Beynəlxalq təşkilatlar təsdiq etdilər
30 Oktyabr 2020 12:25 SiyasətErmənistan Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirib
Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmanı işğalçı dövlətin silahlı qüvvələri növbəti dəfə kobudcasına pozmaqda davam edir. Bununla kifayətlənməyən Ermənistan hətta dinc əhaliyə qarşı beynəlxalq konvesiyalarla qadağan edilmiş silahlardan da istifadə edir. Belə ki, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə aidiyyatı olmayan məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutur. Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir, Ağcabədi, Naftalan kimi yaşayış məntəqələrinə raket atəşi endirib. Bərdə şəhərində törədilən hərbi təxribat isə daha faciəvi şəkil alıb. Heç bir hərbi obyektin olmadığı şəhərin raket atəşinə tutlması sözssüz ki, dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı aktıdır. Məlum məsələdir ki, bu cür təxribatlar törətməklə düşmən Azərbaycanı Ermənistana qarşı aktiv hərbi əməliyyatlara təhrik etməklə üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyir. Lakin buna baxmayaraq istənilən halda qadağan olunmuş silahların mülki əhaliyə qarşı yönəldilməsinə görə, bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür. Azərbaycan tərəfi isə atəşkəs rejiminə riayət etməklə yanaşı, silahdan istifadə zamanı bütün beynəlxalq sənədlərə riayət edir.
Ermənistanın çoxsaylı insan tələfatı ilə nəticələnən Bərdə təxribatı insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların da hiddətinə səbəb olub. Artıq bir sıra beynəlxalq təşkilat Ermənistanın qadağan olunmuş silahlardan mülki əhaliyə qarşı zərbə endirməsi faktını təsdiqləyərək bu addımını qınayan bəyənatla çıxış edib. Daha dəqiq, "Human Rights Watch" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatın bu barədə yaydığı açıqlamada qeyd olunur ki, Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib: " Hücumda ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib".
Ardınca "Amnesty International" təşkilatı da Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Təşkilatın bu barədə yaydığı açıqlamada deyilir ki, dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketi atılıb və xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, nəticədə ən azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb. Qeyd olunur ki, "Amnesty International"ın böhrana cavab mütəxəssisləri şəkillərə əsasən şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər. Vurğulanır ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.
Onu da qeyd edək ki, bir sıra xarici ölkələrin kütləvi informasiya vasitələri də Ermənistanın Bərdə şəhərində törətdiyi terror aktı barədə məqalə dərc edib. "The New-York Times" nəşrində erməni silahlı qüvvələrinin Azərbaycanı növbəti dəfə raket atəşinə tutması, erməni təcavüzü və Azərbaycanın işğal edilmiş ərazilərində hazırda davam edən hərbi əməliyyatlar barədə məqalə dərc edilib. Qəzetin Ermənistan tərəfindən raket atəşinə məruz qalmış bir qrup jurnalisti Azərbaycanın dinc əhalisinə qarşı hücumu təsvir edib. Məqalənin müəllifi jurnalist Karlotta Qell yazır ki, birinci partlayış çox gurultulu olub. Jurnalistlər maşından tullanaraq yaxınlıqdakı divara qısılıblar. Karlotta Qell yazır: "Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, lakin cəbhə xətti Bərdədən 20 mil uzaqdadır. Həmin ana qədər bu rayonda sakitlik idi". Reportyor daha sonra raket zərbəsinin dəhşətli nəticələrini və yaralı dinc sakinlərin yaxınlıqdakı özəl poliklinikanın zirzəmisinə çatdırılmasını təsvir edir.
Bir daha xatırladaq ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin mərkəzinə raket zərbəsi nəticəsində 21 nəfər həlak olub, daha 70 nəfər yaralanıb, o cümlədən 7 yaşlı qız uşağı dünyasını dəyişib. Bunun əksinə olaraq Azərbaycan hərbi münaqişə zamanı silahla davranışla bağlı üzərinə götürdüyü bütün öhdəliklərə sadiqlik nümayiş etdirir. Xatırladaq ki, Azərbaycan Respublikası adi silahlara nəzarət üzrə bütün müqavilə və sazişlərin üzvüdür. Belə ki, Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə (AASQM) və Vyana Sənədinə hələ 1992-ci ildə qoşulub. Həmçinin Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Uyğunlaşdırılmış Müqaviləni, eləcə də Yüngül və Atıcı Silahlar üzrə Sənədi imzalayıb. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qalaraq dinc əhaliyə qarşı nəinki kütləvi qırğın silahından, heç adi yüngül silahdan istifadə etmir. Azərbaycan Respublikası şəffaflığı təmin etmək məqsədilə özünün silahlı qüvvələri barədə hərtərəfli məlumat mübadiləsində iştirak edir, iştirakçı dövlətlərin müfəttişlərini qəbul edir və iştirakçı dövlətlərdə müfəttiş rolunda çıxış edir. Ermənistanın isə kütləvi qırğın silahına malik olması, bundan mülki əhaliyə qsrşı istifadə etməsi artıq beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir. Şübhə yoxdur ki, beynəlxalq təşkilatların səsləndirdikləri fikirlər hesabatlarında da əksini tapacaq və Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi reallaşacaq.
Alim
Olaylar.az