İnsanlar sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər

Sədaqət Vəliyeva: “Koronavirusla mübarizədə birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik”

Sədaqət Vəliyeva: "Koronavirusla mübarizədə birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik"

Dövlətin və onun müvafiq strukturları, qurumlarının həyata keçirdiyi adekvat tədbirlərə baxmayaraq təəssüflər olsun ki, artıq bir müddətdir Azərbaycanda da koronavirus pandemiyasının daha da geniş yayılması kimi mənfi tendensiyanı müşahidə edirik. Səbrsizliklə sutkalıq COVİD-19-a yoluxanların sayının birrəqəmli olmasını arzuladığımız halda, nə qədər acı da olsa gündəlik yoluxma artıq dördrəqəmli şkala ilə göstərilir və Azərbaycanda sütkalıq koronavirusa yoluxanların sayı 2 min məfəri keçir. Eyni zamanda bu virusdan həyatını itirənlərin də sayında artım qeydə alınır. Belə ki, sutkalıq COVİD-19-dan vəfat edənlərin sayı hətta 20-ni belə keçir. Ona görə də ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah haqlı olaraq yenidən ölkə ərazisində karantin qaydalarının bir qədər sərtləşdirilməsi barədə qərar qəbul etdi.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları təqdir edən ekspertlər eyni zamanda onu da qeyd edirlər ki, cəmiyyət, vətəndaşlar da mütləq şəkildə həmin qaydalara əməl etməlidirlər. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu fikirdədir. Deputat bildirib ki, hazırda dünyada 57 milyon insan koronavirusa yoluxub, 1.4 milyon insan isə bu virusun qurbanı olub. Onun sözlərinə görə, dünyada koronavirusa yoluxanların sayına görə ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiya yer alır: "Bu beş ölkədə virusa yoluxanların ümumi sayı dünya üzrə xəstələrin sayının təxminən 50 faizini təşkil edir. Avropada da, xüsusən Fransa, İtaliyada, İspaniyada və Böyük Britaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edir. Adları çəkilən 4 ölkədə ümumilikdə yoluxanların sayı 6.5 milyon, ölənlərin sayı isə 200 min nəfərə qədərdir". Sədaqət Vəliyeva bildirib ki, son vaxtlar koronavirusa yoluxma tendensiyasının sürətlənməsi Cənubi Qafqaz regionundan, Azərbaycandan da yan keçməyib: "Bu gün Ermənistanda 122 min, Gürcüstanda 94 min, Azərbaycanda isə 84 min insan virusa yoluxub. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı digər iki ölkənin əhalisinin sayının ümumi cəmindən 2 dəfə çoxdur, ölkəmizdə yoluxanların sayı nisbətən aşağıdır. Lakin buna rəğmən biz virusun yayılmasının qarşısını almaq üçün mütləq sərt addımlara getməli, yoluxmanı və ölüm sayını maksimum azaltmalıyıq".

Millət vəkili bildirib ki, ölkəmizdə də gündən-günə virusa yoluxanların sayında artım müşahidə olunur: "Ancaq dövlət koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Əlbəttə ki, yoluxmanın sayının artmasının obyektiv və subyektiv səbəbləri var. Ən böyük səbəb Vətən müharibəsi idisə, artıq böyük Qələbə qazandığımızdan indi diqqəti koronavirusla mübarizəyə yönəltməliyik. İşğalçıları qovaraq, torpaqlarımızı azad edərək Qələbə qazandığımız kimi koronavirusa da qalib gəlib insanlarımızı qorumalıyıq. Böyük zəfəri birlik olaraq əldə etdik, elə koronavirusla mübarizədə də birlik nümayiş etdirməli və virusa qalib gəlməliyik".

Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətini artırması, bəzi məhdudiyyətləri tətbiq etməsi tamamilə məntiqlidir: "Çünki, 2-3 ay öncə gündəlik yoluxmanın sayı 100-150 idisə, hazırda bu rəqəm 15-20 dəfə artaraq 2500-ə çatıb. Əgər virusun geniş yayılmasının qarşısı alınmasa, fəsadları ağır olar. Ona görə də, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməliyik. İndiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları daha da çoxala bilər. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verməmə, məsafə saxlama və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın əvvəlki dalğalarını az itki ilə başa vurmuşduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində olmuşdu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın növbəti dalğasının başlanmasının qarşısını alaq. Buna isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik. Həqiqətən də, biz birlikdə güclüyük. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin geniş yayılmasını önləyəcəyik".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31