Dini-mənəvi dəyərlərə yüksək diqqət və qayğı
26 Noyabr 2020 11:09 Siyasət44 günlük uğurlu müharibə ilə düşmən üzərində zəfər qazanan və onu təslimçi sülhə məcbur edən Ali Baş Komandan ötən günlərin həddən artıq stress və gərginliyi, yuxusuz gecələrinin istirahətini edib dincəlmədən başladığı işin son nidasını qoymaq üçün sistemli şəkildə çalışır, addımlar atır. Həm də həyatını, özünü, eyni zamanda ailəsini təhlükəyə, riskə atmaqla. İşğaldan yenicə, qısa müddət əvvəl azad olunmuş rayonlarımıza ard-arda səfər etməklə. Baxmayaraq ki, indiki vaxtda işğaldan azad edilmiş torpaqlara səfər etmək böyük riskdir, eyni zamanda öz həyatını təhlükəyə atmaqdır, ancaq buna baxmayaraq Ali Baş Komandan bütün risk və təhlükələri gözə alıb bir kənara qoyaraq bu addımı atır, Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə səfər edərək üçrəngli bayrağımızı dalğalandırır. Necə ki, bir neçə gün əvvəl Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfər etdi, eləcə də eyni ardıcıllıqla növbəti səfər işğaldan azad edilən Ağdam rayonuna oldu və burada da üçrəngli Azərbaycan bayrağı dövlət başçısı tərəfindən dalğalandırıldı.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam məscidini ziyarət etməsi və dövlət başçısının burada verdiyi bir sıra mesajlar, xüsusilə tarixi-dini abidələrin bərpa və mühafizə olunması ilə bağlı söylədiyi fikirlər xüsusi diqqət çəkicidir. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da məhz bu istiqamətə diqqət çəkib. Deputat deyib ki, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad olunmuş Ağdam rayonuna səfəri çərçivəsində Ağdam məscidini ziyarət etməsi bir sıra məqamlar baxımından mənəvi və siyasi mesaj oldu: "Birincisi, Ermənistan Qarabağda mövcud olan 67 məsciddən 63-ünü tamamilə yerlə-yeksan edib. Məhz Ağdam məscidi dağıdılmamış və beynəlxalq təzyiq hesabına sadəcə divarları da olsa, salamat qalmış 4 məsciddən biridir. İkincisi, Ağdam məscidi 1992-ci ildə Xocalı soyqırımında sağ qalan xocalılıların ümid, pənah yerinə çevrilən məkan idi. Üçüncüsü, Ağdam məscidini ziyarət zamanı yaşanmış tarixi anlar dini-mədəni dəyərlərimizə sahibliyimizi bir daha isbatladı. Dördüncüsü, məscidlərimizdə donuz saxlayan, müqəddəs dini ocaqlarımızı təhqir edən Ermənistanın barbarlıq və vandalizm əməllərinə baxmayaraq, bu ölkə ilə isti münasibətlər qurmaq istəyən müsəlman ölkələrinə ermənilərin əsil simasını, xislətini nümayiş etdirdi. Beşincisi, bütün dünya əyani şəkildə gördü ki, Ermənistan İslam dini abidələrinə hücum etməklə barbarlığı, vandalizmi milli ideologiyaya çevirib".
Deputat bildirib ki, Kəbədə Qarabağın azadlığı üçün dua edən, Məkkədən gətirdiyi Quranı Ağdam məscidinə hədiyyə edən, erməni vandalizminin şahidi olmuş məsciddə ayaqyalın gəzən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva tarixi-mənəvi nümunə təqdim etdilər: "Cənab İlham Əliyev 4 dəfə Məkkədə ümrə ziyarətində olub. Məhz Ağdam məscidi qarşısında çıxış edərkən etiraf etdi ki, Məkkədə ümrə ziyarətində olarkən, Kəbədə namaz qılarkən birinci duası torpaqlarımızın işğaldan azad edilməsi olub. Ali Baş Komandan xoşbəxt insan kimi etiraf edir ki, Allah ona istədiyi gücü verib və xalqla birlikdə 30 ilə yaxındır işğal altında olan tarixi torpaqlarımızı azad edib. Dini-mənəvi dəyərlərə yüksək diqqətlə yanaşan bir Prezidentin dövlət başçısı olduğu multikultural Azərbaycana indi də iftira atırlar ki, guya işğaldan azad olunan ərazilərdəki kilsələr, xristian dininə məxsus abidələr təhlükə altındadır. Çox maraqlıdır ki, Azərbaycanı qondarma məsələlərdə ittiham edənlər nədənsə, Ermənistanın İslam dini abidələrini, məscidləri təhqir edərkən, dağıdarkən, talan edərkən səsləri çıxmırdı? Yaxud da, Azərbaycana iftira atanlar məgər bilmirlərmi ki, Azərbaycan Prezidentinin, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Vatikanda yerləşən Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü" barelyefi, Vatikanda yerləşən Müqəddəs Sebastian katakombaları, Müqəddəs Marçellinio və Pietro katakombaları, Bakıdakı Pravoslav kilsəsi, Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi, "Cotari" Alban-udi kilsəsi əsaslı şəkildə bərpa edilib? Görmürlərmi ki, Rusiya Federasiyasının Həştərxan şəhərində, Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi Azərbaycan Resbuplikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ucaldılıb? Eşitməyiblərmi ki, Heydər Əliyev Fondu Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edib? Axı bütün dünya bilir ki, Bakıda yaşayan yəhudi uşaqları üçün "Xabad-Or-Avner" Təhsil Mərkəzi inşa edilib. Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib. Bu cür faktlar ortada olarkən Azərbaycanı hansı məntiqlə şərləmək olar? Çox maraqlıdır ki, Azərbaycanın xristian abidələrinin bərpasına verdiyi töhfələr məhz bu gün ölkəmizi absurd iddia ilə ittiham edən siyasətçilərin və ictimai xadimlərin dövlətlərinə aiddir. Həm də çox ilgincdir ki, onlar Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirilin, Roma Papası Fransiskin Bakıda olarkən Azərbaycanı tolerantlıq, multikulturalizm məkanı kimi dəyərləndirmələrini də eşitməyiblərmi? Ümumən, təhlillər onu göstərir ki, bu gün erməni lobbisinin təsirində olan bəzi siyasətçilər və ictimai xadimlər əslində xristian abidələrinin taleyi ilə maraqlanmırlar. Onlar sadəcə Ermənistanın tarixi məğlubiyyətini həzm edə bilmirlər və bu səbəbdən də qisas məqsədilə şər, böhtan atırlar. Yaxşı olar ki, həmin qruplar Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni, ekoloji terroruna, qətliamlarına, soyqırımılarına diqqət etsinlər, həqiqəti görsünlər".
