir. Odur ki, bu məsələlərə görə də kimsə Azərbaycana irad tuta bilməz. Çünki, Azərbaycan bir model kimi multikulturalizm ənənələrindən uzaqlaşmaq istəyən bir çox ölkələr üçün örnəkdir. Azərbaycan nümunəsi göstərir ki, müxtəlif dinlərin, millətlərin nümayəndələri bir yerdə, qardaşlıq, dostluq şəraitində yaşaya bilərlər. Belə bir şəraitdə  multikulturalizm ideyasını kənara qoymaq yox, onu daha da inkişaf etdirmək və dünyaya yaymaq zərurəti yaranır. Əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşaması heç kimi narahat etməməlidir. Beynəlxalq aləm arxayın ola bilər ki, ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31