Qənirə Paşayeva Ermənistan sualına Əliyevin sözləri ilə nöqtə qoydu: Paşinyan təhrik etdi ki...
2 Noyabr 2020 12:55 Siyasət"Ermənistan özbaşına heç bir şey edə bilməz. Bunu hər kəs bilir. Ermənistanın hərbi gücü "qəhrəman ordusu" yalanın özüdür. Bizim ordumuz bunu döyüş meydanında isbat edir. Ermənistanın beynəlxalq səviyyədə və haqsız yerə dəstək verənləri olmasaydı, o dövlət ayaqüstə qala bilməzdi və bizim torpaqlarımızı işğal altında saxlaya bilməzdi. İkili standartlar illərdir ki, bu quldur dövləti bölgəmizə baş bəlası edib".
Olaylar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyə mediasına müsahibəsində deyib.
Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verən millət vəkili bildirib ki, Azərbaycanı öz qanuni haqlarından istifadə etməyə də, müharibəni alovlandırmağa da Ermənistan dövləti, şəxsən baş nazir Nikol Paşinyan təhrik etdi: "Hərbi-siyasi təhrikləri sərhəd tanımayan Paşinyan gah Şuşaya qanunsuz səfərlər etdi, gah Xankəndidə "Qarabağ Ermənistandır" dedi, gah da Tovuzda dövlət sərhədini pozaraq generalımızı, polkovnikimizi, ümumilikdə, 12 hərbçimizi şəhid etdi. Ardınca Goranboya təxribatçı diversiya qrupu yolladı və nəhayət, 27 sentyabrda Qarabağda hücuma keçdi. Belə olduğu halda, cavab həmləsi şərt oldu və sürətlə irəliləyən Azərbaycan Ordusu düşməni darmadağın etməyə başladı".
Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsi ilə bağlı iddialara cavab verən Paşayeva bu nüansda Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini xatırladıb: "Türkiyədən hərbi vasitələr və sursatlar almağımıza dair bütün xarici TV-lərin suallarına Prezident İlham Əliyev belə cavab verir: "Türkiyədən hərbi texnika alırıq. Amma başqa ölkələrdən də alırıq. Rusiya, İsrail, Belarus, İran, Ukrayna, Şərqi Avropa ölkələrindən. Türkiyənin hazırda inkişaf etmiş hərbi sənaye kompleksi var. Cənab Prezidentin cavabı bizi ittiham edən bütün tərəflərə silah aldığımız ölkələrin tutarlılığına diqqət yetirməyə dəvət edir. Yalnız Türkiyəyə vurğu etməklə bizi çəkindirəcəklərinimi düşünürlər? Unudurlar ki, Türkiyə-Azərbaycan münasibətlərində kimlərinsə ittihamı ilə geri addım atılması mümkün deyil! İşə baxın: Ermənistan Azərbaycan torpaqlarını işğal etsin, uzun müddət istismar etsin, ona "gözün üstündə qaşın var" deyən olmasın, ona silah yollasınlar, biz öz qanuni haqlarımıza uyğun addım atanda ittiham edilək".(publika.az)