Fransa ki Fransa...- Əkbər Qoşalı Yazır

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistan üzərində 44 günlük Böyük Vətən Müharibəsi ilə tarixi zəfər qazandı. Bu zəfər dünyada işğalçılığı, separatizmi, terrorizmi, hüqüqtanımazlığı qəbul etməyən dövlətləri, qurum-quruluşların hamısını sevin­dirməli, ən azı onlar tərəfindən anlayışla qarşılanmalıdır. Üstəlik, əgər bir dövlət Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinin həllində vasitəçi missiyası, sülhyaratma mandatı daşıyır(dı)sa, o dövlətin xüsusi məsuliyyət nümayiş etdirməsi gərəkdir. Əgər bir dövlət öz məsuliyyətini daşıya bilmirsə, ən yaxşısı, (tarix və gələcək nəsillər qarşısında sifətini qorumaqçün) öz mandatından imtina etməlidir. Belə bir imtina dövlət xarakterini göstərər, o sənədə imza atan rəhbərtin ləyaqətini ifadə edərdi. Əgər o dövlət Fransasa... O Fransa ki guya vasitəçidir, amma tərəflərdən birinə "guya"sız aşırı dəstək nümayiş etdirir. Elə bir dəstək ki əgər ikinci bir Ermənistan olsaydı, heç o Ermənistan bu Ermənistana belə dəstək verməzdi. Fikir verin, Ermənistan qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımayıb. Hətta, iyulda baş vermiş sərhəd toqquşmasından (Ermənistanın dövlət sərhəddinin Tovuz istiqamətində hücum cəhdindən) sonra da, 44 günlük müharibə günlərində də, Azərbaycan Prezidenti Ermənistan baş nazirinə ultimativ şəkildə "cəsarətin varsa, tanı" dedi, tanıya bilmədilər. Tanıya bilməzlər. Ermənistanın özünün tanıya bilmədiyi qondarma "respublika"nı Fransanın paytaxt meriyası yaxın günlərdə tanımağa hazırlaşır. - Hələlik rəsmi təsdiqini tapmasa da, belə bir məlumat yayılıb. Əlbəttə, Makron Farnsasına yaxud Fransanın Makronuna belə addımları yaraşdırmaq mümkündür. Paris meriyasının başlatdığı belə bir adıyaman, əsilsiz, anti-sülh prosesi varsa, o prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırılmadığını düşünmək sadəlöhvlük olardı. Qatı ermənipərəst mövqeyi ilə tanınan, erməni lobbisinin tam nəzarətində olduğu söylənən Paris meri Ann İdalqonun başçılığı ilə belə bir ziyanlı qərar qəbul edilərsə, bu Fransa parlamentinin də bənzəri qərar verib-verməməsi üçün "test" ola bilər. - Əgər belə  yaramaz addım atılarsa, doğuracağı reaksiyalar, o adıyaman qərarın Paris meriyasından rəsmi Parisin mövqeyinədək qaldırılıb-qaldırılmayacağına təsirsiz ötüşməyə bilər.

Əsilsiz "erməni soyqırımınını inkara görə cəza" haqqında qanun qəbul etmiş bir qaranlıq zehniyyətdən danışırıq...

Bəlli olduğu kimi, Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına başçılıq edir. Yəni digər inzibati vahidlərdən fərqli olaraq, Paris şəhəri tam inzibati azadlığa malik şəhər deyil. Məsələn, Fransada yalnız Paris şəri üzrə polis merə deyil, prezident tərəfindən təyin edilən polis prefektinə tabedir.

Paris Şurası 163 nəfərdən ibarətdir. Prezident Makronun yaratdığı və başçılıq etditi "İrəli, Fransa" partiyası Şurada geniş şəkildə təmsil olunur.

