Torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfəridir

Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı və dövlət himni səsləndirildi. Milli Məclisinj deputatı Anar Məmmədovun sözlərinə görə, bu isə bir daha onu sübut edir ki, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın qələbəsidir, torpaqlarımızın qayıtmasıdır və təbii ki dekabrın 1-dək Kəlbəcər və Laçın rayonları da itkisiz və müharibəsiz işğaldan azad olunacaq: "Bu əsasda Müzəffər Ali Baş Komandanın və şanlı Azərbaycan ordusunun xalqımıza yaşatdığı günlər və aylar hər kəsin yaddaşında əbədi qalacaq.  Hamımız bilirik ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bu gün doğma Ağdamımız bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan ordusunun şanlı hərbi qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Buna görə də biz bu gün heç bir itkisiz Ağdamı geri almağımıza görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza minnətdarıq. Onu da xatırladım ki, Ağdamın işğalından sonra erməni silahlı birləşmələri xüsusi amansızlıqla  еvlərə od vurub, mədəniyyət abidələrini dağıdıb, insanların əmlaklarını qarət еdib, şəhəri tərk еdə bilməyən dinc əhaliyə divan tutub. Bu gün Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmayıb. Şəhər sözün əsl mənasında  "Ruhlar şəhəri"ni xatırladır. Lakin biz inanırıq ki, qısa bir zamanda Ağdam yenidən köhnə günlərinə qayıdacaq. Hətta əvvəlkindən də yaxşı olacaq". 

Deputatın qənaətincə, ölkə başçısı dəfələrlə öz çıxışlarında bildirmişdi ki, sülh danışıqları baş tutmayacağı təqdirdə, Azərbaycan torpaqlarını güc yolu ilə azad edəcək: "Azərbaycan əsgəri öz canı bahasına Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı və Qarabağın ürəyi olan Şuşanı düşməndən azad etdi. İlham Əliyevin diktəsi və uğurlu siyasəti nəticəsində Dağlıq Qarabağın status məsələsi ləğv olundu. Məğlubiyyətlə üzləşən Ermənistan Ağdamı, Kəlbəcəri, Laçını tərk etməyə razı oldu. Torpaqlarımızı azad etməklə Azərbaycan dövləti pozulmuş hüquqlarını bərpa etdi. Bu qələbə ilə ordumuz həm də beynəlxalq hüququn tələblərini həyata keçirdi. Biz BMT-nin Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini dövlətimizin gücü və Ali Baş Komandanımızın iradəsi sayəsində icra etdik. Bununla da torpaqlarımızın azad olunması müasir Azərbaycan tarixinin və dövlətçiliyinin şərəf zəfərinə çevrildi".

Deputat onu da diqqətə çatdırıb ki, bütün əldə edilən qələbələr, nailiyyətlər Prezident İlham Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır: "Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqlardandır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir. Müdrik liderinin - müzəffər Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşən 10 milyon Azərbaycan vətəndaşının bu gün hər biri bir əsgərdir. Əgər 10 milyonluq xalq bir yumruq kimi birləşə bilirsə, deməli, onun gücü qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Bu birlik, bu həmrəylik bir daha dünyaya göstərdi ki, Azərbaycan insanının iradəsini heç kim sındıra bilməz. Sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın həmrəyliyi birliyi qarşısında ən amansız düşmən belə tab gətirə bilməz. Bu gücün bəxş etdiyi daha böyük zəfərlər isə hələ qarşıdadır.  Bu gün hər bir yaşayış məntəqəsində vətəndaşlar Ali Baş Komandanı qarşılayır, "Qarabağ Azərbaycandır" şüarları səsləndirirlər. Bir neçə gün bundan öncə isə ölkə başçısının Füzulidə, Cəbrayılda bayrağımızı yüksəltməsi, Mehriban xanım ilə birgə həm Xudafərin körpüsünə getmələri, birimizi həm sevindirdi, həm də qəlbini qürurla doldurdu. Səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Azərbaycanlılara Qələbə hissi yaşadan Prezidentə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağının və bugünkü sevincinin tərənnümü idi".

Deputat deyib ki, Ermənistanda isə vəziyyət tam əksinədir: "Hazırda erməni xalqı Azərbaycanın 1992-ci ildəki ağır durumunu yaşayır. 44 günlük müharibə Ermənistan ordusunun kifayət qədər aciz olduğunu öz xalqı da daxil olmaqla bütün dünyaya əyani surətdə nümayiş etdirdi. Erməni ictimaiyyətinə agah oldu ki, ölkə rəhbərliyi ordu barədə indiyə qədər onu səhv məlumatlandırıb və xalqı aldatmaqla məşğul olub. Müharibədə məğlubiyyətdən sonra çətin duruma düşən Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış yolunu Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqda, kadr dəyişiklikləri həyata keçirməkdə gördü. Ermənistanda ağırlaşan vəziyyət hakimiyyət üçün hər gün yeni problemlərə yol açmaqdadır. Hətta artıq baş nazir Nikol Paşinyanın komandasında da ciddi fikir ayrılıqları yaranıb. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik pik həddə çatıb. Bütün bunlar isə Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir. Belə ki, ötən dövr ərzində yeni hakimiyyət xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan hazırkı acınacaqlı vəziyyəti yaşayır".

Anar Məmmədov bildirib ki, Azərbaycan Prezidenti isə yalnız öz xalqına yox, eyni zamanda Dağlıq Qarabağda yaşayan, milli mənsubiyyəti erməni olsa da Azərbaycan vətəndaşı olacaq insanlara da qayğı ilə yanaşır: "Ölkə başçısının dediyi bu sözlər də bunun sübutudur:  "Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar" . Beləliklə,  İlham Əliyevin bu müraciəti əslində, erməni xalqına veriləcək ən yaxşı, ən düzgün məsləhətdir! Onlar üçün ən yüksək status Azərbaycan vətəndaşı olmaq və Azərbaycan dövlətinin himayəsində yaşamaqdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31