QARABAĞIN AZAD OLUNMASI ƏDALƏT, MILLI QÜRUR VƏ BEYNƏLXALQ HÜQUQ MƏSƏLƏSIDIR

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsi sübut etdi ki, ölkəmiz işğal altında olan torpaqlarını müstəqil şəkildə azad etməyə qadirdir. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır.

Azərbaycan xalqı illərdir bu xoşbəxt sabahın açılacağını, ədalətin bərpa ediləcəyini gözləyirdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, avantürüst Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur"-deyən Ulu Öndərin arzusunu reallaşdırdı.

"Mən bu gün Ulu Öndərin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir!" Ölkə prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaratdı. "Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir" deyən Prezidentimizə olan inamı, sevgini birə beş artırdı.

"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu Öndərin prezidentimiz İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının şahidi oluruq.

Azərbaycan ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Hər bir ədliyyə işçisi builki peşə bayramını təntənə, sevinc və iftixarla qarşılamağa hazırlaşır. Ədliyyə sisteminin yaranmasının 102-ci ildönümü xalqımız, dövlətimiz, eləcə də dünya azərbaycanlıları üçün çox əlamətdar, müstəqilliyimizin tarixində əbədi olacaq bir günün- Qələbə gününün xoş təsirindən ayrılmadığımız vaxta təsadüf edir.

Azərbaycan dövlətçiliyinin inkişaf tarixində ədliyyə orqanlarının sabit fəaliyyəti təmin edilmiş və onun gələcək inkişafı, milli kadrların yetişməsi üçün əlverişli zəmin yaranmışdır. Ədliyyə Nazirliyinin mühüm bir qurum olaraq müstəqil hüquq siyasətinin formalaşdırılmasında iştirakı isə, əlbəttə, Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik qazanmasından və xüsusilə ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlamışdır. Ümummilli liderimizin Azərbaycan Ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatları həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır. Bu illər ərzində ədalət mühakiməsinin beynəlxalq standartlara uyğun həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinin tərkibində icra və probasiya şöbələri təsis edilmiş, cəzaçəkmə yerləri və istintaq təcridxanaları Nazirliyin tabeliyinə verilmiş, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə  olan bir sıra cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Köklü məhkəmə-hüquq islahatlarının ilk illərində ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək, bu məsələ Ədliyyə Nazirliyinin Kollegiyasının Məhkəmə-Hüquq Şurasının müzakirəsinə çıxarılmış və 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilməsi barədə dahi öndər Heydər Əliyevin 11 noyabr 2000-ci ildə imzaladığı Sərəncam ədliyyə işçilərinə verilən ən yüksək qiymət olmaqla yanaşı tarixi irsin qorunmasına xidmət etmişdir. Bir sözlə, Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş, səlahiyyətləri xeyli güclənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.

Hörmətli həmkarlar, qələbəmiz və peşə bayramımız münasibəti ilə hamınızı təbrik edirəm. İnanıram ki, tutduğumuz bu ədalətli yolda prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıqla və məsuliyyətlə çalışacağıq.

  Günay CAVADOVA,

Yevlax Rayon Məhkəməsinin hakimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31