Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurdu
Artıq bir həftəyə yaxındır ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi qələbəsini qeyd edir. Sentyabrın 27-də başlayan erməni təxribatına qarşı Azərbaycan Ordusunun başlamış olduğu uğurlu əks-hücum əməliyyatı 44 gündən sonra öz qalibiyyəti, zəfəri ilə barışa çatdı. 28 il işğal altında saxlanılan ərazilərimiz cəmi 44 günə düşməndən azad edildi. Nəticə etibarilə Ermənistan Azərbaycan qarşısında təslim olduğunu etiraf etdi, tarixi bəyanata imza atdı.
16 Noyabr 2020 13:15 SiyasətArtıq bir həftəyə yaxındır ki, Azərbaycan dövləti, Azərbaycan xalqı öz tarixi qələbəsini qeyd edir. Sentyabrın 27-də başlayan erməni təxribatına qarşı Azərbaycan Ordusunun başlamış olduğu uğurlu əks-hücum əməliyyatı 44 gündən sonra öz qalibiyyəti, zəfəri ilə barışa çatdı. 28 il işğal altında saxlanılan ərazilərimiz cəmi 44 günə düşməndən azad edildi. Nəticə etibarilə Ermənistan Azərbaycan qarşısında təslim olduğunu etiraf etdi, tarixi bəyanata imza atdı.
Noyabrın 10-dan vətəndaşlarımızın bu tarixi hadisəni, qələbəni boyük coşqu ilə qeyd etməsini haqlı olaraq zəfər həftəsi də adlandırırlar.
Baş verən proseslərə diqqət çəkən Milli Məclisin deputatı Emin Hacıyev deyib ki, şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü 30 ildir işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurdu. Onun sözlərinə görə, bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu: "Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Ölkəmiz Vətən Müharibəsində tam qələbə çalaraq, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli birgə bəyanatı ölkəmizin tarixi qələbəsini özündə əks etdirməklə, müharibəyə son qoydu. Ermənistan Azərbaycanın bütün şərtlərinə boyun əydi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qısa vaxtda boşaldılması ilə bağlı qrafik müəyyənləşdi. Bununla da, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu, möhtəşəm zəfərdir! Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Ordumuz bu möhtəşəm qələbəni xalqımıza yaşatmaqla müstəqil Azərbaycana şərəfli tarix və möhkəm təməlli gələcək bəxş etdi. Cənab Prezidentin bildirdiyi kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik".
Deputat deyib ki, Ermənistanın kapitulyasiyası məcburi köçkünlərimizin işğaldan azad olunan torpaqlarımıza qayıdışı, doğma yurd-yuva həsrətinə son qoyulması, Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması deməkdir: "Ermənistanın məğlubiyyəti eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın həyata qaytarılması, Qarabağ bölgəsinin dirçəldilərək yenidən cənnət məkanına çevirilməsi anlamı daşıyır. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə arxivə getdi".
Emin Hacıyev onu da diqqətə çatdırıb ki, bu, həm də Naxçıvanın blokadadan qurtuluşudur: "Tərəflərin imzaladığı birgə bəyanatda vacib məqamlardan biri Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılmasıdır. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. Bu çətinliyin aradan qalxması Naxçıvanın iqtisadiyyatının inkişafına təkan verəcək. Buradan avtomobil və dəmir yollarının çəkilməsinə, kənd təsərrüfatı və sənaye məhsullarının daha tez xarici bazarlara çıxarılmasına şərait yaradacaq. Dəhlizin olması geosiyasi cəhətdən də böyük əhəmiyyət daşıyaraq regional əməkdaşlığı genişləndirəcək. Azərbaycandan Türkiyəyə, İrana və əks istiqamətdə yüklərin daşınması asanlaşmaqla daha ucuz başa gələcək. Ümumilikdə, torpaqlarımızın işğaldan azad oluması həmin ərazilərimizin iqtisadi potensialından istifadə edilməklə Azərbaycan iqtisadiyyatının gücünə güc qatacaq. Regionda təhlükəsizliyin təmin olunmasına gəlincə, bunu Rusiya və Türkiyə sülhməramlı qüvvələri birgə həyata keçirəcək. Beləliklə, qardaş Türkiyə və Rusiyanın prosesdə iştirakı bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Bu isə regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallığın yaranması deməkdir".
Süleyman
Olaylar.az