Mülki əhalinin atəşə tutulması əmrinə kim rəvac verir?

Ermənistan tərəfi müharibə və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cavab verəcək

27 sentyabr tarixindən Ermənistanın yeni torpaq iddiaları ilə Azərbaycana qarşı başlatdığı hərbi təcavüz və hərbi təxribatları nəticəsində raket hücümuna məruz qalmış mülki yaşayış məntəqələrində xeyli tələfat və insan ölümü qeydə alınıb.  Nəzərə almaq lazımdır ki, Ermənistanın məqsədli şəkildə artilleriya atəşinə məruz qoyduğu mülki yaşayış məntəqələri münaqişə zonasından xeyli uzaqda yerləşir. Heç şübhəsiz ki, təcavüzkar dövlət tərəfindən Gəncə, Mingəçevir, Ağcabədi, Naftalan və Bərdə kimi Dağlıq  Qarabağa aidiyyatı olmayan şəhərlərin raket atəşinə tutulması açıq şəkildə Ermənistan siyasi rəhbərliyinin münaqişə ərazisini genişləndirərərək daha çox insan təlafatına yol açmaq, regionda humanitar böhran vəziyyəti yaratmaq məqsədinə xidmət edir. Ermənistan silahlı qüvvələri tərəfindən ikinci dəfə Bərdə şəhərinin mülki əhalinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan zərbələr endirməsi bu fikri bir daha təsdiq edir. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Bərdə şəhərində törətdiyi hərbi təxribat nəticəsində 21 mülki şəxsin həlak olub, 70-dən çox şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. İndi belə bir sual meydana çıxır: Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi insanlıq əlehinə cinayətlərinin arxasında kim durur və bununla bağlı əmirlər kim tərəfindən verilir? Millət vəkili Zahid Oruc qeyd edib ki, raket zərbələri açıq-aşkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır və bununla düşmən bir aylıq  dövrdə hərbi meydandakı məğlubiyyətinin əvəzini Azərbaycan xalqından çıxmaq niyyətidədir. Onun sözlərinə görə,  millətimizə qarşı müharibə elan edilməsinin fərqində olmalıyıq: "Paşinyan rejimi dərk edir  ki, min illlik erməni ideallarını, saxta və cəfəng maksimalist məqsədləri uduzaraq, salamat qala bilməyəcəklər. Onlar qərarı belə veriblər ki, heyflərini silahsız insanlardan çıxsınlar. Həm dövlətçilik tarixinə, həm də mədəniyyətə malik olan və hər zaman müxtəlif düşmən hücumlarına məruz qalan, lakin onu dəf etməyi bacaran xalqıq. Hər kəs bu savaşı uzun illərdir ki, gözləyir. Bu gün evindən sağ-salamat çıxaraq şəhərin mərkəzi ilə hərəkət edən insanların bu cür qəfil, amansız hücuma məruz qalması bu Ermənistanın rəzilliyini, ləyaqətsizliyini göstərir. Bağlı qapılar arxasında Ali Baş Komandanımıza sülh istəyi ilə müraciət edən, hərbi meydandakından daha amansız siyasi-diplomatik müharibə aparan qüvvələr Bərdənin küçə və yollarındakı səhnəni görməlidirlər. Bilməlidirlər ki, sülhü kimlər üçün istəyirlər və Pompeonun  çıxışı İrəvandan verilən cavabdır. Humanitar pauzanın üstündən xətt çəkilməsi deməkdir". Deputat Azərbaycan xalqının iradəsini yıxmağa çalışanların məğlub olduğunu da qeyd edib: "Bütün itkilərə baxmayaraq, heç kim  o qədər ağrıların, acıların içərisində "müharibə dayansın" demir. Biz bu ağrılara qatlaşıb onlara Şuşadan, Xankəndidən cavablar verəcəyik. Hesab edirəm ki, özlərinin dediyi kimi, məğlub olduqlarını bilə- bilə Azərbaycanın sərhədlərini döyüş meydanına çevirmək istəyirlər. Onlar silahlarının hamısını Qarabağa gətiriblər. Ali Baş Komandanımızn dediyi kimi, Azərbaycan Qarabağı təkcə Ermənistandan yox, ATƏT-in  Minsk qrupuna  daxil olan dövlətlərdən də qoruyur. Ermənistanın məğlub olması onları da məğlub duruma salır. Bu rəzil hücumun cavabı 10 qat artıqlığı ilə veriləcək. İki gün ərzində 26 insanımızı öldürüblər. Bu terror deyil, açıq şəkildə hərbi həmlədir, hücumdur. Bərdəni cəbhəyə çevirmək istəyirlər. Gəncənin, Bərdənin və digər şəhərlərin qisasını bu zərbəni vuranlardan almalıyıq. Əminəm ki, ən yaxın zamanda bu cavabı görəcəyik". Millət vəkili, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli mətbuata açıqlamasında qeyd edib ki, Bərdə şəhərinin təkrarən "Smerç" reaktiv raket sistemləri tərəfindən vurulması Ermənistan hakimiyyətinin cinayətkar mahiyyətindən xəbər verir. Onun sözlərinə görə, bu cür dəhşətli və dağıdıcı qüvvəyə malik silahla mülki əhalinin qətlə yetirilməsi ancaq Paşinyanın tapşırığı ilə həyata keçirildiyi şübhəsizdir: "Kaset başlığa malik bu raketlər bütün sivil ölkələrdə qadağan edilib. Ermənistan bu cinayətkar addımı ilə işğalçı niyyətindən çəkinmədiyini nümayiş etdirir və həmçinin, Azərbaycan tərəfini hər hansı bir güzəştə getmək kimi mənasız niyyətini ortaya qoyur. Heç şübhəsiz ki, Azərbaycan xalqının bu ədalətli azadlıq müharibəsinin qarşısını heç bir hadisə, heç bir qüvvə ala bilməz. Mütləq Ermənistan tərəfi müharibə və insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cavab verəcək".

Nurlan

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31