Şura birbaşa səsvermə ilə seçilmir; yeni seçilən şura şəhər merini və onun müavinlərini seçir. Hazırda mer müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Fransa erməniləri təşkilatı CCAF-ın başçısı Ara Toronyanın qızıdır.

Anuş Toronyan öz erməni köklərinə (yaxud köksüzlüyünə) çox bağlıdır və bu bağlılığı nümayiş etdirməyi sevir. Heç təsadüfi deyil ki Fransada Erməni təşkilatlarının koordinasiya şurasının başçısı Jan-Mark Anuş Ara qızı Toronyanı özünə müavin təyin edib.

Anuş başqa neynəyib? - Əsilsiz "1915-ci il erməni soyqırımı"nın "100 illiy"ində çıxış edib; əsilsiz "soyqırım"la bağlı digər tədbirdə də atası ilə birgə iştirak edib; İrəvanın ermənisayaq yubileyinə qatılıb və s. - Yəni adam özünü Paris merinin deyil, İrəvan merinin müavini kimi aparır...

Bəs Anuşun müavini olduğu, çox mənfi presedent yaradacaq bir qərarın qəbuluna hazırlaşdığı deyilən meriya və onun rəhbərliyinin erməniyanlılığı haqqında daha nələr bəllidir? -

-Parisin meri Ann İdalqo 2015-2018-ci illərdə o vaxtkı Ermənistan prezidenti Serj Sarqsyanla 4 dəfə görüşüb;

-Ann İdalqo Ermənistanda yaradılmış "TUMO Center for Creative Technologies" mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. TUMO-nun Xankəndidə də ofisi olub;

-Paris meri seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla bağlantıları olması istiqamətində aparılan qara piar kampaniyasının başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanıb;

-Ann İdalqo 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi (Makronun da qatıldığı) tədbirdə iştirak edib;

-Fransada erməni kilsəsinin açılışında iştirak edib;

-Qondarma "erməni soyqırımı" ilə bağlı "twit"lər paylaşıb və s.

Buyurun, bu da bizə ATƏT Minsk Qrupu həmsədri olan Fransa...  O Fransa ki Qrupun mövcud olduğu dövrdə davamlı şəkildə erməniyanlı mövqeyi ilə seçilib. Əminəm ki "Fransa adı sizdə hansı assosiyanı doğurur?" mövzusunda sorğu keçirsək, ancaq mənfi emosiyalı, anti-türk, anti-müsəlman, anti-Azərbaycan obrazlı bir ölkə obrazı canlanacaq. Minsk Qrupunda həmsədr ölkə mandatı erməniyanlı Fransaya haramdır. - Bir mandat ki işğala məruz qalan tərəfin haqq-hüququ gözardı edilərək, yalnız işğalçı Ermənistana dəstəyə həsr oluna - o ölkə haqqında nə deməli?!. Biz çox erməniyanlı görmüşük, ancaq ta belə də yox də - sənin Azərbaycanla bir problemin yox, sənin Azərbaycanla, Ermənistanla sərhəddin yox... yox da, yox... - Bu yoxluq içində öz "derjava varlğı"nı təsdiq etmək, öz ağırlığını qoymaq istəyirsən - alınmayacaq, bə Fransa, alınmayacaq..!

***

Özəlliklə, bu ilin 27 sentyabrından bəri Fransanın beynəlxalq hüquqa daban-dabana zidd mövqeyi (mövqesizliyi!) bu dövlətin indiyədək müəyyən dərəcədə pərdələdiyi ermənipərəst siyasəti tam çılpaqlığı ilə üzə çıxarmış oldu. Təsəvvür edin: işğalçılıq edən Ermənistan, atəşkəsi pozan Ermənistan, yeni torpaqlar tutacağını rəsmi ağızdan duyuran Ermənistan və də Baş naziri "Qarabağ Ermənistandır. Nöqtə" deyən Ermənistan, günü bu gün, Kəlbəcəri, Ağdamı, Laçını oda verən, viran qoyan Ermənistan... amma Fransa XİN-i ardıcıl şəkildə açıqlamalar verərək, Ermənistana qarşı yox, Azərbaycana qarşı mənfi beynəlxalq rəy yaratmağa çalışır. Məsələn, Fransa XİN-in 7 noyabr açıqlaması, XİN başçısı Le Drianın 10 noyabr açıqlaması qərəzkarlığın, ikilistandartların, bir sürü başqa yaramazlıqların ta özüdür...

