İllərin mifini məhv etdik- ŞƏRH

Azərbaycanın işğalçı Ermənistan üzərində əldə etdiyi zəfər, işğal altında olan ərazilərini düşməndən təmizləməsi hələ də dünya KİV-lərinin diqqət mərkəzindədir və xarici medianın müzakirə etdiyi, diqqət çəkdiyi məsələlərdəndir. Günümüzdə də Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsini şərtləndirən əsas məqamlar ətrafında fikirlər səsləndirilir, ehtimallar irəli sürülür. Xarici ekspertlər, KİV-lər Azərbaycan Ordusunun Ermənistan üzərində qələbəsini şərtləndirən məqamlar axtardığı halda, Azərbaycan cəmiyyətinə bu amillər bəllidir, məlumdur deyə bilərik. İlk növbədə nəzərə almaq lazımdır ki, qələbəmizi şərtləndirən başlıca amil güclü ordu və güclü Ali Baş Komandandır. Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin ötən illər ərzində ordunun, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atdığı addımlar günümüzdə düşmən üzərində zəfər əldə etməmizə vəsilə oldu.

Digər tərəfdən xalq ordu birliyi, cəmiyyətdə həm Ali Baş Komandan, həm də Silahlı Qüvvələrə olan böyük dəstək, həmrəylik düşmən üzərində qələbəni şərtləndirən amilər sırasında öndə dayanırdı. Bütün bunlarla yanaşı fəal diplomatik siyasət, uğurlu informasiya savaşı və s. amilləri də nəzər almaq lazımdır. Təsadüfi deyil ki, elə Alu Baş Komandan, Cənab İlham Əliyev də bu günlərdə işğaldan azad olunmuş Ağdam rayonuna səfər zamanı yuxarıda sadaladığımız məqamlara diqqətə çəkərək qələbəmizdə məhz həmin amillərin də rol oynadığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, məhz qeyd edilən amillərin nəzərə alınması, onlara xüsusi diqqətin yetirilməsi nəticəsində Azərbaycan hər gün yeni zəfərlərə imza atır. Millət vəkilinin sözlərinə görə, zamanın nəbzini tutan dövlət başçımız cənab Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir:

"Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır. Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilmədi. Azərbaycan ordusu daim öz sözünü deyir. Biz millət olaraq 44 günlük savaşda hamımız yumruq kimi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdik. Sanki, Prezident üzük biz onun qaşı olduq. Belə dövlətin sarsılmaz şücaəti ilə də torpaqlarımız geri qaytarıldı. Rəşadətli Azərbaycan əsgərinin əzmi, döyüş ruhu çox yüksək olmaqla ali dərəcəyə yüksəldi. Şuşa alınmaz qala kimi görünsə də, cəngavərlərimiz caynaqları ilə torpağı cırmaqlayaraq onu geri aldılar, Şuşanı geri qaytardılar. Bəli Şuşa!". Deputat deyib ki, Şuşanın geri qaytarılması özü bir tarixdir: "Çünki bu döyüşdə əsl tarix yazılmışdır. Hər kəsə məlumdur buranın necə geri alınması. Əlbəyaxa döyüşlər, qanlı savaş, bıçaq yarası ilə yaralanan əsgərlər hər şeyi göz özünə sərir. Bizim igidlər vəhşi azğın ermənini iti qovan kimi qovub çıxardılar yurdumuzdan. Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir. Gün gözləyirdik, cənab Prezidentimizin bu əmrini istəyirdik ki, bizim olanı geri alaq. Bütün dünya bizim ədalətli qələbəmizin şahidi oldu. Artıq bütün ölkələr bildi ki, Azərbaycan öz sözünü hər bir şəraitdə, istər siyasi istər hərb meydanında deməyə qadirdir". Eldəniz Səlimov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı: "Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Bu dövrdə xüsusilə cənab Prezidentimizin əzmkar duruşu, qətiyyəti hər kəsi bir daha valeh etdi. O, bütün siyasi təzyiqlərə sinə gərərək, bizi üzüağ olaraq beynəlxalq arenada tanıtdı. Səlist danışığı, hazır cavabları ilə cənab Prezident qarşısında olanlara dərs keçdi. Sübut etdi ki, Azərbaycanın hər bir vətəndaşı, istər sıravi insan, istərsə də Prezidenti hamımız birik. Biz bir olduqca qələbə bizimlədir. Belə zamanda hamımızın borcu idi Prezidentimizin yanında olmaq, ona dayaq durmaq". Millət vəkili deyib ki, bu qələbə illərlə, əsrlərlə danışılacaq: "Tarix kitabları yenilənəcək. Biz belə şanlı dövlətin, qeyrətli vətəndaşı olduğumuz üçün fəxr edirik. Gənc nəsillərin bu günləri görməsi, yaşaması böyük fəxr və qürur vericidir. Artıq biz gənc nəsilə bizim şanlı qələbəmizi danışacaq, necə qüdrətli dövlətimiz və ordumuz olmasından bəhs edəcəyik. Yaşasın bizim şanlı millətimiz! Yaşasın Azərbaycan!".

