Parisin ermənilərin təsiri altında hər hansı qərar verməsi havaya buraxılmış şar təsirindən başqa heç nə deyil

"Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olmasına baxmayaraq, bu ölkə rəhbərliyinin - istər indiki, istərsə də əvvəlkilərin məhz erməni maraqlarından çıxış edərək, erməni lobbisinin təsiri altında olduqları kimsəyə sirr deyil. Bu baxımdan, hazırda Makron hakimiyyətinin də açıq-aşkar Ermənistanın işğalçılıq maraqlarına dəstək göstərməsi, əlinə düşən hər bir fürsətdə Qarabağ münaqişəsinin nizamlanması məsələsində birtərəfli mövqe nümayiş göstərməsi təəccüb doğurmur". 

Sözügedən fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev son məlumatlara görə, Paris meriyasının separatçı xunta rejimi - "Dağlıq Qarabağ Respublikasını" tanıması barədə qərar vermək ərəfəsində olması iddialarına münasibətini bildirərkən deyib.

"Yalnız Emmanuel Makron deyil, həmçinin Parisin meri Ann İdalqonun, eləcə də Fransa parlamentinin bir sıra deputatlarının da bilavasitə erməni lobbisinin güclü təsiri altında olmaları faktı dəfələrlə sübuta yetirilib", deyə qeyd edən siysi ekspertə görə, onların ilk məqsədləri sadə fransızların gözündən düşmüş hakimiyyətlərini növbəti seçkilərdə qorumağa hesablanıb və erməni lobbisi bunun üçün fransalı siyasilərə, eləcə də Paris meriyasına öz dəstəyini ifadə edib:

"Məhz vəd edilən həmin dəstəklərin qarşılığında fransız hakim siyasi dairələri qarşılıqlı addım atmaqla mövqelərini möhkəmləndirməyə çalışırlar. Saxta və yox olmuş "DQR"in Paris meriyası tərəfindən tanınması ehtimalı da buradan yaranmaqdadır. Ancaq daha bir fakt budur ki, belə bir tələm-tələsik "tanınma" cəhdləri heç bir hüquqi əsas, yaxud prioritetlik təşkil etmir, çünki Paris meriyası Fransa dövləti deyil və ümumiyyətlə, hər hansı beynəlxalq təşkilatın, məsələn BMT-nin, eləcə də digər qurumlarda üzvlük haqqını daşımır".

"Hətta Parisin yalnız paytaxt şəhər olması deyil, eyni zamanda departament statusunu daşıması da özündə beynəlxalq hüquqi cəhətləri ehtiva etməməkdədir", deyən baş redaktor onu da bildirib ki, indiki vaxta qədər bu və ya digər statuslarda olan bir sıra İtaliya, Fransa, ABŞ və s. şəhərləri də qondarma separatçı qurumu tanısalar da, "DQR" beynəlxalq hüquqa malik inzibati ərazi kimi rəsmən rədd edilir. Çünki Qarabağ bütövlükdə BMT-nin qəbul etdiyi ərazi vahidi olaraq Azərbaycanındır və bütün dünya, o cümlədən Fransa da ölkəmizin ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyıb. O cümlədən, digər bir məqam da var: "Həmin məqam isə budur ki, hətta Ermənistanın özü "DQR"i "dövlət" olaraq tanımır.

Qaldı ki, Fransanın, ya da başqa hər hansı bir ölkələrin tanımalarına bu, heç vaxt baş verə biləcək hal ola bilməz. Çünki saxta, separatçı və xunta rejimini tanımaqla ilk  növbədə öz ölkələrinin nüfuzlarına, BMT-dəki imzalarına hörmətsizlik göstərəcəklər. Belə məsələlər isə siyasi arenada, diplomatiyada yaxşı hal olaraq qəbul olunmur, rüsvayçılıq, rəzalət kimi qiymətləndirilir".

Bəhruz Quliyev onu da qeyd edib ki, bənzər məsələlərin kökü bir daha "xristian klubu" deyilən yanlış düşüncələrə gedib çıxır: "Ən adi bir detalı xatırlayaq. Ermənilər öz varlıqlarını bütün dünyaya, əsasən də xristian dünyasına ən qədim xristianlar", "xristianlığı ilk qəbul etmiş xalq" və s. əfsanələr, miflər üzərində tanıtmağa çalışırlar. Elə ikinci Qarabağ müharibəsində uğradıqları məğlubiyyətlərin dadını gördükdən sonra da dərhal vallarını "xristianlıq" üzərinə çevirməyə başladılar, xilaslarını bu yöndə axtarmağa çalışdılar. Ancaq gördüyümüz kimi, Qərb ölkələri, Avropa dövlətləri rəsmən kənarda dayandılar və münaqişənin sülh yolu ilə tənzimlənməsi çağırışları etdilər".

"Yalnız Fransa açıq-aşkar, eyni zamanda Minsk qrupunun bütün tələblərini pozaraq, bitərəfliyi tapdayaraq münaqişəyə təsir etməyə səylər göstərdi, amma alınmadı", bildirən siyasi ekspert xatırlatma edib: "Biz cənab Prezident İlham Əliyevin xarici media vasitələrinə, əsasən də fransızdilli mediaya müsahibəsində Fransa prezidentinə lazımi cavab verməsinin şahidi olduq. Dövlət başçımız qeyd etdi ki, əgər Fransa dövləti ermənilərin dərdlərinə bu qədər yanırsa, nəyə görə elə ermənilərin çoxluq təşkil etdiyi Marseli onlara muxtariyyət kimi vermir? Bu sual bütünlüklə fransız ermənipərəstlərinin cavablarını verdi, onları yerlərinə oturdu".

Bəhruz Quliyev erməni lobbisinin bu gün yalnız vəsaitləri hesabına deyil, aqressiyaları ilə də onlara dəstək göstərməyən tərəfləri hədələməkdə davam etdiklərini qeyd edir: "Fransalı jurnalistin Bərdədən, Gəncədən hazırladığı və ermənilərin rəsmən həyata keçirdikləri terror siyasətini ifşa etməklə ictimailəşdirdiyini xatırlayaq. Nə oldu həmin reportajın taleyi? Məlumdur, ermənilər onu ölümlə, başını kəsməklə hədələdilər və həmin reportaj  dərhal kanaldan, kanalın saytından silindi. Belə bir vəziyyət digər xarici reportyorların da başlarına gəlib və əbəs deyil ki, "Sərhədsiz reportyorlar" bəlli təhdidə görə öz etiraz bəyanatlarını yaydılar".

"Hesab edirəm ki, hər nə olursa-olsun, Azərbaycan özünün haqlı mübarizəsində qalibdir və kim olursa-olsun, hansı ölkənin meriyası, bələdiyyəsi və s. qurumları olursa-olsun, onların "DQR"in saxtakar "müstəqilliyini" tanımaları ilə heç nəyə nail ola bilməyəcəklər", bildirən Bəhruz Quliyev sonda vurğulayıb ki, bunun üçün hüquqi faktları, əsasları yoxdur.

"Yoxdursa, demək Parisin ermənilərin təsiri altında hər hansı qərar verməsi havaya buraxılmış şar təsirindən başqa heç nə deyil", siyasi ekspert bildirib.     

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31