Prezident Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı cəza tədbirləri həyata keçirilməsi məqsədilə açıq və gizli cəhdlər göstərib. Belə olan halda o ölkənin XİN-indən, paytaxt meriyasından, osundan-busundan nə gözləyək?..

Beləliklə, Fransa hazırda Azərbaycan Respublikasına münasibətdə açıq düşmənçilik möv­qeyində (mövqesizliyində!) durmaqdadır. Dümanın, Hüqonun ölkəsini günümüzdə idarə edənlər saxta mədəniyyətli, saxta tarixli, saxta məzhəbli ermənilərin lobbi güclərinin ciddi təsiri altındadır. 44 günlük müharibə dövründə Fransa diplomatları Avropa paytaxtlarında Ermə­nistanın xeyrinə iş aparıblar və bu yaramaz fəaliyyət indi də davam etdirilir. Fransa hökuməti, şəxsən prezident Makron əslsiz səbəblərlə, işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib, indi də göstərir. 

Makron və hökuməti öz dəstəkləri bir yana qalsın, Rusiyanın, ABŞ-ın da anti-Azərbaycan mövqeyindən çıxış etməsi üçün dəridən-qabıqdan çıxıb.

Fransanın 44 gün içindəki anti-Azərbaycan cabalamaları, Ermənistanı açıq-gizli müdafiəsi arzu etdikləri nəticəyə gətirib çıxarmadı.

Ustad Sezai Karakoç deyirdi:

"Sakın qədər demə, qədərin üstündən bir qədər vardır,

Nə etsələr boş, göylərdən gələn bir qərar vardır.

Gün batsa nə olar, gecəni onaran bir memar vardır"...

Ustadlar ustadı Nəcib Fazil Qısakürək isə belə deyirdi:

"Rəbbim istərsə sular

büklüm-büklüm burulur,

Sırtına Sakaryanın

Türk tarixi vurulur"!..

Dəmir Yumruqlu Azərbaycan işğal altında olan torpaqlarının böyük hissəsini hərb yolu ilə  azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını sübut etdi. Rəsmi Parisin bacarmadığını Paris meriyası da bacarmayacaq. Hətta, ağılsızlıq edib, Dağlıq Qarabağdakı qondarma qurumu tanısalar belə, bu heç bir nəticəyə gətirib çıxarmayacaq. Bundan öncə İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş "DQR"i tanımışdı. - Bunun bir praktik nəticəsi oldumu? Olmadı və olmayacaq da. Paris meriyası da eynən "tozlu rəf üçün sənəd" qəbul etsə də, dünya dağılmayacaq, "Artsax" qurulmayacaq...

Qatar gedib. İndi Bakı-Yevlax-Xankəndi qatarının, Bakı-Mincivan-Naxçıvan qatarının vaxtı yetişib. Parisdə də, İrəvanda da bunu nə qədər tez anlasalar bir o qədər yaxşı olar...

Fransa üzünü öz tarixinə tutsun və utansın: fikir qatarı onları Əlcəzairə, Vyetnama, Mərakeşə, Cibutiyə, Çada, Qabona, Tunisə... apara bilirsə, bir desinlər görək, milyonlarla dinc insanı necə, nə üçün qırıblar? İnsanlıq suçu boynunda olan bir dövlət sussa yaxşıdır. Heç olmazsa, Paris meriyası boyda sükut günü elan etsələr bəlkə bir az arınalar...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31