Xalqın məhəbbətini qazanmaq bir  Prezident üçün ən böyük mükafatdır

Adil Əliyev: “ Bizim  Ali Baş Komandan  o mükafatın haqlı sahibidir”

Adil Əliyev: " Bizim  Ali Baş Komandan  o mükafatın haqlı sahibidir"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl və Füzuli rayonlarına səfərini izlədik. 44 günlük müharibənin zəfərlə bitən sonucunda Ali Baş Komandanın dərhal  işğaldan  azad edilən bu bölgələrə səfəri çox qürürverici bir hadisədir. Vətəndaşların Ali Baş Komandanın bu rayonlara səfərindən doğan  böyük sevinc hissi üzlərindən, gözlərindən oxunurdu. Qarşılanma zamanı yaranan izdiham  Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən qazanılan   bu qələbənin miqyasını açıq  göstərirdi, bu təntənə  şanlı qələbənin əyani nümayişi idi.  30 il üzünə həsrət  qaldığımız  bu  torpaqlarda  artıq üçrəngli bayrağımız  insanların ölkə Başçımıza olan sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir  azərbaycanlıya  böyük qürur  və  fəxarət hissi yaşadır. Millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev qeyd edib ki, ölkə başçımız müxtəlif vaxtlarda regionlara səfər edir və bu cür  izdihamlara da  hər  zaman şahid  oluruq. Amma  Qalib Ordunun Qalib Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə - Cəbrayıla və Füzuliyə dərhal səfər etməsi ölkəmizin qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstərilməsi oldu. Bu səfər Müzəffər Ali Baş Komandanımızın qələbə yürüşü idi: "Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında  daha sıx birləşdi. Dövlət-Xalq-Ordu  Birliyi  bir  nümunəyə çevrildi. Ölkə başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə edilməsinə birbaşa nəzarət etdi, bəzən haqlı mübarizəmizin dünyaya çatdırılmasına xidmət  etdi. Dünyanın ən reytinqli televiziya kanallarına, informasiya  agentliklərinə  müsahibələr verdi,  dünya  ictimaiyyətinə Azərbaycanın  haqq  savaşını ən incə  detallarına  qədər  anlatdı. Bu müsahibələr zamanı Prezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verirdi ki, bu cavab döyüş meydanında  düşmənə vurulan zərbə qədər  sərt  və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur  xislətini, təcavüzkar siyasətini bir daha dünya birliyinə çatdıran Ali Baş Komandan həm işğalçı Ermənistana, həm də onun havadarlarına müharibədə məğlubiyyətə düçar olacaqlarının anonsunu da verirdi. Söhbətləri  zamanı  daim Ermənistanın siyasi rəhbərliyinin səriştəsizliyini, "küçə siyasəti" ilə dövlət  siyasətinin yerini səhv salmasını, xalqımıza  qarşı  törədilən cinayətləri,  baş verən  saysız-hesabsız  təxribat  hallarını ardıcıllıqla  sadalayır, düşmən ölkə  tərəfindən  beynəlxalq hüququn kobud şəkildə tapdalanmasına diqqət çəkirdi. Prezidentin dediyi  sözlərlə  döyüş  bölgəsindəki uğurlu  əməliyyatlar bir-birini dəqiqliklə tamamlayırdı".

Sədr müavini bildirib ki, müharibənin başladığı ilk gündən etibarən cənab Prezident şəxsən özü müntəzəm  olaraq xalqımızı baş verənlərlə bağlı məlumatlandırırdı: "Hər  bir  Azərbaycan vətəndaşı  gündəlik olaraq səbirsizliklə dövlət başçısının televiziyada çıxışını və ya "Twitter" sosial şəbəkəsində paylaşdığı xoş xəbərləri, işğaldan azad edilmiş ərazilərimizin elan edilməsini gözləyirdi. Təbii ki, başçısı olduğu ölkədə hər kəsin rəğbətini, məhəbbətini və dəstəyini qazanmaq bir  Prezident üçün ən böyük mükafatdır. Bizim  Ali Baş Komandan  o mükafatın haqlı sahibidir. Tarixi zəfərdən sonra Cəbrayıl və  Füzuli rayonlarına olan səfər Qalib Komandanın öz sevincini xalqı ilə paylaşması məqsədi daşıyırdı. Hərbi əməliyyatların dayandırılmasından qısa zaman keçməsinə baxmayaraq, ölkə başçısının bütün təhlükələri gözə alaraq bu bölgələrə səfər etməsi, qalibiyyət sevincini xalqı ilə  bölüşməsi, xalqın öz qalib Sərkərdəsini belə  sevinc və izdihamla qarşılaması həm də "Mən hər  bir  azərbaycanlının Prezidentiyəm!" - deyən İlham Əliyevin  xalqına  olan sevgisinin bariz təzahürü idi. Bu müddət ərzində istər cənab Prezident, istərsə də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə  saxladılar, hər zaman yanlarında olduqlarını  nümayiş  etdirdilər. Buna hamımız əyani  şahidik. Müzəffər Ordumuzun Ali Baş Komandanının işğaldan  azad  olunan  bölgələrə səfəri zamanı hərbi qulluqçular tərəfindən gördüyü diqqət bir daha bunu deməyə əsas verir ki, müharibədə qalib gəlməyimizdə dəmir yumruğumuzla yanaşı dəmir iradəmizin və sarsılmaz inamımızın  da çox böyük rolu olub. Çox yox, cəmi bir neçə ay əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Ermənistanın baş naziri Nikol Paşinyan bu gün çıxılmaz vəziyyətdədir, qəzəbli  xalqının gözündən gizlənməyə yer axtarır.  Bu  44 gün ərzində erməni xalqı öz baş nazirinin necə zəif və gücsüz olduğunu gördü. İşğalçı ölkə ilə  bərabər  bütün dünya da gördü ki, torpaqların əsl sahibləri qayıdıb. Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Qalib Komandanı qazanılmış qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə getdi. Səfər zamanı ölkə başçısının avtomobili özünün idarəetməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, Azərbaycan xalqı və  Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!"

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31