Tarixdən xəbərsiz fransızlar
Müstəmləkə hücumları gücdən istifadə etməkdir, yoxsa öz ərazilərini işğaldan təmizləmək?
20 Noyabr 2020 14:52 SiyasətMüstəmləkə hücumları gücdən istifadə etməkdir, yoxsa öz ərazilərini işğaldan təmizləmək?
Ali Baş Komandanın rəhbərliyi altında zəfər qazanaraq uzun illər işğal altında olan ərazilərimizi düşməndən təmizləyən Azərbaycan Ordusunun uğurlu, qalibiyyəti bizə dost olan ölkələri sevindirsə də, lakin düşmənləri həddən artıq qıcıqlandırıb, məyus edib. Ona görə də hərbi əməliyyatların başladığı ilk günlərdə olduğu kimi hazırda da Azərbaycana qarşı bəzi Avropa ölkələri tərəfindən qarayaxma kampaniyası həyata keçirilir, rəsmi Bakı qərəzli və ədalətsiz şəkildə ittiham olunur. Günümüzdə Azərbaycana qarşı ən çirkin kampaniya, qərəzli münasibət ATƏT-in Minsk qrupunun həmsdrlərindən biri olan Fransa tərəfindən sərgilənir. Məsələn, bu günlərdə Fransada erməni lobbisinə, eləcə də mərkəzi hakimiyyətə yaxın kütləvi informasiya vasitələrində belə bir qərəzli fikirlər yer alır ki, Azərbaycan işğal altında olan ərazilərini azad edərkən dinc əhaliyə qarşı amansız olub. Yaxud digər bir gülünc iddia ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində gücdən istifadə edib. Təəssüfedici məqam ondan ibarətdir ki, bu kimi absurd və gülünc doğurucu iddialar təkcə Fransa KİV-lərində yer almır. Eyni zamanda bu ölkənin bəzi "ziyalı" və "ekspertlər"i də eyni fikri təkrarlayırlar.
Parisdən Bakıya ünvanlanan ittiham və qərəz dolu iddialara münasibət bildirən Milli Vəhdət Partiyasının sədr müavini Süleyman İsmayılbəyli deyib ki, əslində sözügedən ölkədən Azərbaycana qarşı bu kimi qərəzli fikirlərin səsləndirilməsi təbiidir. Çünki Fransa ermənilərin ikinci vətəni hesab edilir: "Ona görə də Fransa rəsmiləri, prezident Makronun, yaxud hazırda Azərbaycanı hədəf seçən fransız "ziyalı" və "ekspertlər"in Azərbaycanın qələbəsini gül-çiçəklə qarşılayacaqlarını gözləmək də yersiz idi. Ancaq bütün haılda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi prosesləri bitərəf qalması, tərəf tutması şart idi. Lakin rəsmi Paris bu tərəfsizliyini gözləmədi və açıq şəkildə işğalçı Ermənistanın yanında olduğunu göstərdi, dünyaya nümayiş etdirdi".
MVP rəsmisi qeyd edib ki, Fransadan Azərbaycana qarşı ünvanlanan qərəzli və absurd fikirləri şərtləndirən digər bir amil prezident Makronla bağlıdır: "Çünki hərbi əməliyyatlardan keçən bir neçə gün sonra Ermənistan ordusu ağır məğlubiyyətlə üzləşdi və döyüşləri dayandırmaq üçün Ermənistan baş naziri Makrondan kömək istədi. Fransa prezidentinin tərəfələrə, daha çox isə Azərbaycana yönəlik atəşi dayandırmaq çağırışını isə ölkə rəhbərliyi haqlı olaraq nəzərə almadı. Ona görə də Fransa rəhbərliyində Azərbaycana, onun rəhbərliyinə qarşı kin, qəzəb hissi var".
Süleyman İsmayılbəylinin sözlərinə görə, digər tərəfdən Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi bu ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan Fransa şirkətlərinin sərmayələrinin batması deməkdir: "Ona görə də Fransadan Azərbaycana qarşı bu kimi əsassız, qərəzli, tarixi inkar edən və heç bir beynəlxalq hüquqa uyğun olmayan açıqlamalar verilir. Məsələn iddia edilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hərbi vasitəyə əl atıb. Birincisi, Azərbaycanın hərbi vasitəyə əl atması onun tam hüququdur və BMT-nin Təhlükəsizlik Şurasının məılum qətnamələrinə uyğun olaraq bu addımı atdı. İkincisi, Azərbaycan tərəfi, şəxsən dövlət başçısı dəfələrlə beynəlxalq platformalar, konfrans və seminarlarda, hətta BMT səviyyəsində keçirilən toplantılarda açıq şəkildə bəyan etmişdi ki, işğalçı yenidən silahlanır, aqressiyaya hazırlaşır. Ermənistanın bu aqressiyasının qarşısı alınmalıdır. Əks halda Azərbaycan lazım olan addımı atacaq. Digər tərəfdən Azərbaycan münaqişənin həllində hərbi vasitəyə əl atarkən Ermənistan ərazisinə müdaxilə etməyib. Uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərini azad edib. Əgər həmin ərazilərdə erməni əhali qeyri-qanuni şəkildə məskunlaşdırılıbsa, deməli buna Ermənistan dövləti məsuliyyət daşıyır. Eyni zamanda elə Fransanın özü həmin qeyri-qanuniliyə göz yumduğu üçün məsuliyyətlidir. O ki qaldı hərbi gücdən istifadəyə, Azərbaycana qarşı bu aspektdən qərəz dolu fikirlər səsləndirən fransız "ziyalılar", "ekspertlər", elə Fransa rəsmilərinin özləri gedib tarix açıq oxusunlar. Tarixdən xəbərsiz fransızlar görsünlər ki, keçən əsrin 40-cı illərində Fransa müstəmləkə bir ölkə olaraq hansı əraziləri zəbt edib. Vyetnam və Əlcəzairə hərbi müdaxilə edən, orada öz müstəmləkəçiliyini qoruyub-saxlamaq üçün milyonlarla insanın həyatına son qoyan məhz Fransa olub. Eləcə də XIX əsr Fransa Afrika və Asiyadakı müstəmləkə müharibələrində fəal şəkildə iştirak edib. İndi fikir verin, kimdir təcavüzkar, hərbi vasitədən istifadə edib milyonlarla insanın həyatına son qoyan".
MVP rəsmisi sonda onu da qeyd edib ki, Fransadan səslənən bu cür absurd, tarixi inkar edən açıqlamalar sərxoş, yaxud ciddi zərbə almış birisinin huşunu itirərək sayıqlaması görüntüsü yaradır: "Görünür Azərbaycan Ordusunun uğurlu əməliyyatı və düşmənə vurduğu sarsıdıcı zərbə o qədər təsirli olub ki, zərbənin gücü rəsmi Parisi də sarsıdıb".
Füzuli
Olaylar.az