Fransa Ermənistan hakimiyyətinə nə vəd edib?

Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması məsələsini qaldıra bilər

Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması məsələsini qaldıra bilər

Rəşadətli Azərbaycan ordusunun işğalçı Ermənistan üzərindəki qələbəsi bir sıra ermənipərəst dairələrin yuxusunu ərşə çəkib. Ermənidən çox erməni olmaq istəyini açıq-aşkar nümayiş etdirən anti-Azərbaycan qüvvələri bu qələbəni qətiyyən həzm edə bilmirlər. Fikir verin, müharibə ölkəmizin tam və qəti qələbəsi ilə başa çatıb, Ermənistanın baş naziri kapituliyasiya müqaviləsinə imza atıb, münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilib, bir sıra beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyənatla çıxış edib,  Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işlərinə start verib, lakin regionda maraqları təmin olunmayan bəzi dövlətlər sanki indi yuxudan ayılıblar. Belə ki, özünü demokratiyanın beşiyi kimi qələmə verməyə çalışan Niderlandın parlamenti anti-terror əməliyyatına, torpaqların işğaldan azad edilməsi savaşına "hərbi cinayət" donu geyindirməyə çalışır, dünyada qəsbkar dövlət imici qazanmış Fransa isə hansısa status məsələsini ortaya atır. Məslə orasındadır ki, belə bir iddia ilə 26 il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunda təmsil olunan Fransa tərfindən irəli sürülür. Əcaba, bu ölkəyə hələ də aydın deyil ki, Azərbaycan öz torpaqlarını hərbi yolla işğaldan azad edib, razılaşmaya əsasən Dağlıq Qarabağın status məsələsi üzərindən bidəfəlik xətt çəkilib. Belə halda Minsk qrupu hansı statusla fəaliyyət göstərə bilər ki, hələ bir təklif də irəli sürsün. Belə məlum olur ki, Fransa hələ də erməni lobbisinin təsiri altından xilas ola bilməyib. Məlum olduğu kimi erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib. Daha dəqiq, Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etditi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla silah-sursat göndərilib. Məlumata görə, Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib.

Elə bu məqsədlə də Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş aparıblar və bu fəaliyyəti indi də davam etdirirlər. E.Makronun noyabrın 16-da Rusiya prezidenti V.Putinə zəng etməsi Fransa hakimiyyətinin və diplomatiyasının bu istiqamətdə fəaliyyətini fəal şəkildə davam etdirdiyini aydın göstərir. Ümumiyyətlə, E.Makron öz məqsədinə nail olmaq üçün ardıcıl şəkildə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri ilə əlqələr saxlayıb. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş "DQR"-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu. Lakin Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllni ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədi güdən prosesin davam etdirilməsini istisna edir. Heç şübhəsiz ki, Fransa bundan sonra da ATƏT MQ həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması vədigər ölkə ilə əvəz edilməsi məsələsini qaldıracaq.

Fransa hakimiyyətinin mövqeyi və cəhdləri onsuz da ölü qurum olan ATƏT MQ həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənib. Fransanın hazırkı cəhdləri bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır. Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki,  insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31