Deputat Fransa Senatının məlum qərarına da münasibət bildirib. Qeyd edib ki, biz ötən həftə Paris meriyasının erməni lobbisinin əlində siyasi alətə çevrildiyinin şahidi olmuşduq. Dünən isə bir daha əmin olduq ki, dünyanın 7 ən güclü ölkəsindən biri olan Fransa erməni lobbisinin iradəsindən asılı vəziyyətdədir və erməni maraqları Fransa mənafelərindən daha üstündür: "Bu cür vəziyyət Fransa kimi dövlətə yalnız zərər gətirə bilər. Heç şübhəsiz ki, Fransa Senatında qəbul edilmiş, tamamilə qərəzli xarakter daşıyan "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti" adlı qətnamə də bir qrup qatı ermənipərəst senator tərəfindən irəli sürülüb və yalnız təxribat kimi qiymətləndirilə bilər. Əlbəttə ki, Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur və bu, Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Lakin bu qətnamə hüquqi sənəddən çox siyasi xarakterli bir aktdır. Bu səbəbdən də qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən elə Fransanın özü tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlik deməkdir. Təsəvvür edin ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Fransa da səs verib və bu qətnamələr Dağlıq Qarabağ münaqişəsinin həllini, işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasını özündə ehtiva edir. Lakin belə bir addımla Fransa Senatı dövlətin iradəsinin əksinə gedir və öz-özünü inkar və ifşa edir. Fransa Senatı tərəfindən belə bir qərəzli mövqeyin ortaya qoyulması bir daha isbatlayır ki, Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərindən biri olaraq neytral deyil, əksinə Azərbaycana qarşı Ermənistanın yanında yer alıb. Məhz vasitəçi mandatı daşıyan bir ölkənin belə bir qətnamə ilə çıxış etməsi həmin dövlətin bitərəfliliyini ciddi şəkildə şübhə altına alır".
Sədaqət Vəliyevanın sözlərinə görə, həmsədr ölkə olaraq münaqişə tərəflərinə yanaşmada Fransanın tərəfsizliyini və qərəzsiz mövqeyini qoruması onun məsuliyyətidir: "İstər Fransa Senatı, istərsə də hökuməti anlamalıdır ki, bu cür addımlar ilk növbədə Azərbaycan ictimaiyyətində Fransanın vasitəçi kimi nüfuzuna xələl gətirir, ədalətliliyi şübhə altına düşür. Həmçinin, Fransa Senatının bu qərarı həm Avropada güclənməkdə olan İslamofobiyanın daha dərinləşməsinə, həm separatizm meyillərinin güclənməsinə, həm də tarixin saxtalaşdırılmasının adi hala çevrilməsinə rəvac verə bilər. Eyni zamanda, bu qərar Fransanın beynəlxalq imicinə böyük zərbə olar və bu ölkə qlobal etimad kreditini itirər. Eləcə də Senat qəbul etdiyi qərarla Fransa parlamentarizm tarixinin utancverici səhifəsini yazmış olur. Ona görə də, Fransa Senatının erməni lobbisinin və diasporasının dəstəyi, yaxud təzyiqi ilə qərəzli qətnamələr qəbul etmək əvəzinə sülh, sabitlik və tərəqqiyə xidmət edən fəaliyyətlə məşğul olması həm Fransanın maraqlarına cavab verər, həm də Cənubi Qafqaz regionunun dayanıqlı inkişafına yardımçı olardı. Ümid edirəm ki, Fransa Prezidenti, hökuməti real situasiyanı dəyərləndirəcək və adekvat addımlar atacaq, bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edəcək. Əks halda zaman gələr müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsi kimi müvafiq gündəliklər Fransanın da qarşısına çıxarıla bilər".
Məhəmməd
Olaylar.az