Deputat onu da deyib ki, torpaq dedikdə ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir: "Çünki, torpaq anadır. Torpaq qanı ilə, suyu ilə müqəddəsdir. Bu torpaq üçün canlar fəda olunub. Şəhidlərimizə Allah rəhmət etsin. Bizim əzəli torpaqlarımızda onların ruhu gəzir. Necə də qürurverici hissdir torpağını düşmən tapdağından xilas etmək. Bu yolda canını gözqırpmadan fəda edə bilmək. Bu müqəddəs bir yoldur və ona görə də hər kəsə qismət olmaz".

Eldəniz Səlimov qeyd edib ki, Azərbaycanın bu gün var olması buna görədir: "İllərdir şəhidlərimizin ruhu bizə yol göstərir, bizi döyüşə haraylayır. Müzəffər Azərbaycan ordusu öz gücü, qüdrəti ilə yumruq kimi bir olub düşmənin başı üzərində ildırım kimi çaxdı. Onlara nəfəs almağa belə imkan vermədi. Eşq olsun belə dövlətə. Eşq olsun dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə. Bu şərəfli yolda onun çəkdiyi əziyyət çox böyükdür".

Deputat bildirib ki, Ulu Öndərimizin illər əvvəl yazdığı tarix, bu gün də davam edir: "Cənab Prezident bu siyasəti bu gün də uğurla davam etdirir. Bəli Azərbaycanın daxili və xarici siyasəti bu gün göz görəcək qədər sürətlə yüksəlişə doğru gedir. İstər müharibə dövründə, istərsə də pandemiya dövründə bizim yüksəlişimizə təsir edən maneə olmadı. Bu uğurlu siyasətin nəticəsidir. Daim inkişaf edən bir göstəricilərə malik olmaq dövlət üçün möhtəşəm bir uğurdur. Bizim alnımıza yalnız qələbə yazılıb. Artıq məsuliyyətimiz biraz da artıb. Çünki, bunları artıq qorumaq gərəkdir. Geri alınan torpaqlarda möhkəmlənmək, qala olmaq gərəkdir. Şərəfimizlə, qanımızla yazdığımız tarix artıq bizim tarixdir. Azərbaycan tarixi yeniləndi. Bütün dünya buna şahid oldu ki, bizə olunan haqsızlıq cavabsız qala bilməz". Deputat deyib ki, biz haqqımızı tələb etdik, bizə aid olanları geri aldıq: "Bu vəziyyət istər sülh yolu ilə, istərsə də hərb meydanında həll olunacaqdı. Elə də oldu. Ermənistan bizim ordumuzun gücünü, qüdrətini gördü. Necə sarsılmaz bir gücə malik olduğumuza özləri şahid oldular. El bir olsa dağ oynadar yerindən. Birliyimiz ilə qazanılmış bir qələbədir bu. Alınan hər bir qarış torpaqda şəhidlərimizin qanı var. Lakin onların ruhu artıq şaddır. Ruhları bizim ellərdə rahat dolaşır. Biz də xalq olaraq çox rahatıq. Çünki illərin mifini məhv etdik. Yox etdik əzəli düşmənin nağıllarını. İllərdir sürən hüzn artıq yoxdur. Qarabağ kimi bir dərdimiz, var demirik daha. Gənclərimiz Qarabağsız bir həyat yaşamayacaqlar. Onlar artıq yeni tarixin övladlarıdır, yeni şanlı Azərbaycan tarixini yaşayırlar. Qələbə sevinci ilə xoşbəxtçiliyimizin həddi-hüdudu yoxdur. Bu sevincə görə ən başda cənab Ali Baş Komandana minnətdarıq. Onun yürütdüyü siyasət ilə bu günləri yaşayırıq. Var olsun cənab Prezident! Var olsun Azərbaycan Ordusu! Var olsun Azərbaycan!".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31