Adil Əliyev İƏT-nin Gənclər Forumunun prezidenti ilə görüşüb

Noyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a bildirilib ki, görüş zamanı Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycan Respublikasının ev sahibliyi etdiyini bildirib.

Noyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, görüş zamanı Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycan Respublikasının ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib. Bunun bariz nümunəsi olaraq "IV İslam Həmrəyliyi Oyunlarının" Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasında olan həmrəyliyin daha da gücləndirilməsində vacibliyini qeyd edib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyə Respublikasının rəhbərlik etdiyinin əhəmiyyətli olduğunu deyib.

Vitse-spiker bildirib ki, qədim tarixə malik Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bu gün daha yüksək səviyyədə həyata keçirilir. İki ölkə arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. O, Dağlıq Qarabağ uğrunda Vətən müharibəsində, ərazilərimizin bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.

Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildirərək, xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandığını, uzun illər ərzində öz yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımızın doğma evlərinə qayıtmağa hazırlaşdığını bildirib. Görüşdə vitse-spiker Milli Məclisin qanun yaradıcılığı prosesindən danışaraq, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin fəaliyyəti barədə geniş məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan səmimi qəbula görə təşəkkürünü bildirib. Gənclər Forumunun gördüyü işlər, həyata keçirdiyi layihələr  barədə ətraflı məlumat verib. Hazırda Forumda dünyanın 46 ölkəsindən, o cümlədən qeyri-müsəlman ölkələrdən  müsəlman gənclərin də təmsil olunduğunu qeyd edib.Qonaq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Forumun  aktiv iştirak etdiyini dilə gətirərək, "Justice for Khojaly" beynəlxalq kompaniyası çərçivəsində səylərini əsirgəmədiyini vurğulayıb. Söhbətdə gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31