30 ilə bərabər 44 gün ərzində tarixi ədalət bərpa olundu

Azərbaycan 44 günlük uğurlu hərbi əməliyyatları ilə dünyaya bir daha güclü, qüdrətli ölkə olduğunu sübuta yetirdi. Eyni zamanda uzun illər işğal altında olan torpaqlarını azad etməklə qüdrətli. Güclü orduya malik olduğunu təsdiqlədi. İndi isə qarşıda yeni hədəflər, vəzifələr dayanır ki, bu da işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq-abadlıq işləri, infrastruktur layihələridir.  Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri, eyni zamanda dövlət başçısının Füzulidən Şuşaya avtomobil yolunun çəkilməsi ilə bağlı tarixi sərəncama imza atması qeyd etdiyimiz prosesin başlanğıcı kimi dəyərləndirilə bilər.

Elə əksəriyyət, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları da bu qənaətdədirlər.  Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyir ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa həyatı qaytaracaq. Onun sözlərinə görə, 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı, işğal altında olan torpaqlarımız azad olundu: "Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu və bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.

Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi, hətta Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndin, bütövlükdə 300-dən çox yaşayış məntəqəsinin azad edilməsi müzəffər Azərbaycan Ordusunun düşmən üzərində parlaq qələbə qazandığına sübutdur. Bu mənada, tam əminliklə deyə bilərik ki, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Təkcə Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Bu gün bir sıra yerli və beynəlxalq hərbi ekspertlər də etiraf edirlər ki, Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu demək oldu. Ali Baş Komandanın dediyi kimi, Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda şərlə xeyir qüvvələrinin mübarizəsi idi".

Millət vəkili bildirib ki, 44 günlük müharibənin yekununda bütün dünya rəsmi İrəvanın məsuliyyətsiz və faşist məzmunlu siyasət yürütdüyünü faktlarla gördü: "Ermənistanın faşist rejimi işğal edilmiş bütün ərazilərdə evləri dağıdıb, infrastrukturu məhv edib. Ona görə də, düşmən mütləq məsuliyyət daşımalıdır. Ermənistan tərəfindən vurulmuş ziyanın hesablanması və təzminat probleminin ən yüksək səviyyədə qaldırılması mütləq zərurətdir".

Sədaqət Vəliyevanın sözlərinə görə,  Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Qarabağın tacı olan Şuşa şəhərinə aparan yolun açılışının həyata keçirilməsi əlamətdar hadisəyə çevrildi: "Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Məhz Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir ki, bu da böyük quruculuq işlərinin ilk layihəsidir. Bu, bir daha isbatlayır ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağa həyatı qaytaracaq. Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq".

Milli Məclisin deputatı Anar Məmmədov isə bildirib ki, 30 ilə bərabər 44 gün ərzində tarixi ədalət bərpa olundu. Deputat deyib ki, rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi: "Azərbaycan ordusu  Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verərək, Köçəryan-Sarkisyan ordusunu məhv etdi.     Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Beləliklə, 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən  torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa olundu, 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları tarixi ədaləti güc, birlik, igidlər və şəhidləri hesabına bərpa edərək möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşamaqda və Azərbaycanın  qələbəsindən sonra Qarabağa  yeni nəfəs gəlməkdədir. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğalçı Ermənistana, bu ölkənin təcavüzkar siyasətinə dəstək olan faşist xislətli dünya ermənilərinə və onların havadarlarına, tarix boyu bizə qarşı törədilmiş erməni vəhşiliklərinə cavab kimi böyük bir dərs verdi". Anar Məmmədov qeyd edib ki, Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir: "Eyni zamanda şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub oldu, Azərbaycan isə qalib gəldi. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək, öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq".

Deputatın sözlərinə görə, müharibənin bitməsindən cəmi 10 gün keçməsinə baxmayaraq, artıq mənfur düşmənin izləri torpaqlarımızdan silinməyə, Qarabağın hər bir guşəsi çiçəklənməyə başlayıb: "Əslində, hətta müharibə davam edən dövrdə belə  işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri aparıldı və erməni vandallığının izlərinin silinməsi istiqamətində işlər görülürdü. İndi isə Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur və artıq gələn il bu yol istifadəyə veriləcək. Bu isə öz növbəsində olduqca əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir".

Anar Məmmədov qeyd edib ki, bunlarla yanaşı, Cəbrayıl, Şuşa rayonlarına yeni elektrik dirəkləri quraşdırılıb: "Şübhə yoxdur ki, bundan sonra da bu proses daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnət məkana çevriləcəkdir. Ölkə başçısının da dediyi kimi, hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək, bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Şübhə yoxdur ki, ən qısa zamanda Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaq və normal yaşanacaqdır".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31