Vətəndaş müharibəsi, yoxsa dövlətin süqutu?
19 Noyabr 2020 11:25 SiyasətErmənistan cəmiyyəti qarşıdurma və daxildən parçalanma dövrünü yaşayır
30 il davam edən mübarizədən sonra Azərbaycan içğalçı dövlət olan Ermənistan üzərində tarixi qələbə çaldı, düşmən tapdağı altında olan torpaqlarımız işəaldan azad edildi. Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcəri, 20-dək Ağdamı, dekabrın 1-dək Laçını tərk etməlidirlər. Lakin Ermənistan tərəfinin müracitinə əsasən ermənilərə Kəlbəcəri tərk etmələri üçün noyabrın 25-nə qədər əlavə vaxt verilib. Amma məkrli düşmən torpaqlarımızda daha bir neçə gün qalmaq, daha çox talamaq xislətindən əl çəkmir. Belə ki, ermənilər tərk etdikləri Kəlbəcər və Ağdam rayonlarında ekoloji fəlakət törətməkdə davam edirlər. Evləri, məktəbləri, səhiyyə ocaqlarını və digər obyektləri yandırmaqla ərazidəki bütün infrastrukturu məhv etmək yolu tutan ermənilər meşələri belə qırıb daşıyırlar. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl və Fizuli rayonlarına səfəri zamanı qeyd edib ki, ermənilər törətdikləri vəhşiliklərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər: "Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik".
Millət vəkili Ülvi Quliyev qeyd edib ki, elə bir coğrafi məkanda yaşayırıq ki, istəsək də, istəməsək də region dövlətlərinin ictimai-siyasi həyatında baş verənləri diqqət mərkəzində saxlamağa məcburuq: "Şübhəsiz ki, xüsusi diqqət yetirdiyimiz ölkə Ermənistandır. Səbəbi hər birimizə məlumdur, xüsusi izaha ehtiyac yoxdur. Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan üzərində qələbə qazandı. Başqa cür ifadə etsək, işğalçı Ermənistan ağır və acı hərbi məğlubiyyətə düçar oldu. Bu, təkcə onunla ölçülmür ki, düşmən 30 ilə yaxın müddətdə işğal altında saxladığı və artıq özününkü hesab etdiyi torpaqları itirib. Onun məğlubiyyətinin kökləri daha dərindir. Birincisi budur ki, ermənilərin məğlubedilməzliyi haqda özlərinin uydurduqları mif darmadağın oldu. Faşizm ideoloqu Gebbelsin dediyi kimi, ermənilər bu yalanı o qədər təkrarlamışdılar ki, nəinki havadarları, özləri də öz yalanlarına inanmışdı. Yalnız faşizmi təbliğ edən Ermənistan kimi bir dövlətdə, Njde kimi faşizm buyruqçusuna heykəl ucaldıla bilərdi... Ali Baş Komandan, Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində gördüyü mənzərəni bu sözlərlə ifadə etməsi təsadüfi deyildi:"Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir... Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir".
Onun sözlərinə görə, faşizm ideologiyasını təbliğ edən Ermənistanın məğlubiyyətinin acı nəticələrindən biri də odur ki, havadarları bu mənzərələri bütün dünyanın seyr etdiyindən və erməni mifinin dağıldığından narahatdırlar: "Müharibə dövrü onu da sübut etdi ki, Ermənistan etibarsız tərəfdaşdır. Bu, o demək deyil ki, Ermənistan artıq təkdir, yaxud xaricdən dəstək verəni yoxdur. Belə deyil. Ən azından ona görə ki, dəstək verdiyin zəif, yalançı, vəhşi və etibarsız çıxa bilər, amma sonuncuya görə öz siyasi nüfuzuna və gücünə kölgə düşməməlidir. Beləsindən birdən-birə imtina etmək də təhlükəlidir. Ermənistanın havadarlarının sırasının seyrəlməməsi, yəqin həm də bununla bağlıdır. Bu cür ağır hərbi məğlubiyyətə düçar olan istənilən ölkədə ictimai-siyasi mühitin gərginləşməsi, cəmiyyətin parçalanması və rəhbərin istefası labüddür. Qarşıdurmanın son həddi vətəndaş müharibəsi, ən pis halda isə dövlətin süqutudur. Müşahidə etdiklərimiz göstərir ki, Ermənistan cəmiyyəti ciddi gərginlik, qarşıdurma və daxildən parçalanma dövrünü yaşayır. Paşinyanın yaxın çevrəsində istefalar artsa da, özü hələ ki, istefa vermir. Səbəbi təkcə inadkarlıqla bağlı deyil. Paşinyanı hakimiyyətə gətirən xarici güclər köməyini ondan indi də əsirgəmirlər. Ermənistanda qərbyönümlü və Rusiyaya meyilli siyasi qüvvələr təxminən bərabər şəkildə bölünüb. Hər iki qüvvəyə xaricdən göstərilən siyasi dəstəyin əlamətləri artıq görsənir. Belə bir vəziyyətdə Ermənistanın vətəndaş müharibəsinə sürüklənməsi ehtimalı yüksəkdir. Odlu silah və ondan istifadə etmək arzusunda olan ermənilər kifayət qədərdir. Kənardan atılan qığılcım yetərlidir ki, bu, baş versin. Amma hər iki xarici güc hələki, bunu etmir. Çünki, onlardan hər biri anlayır ki, qığılcımları qələbə ilə nəticələnməsə, laxlamış siyasi dayaqlarını Ermənistanda birdəfəlik itirəcək. Qarşı-qarşıya dayanan hər iki erməni toplumu da başa düşür ki, yalnız bir seçimləri var. Bu seçim isə, iki fərqli xarici siyasi ünvandan birinin dəstəyinin itirilməsi demək olacaq". Ermənistan partlamağa hazır olan barıt çəlləyini xatırladığını qeyd edən millət vəkilinin sözlərinə görə, xarici güclərdən hər hansı biri, hər an onu partlada bilər: "Ermənistanın hərbi məğlubiyyətinin ən acı nəticəsi məhz bugünkü siyasi mənzərəsidir. Ermənistan müstəqilliyini de-fakto çoxdan itirmişdi, de-yure itirmək ehtimalı da yüksəkdir. Əsas olan odur ki, Ermənistan adlı dövlət və erməni cəmiyyəti təkcə hərbi məğlubiyyətinin deyil, həm də öz yalanlarının acısını artıq yaşayır. O qədər yalan danışıblar ki, bir gün şərti olaraq öz evləri (dövlətləri) od tutub alışanda da,heç kim inanmayacaq. Tam atalar məsəlimizdə olduğu kimi: "Yalançının evi yandı, heç kim inanmadı".
Nurlan
Olaylar.az