BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin girovuna çevrilib
29 Oktyabr 2020 09:43 SiyasətSəmərəsiz, heç bir nəticəsi olmayan fəaliyyətlər digər beynəlxalq təşkilatlara da xasdır
Bu günlər dünyanın əsas siyasi təsisatlarından sayılan Birləşmiş Millətlər Təşkilatının fəaliyyətə başlamasının ildönümü tamam oldu. Düzdür, hazırda bu təşkilat dünyanın əsas təsisatı hesab edilsə də, lakin son illərdə onun səmərəsiz fəaliyyəti sözügedən təşkilatda ciddi islahatların həyata keçirilməsi zəruriliyini ortaya qoyub. Elə son həftələr ərzində qurumun Təhlükəsizlik Şurasının Qarabağ problemi ilə bağlı keçirdiyi qapalı toplantı və həmin toplantıda ortaya qoyulan ədalətsiz davranış da belə deməyə əsas verir. Sözügedən iclasda Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən hərbi birləşmələrini çıxarması barədə BMT-nin Təhlükəsizlil Şurasının qəbul etmiş olduğu 4 qətnamənin yekun bəyanata daxil edilməməsi cəhdi belə deməyə əsas verir.
Bu faktın özü Birləşmiş Millətlər Təşkilatı adlı qurumda belə ermənipərəst mövqenin mövcudluğunu ortaya qoyur. Əgər sözügedən qurumda, xüsusilə onun Təhlükəsizlik Şurasında təmsil olunan ölkələr arasında Ermənistana xüsusi rəğbət, sevgi, erməni maraqlarına xidmət kimi amillər olmasaydı, indiyə qədər Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması barədə qəbul edilmiş 4 qətnamənin icrasına ciddi nəzarət edilər, düşmən ölkədən bunu qətiyyətlə tələb edərdilər. Əgər ortaya belə bir fakt və tələb yoxdursa, deməli BMT və onun Təhlükəsizlik Şurası barədə söylədiklərimiz acı reallıqdır. Təsadüfi deyil ki, əksər ekspertlər də məhz bu qənaətdədirlər. Hüquqşünas Əli İbrahimov hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında rüsvaycılıq baş vermişdir: "Belə ki, oktyabrın 19-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Birləşmiş Ştatlar və Fransa tərəfindən Təhlükəsizlik Şurasının Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdır. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə- İndoneziya, Nigeriya, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenada- layihəyə Təhlükəsizlik Şurası qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdir. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildirmişlər. Həmsədr ölkələr tərəfindən bəyanatın 2 dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək Təhlükəsizlik Şurası qətnamələrinə istinadın yer almasında təkid etmişlər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişlər".
Əli İbrahimovun sözlərinə görə, son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi Təhlükəsizlik Şurasında müzakirə olunurdu: "Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlər. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn. Həmsədr ölkələr öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. Təhlükəsizlik Şurası qətnamələrinə bu münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar. Təhlükəsizlik Şurası qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmişdi. Hər 3 həmsədr ölkə qətnamələrin lehinə səs vermişdi". Bəs nəyə görə həmsədr ölkələr həmin Təhlükəsizlik Şurasının qətnamələrindən bu qədər qorxurlar?. Əli İbrahimov hesab edir ki, belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir: "Təhlükəsizlik Şurası qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır? Nəyə görə işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar qoyulmur? Ermənistan beynəlxalq hüququ və Təhlükəsizlik Şurası qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmadı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu. 27 ildən sonra Azərbaycan ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi". Hüquqşünas hesab edir ki, münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistan və Minsk Qrupunun həmsədr ölkələridir: "BMT bütövlükdə Təhlükəsizlik Şurasının daimi üzvlərinin girovuna çevrilib. Təhlükəsizlik Şurasının daimi üzvləri ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Nəyə görə Hindistan, İran, Yaponiya, Türkiyə, Almaniya, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr Təhlükəsizlik Şurasının daimi üzvü olmamalıdır? Nəyə görə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan bir ölkə yoxdur? Dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?". Hüquqşünas bildirib ki, Qoşulmama Hərəkatı ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu həm də QH-nin bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi: "Bəzən bir sıra müxalifət nümayəndələri "Qoşulmama Hərəkatına qoşulmaq Azərbaycanın nəyinə lazımdır", "Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir" kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham ƏIiyev Qoşulmama Hərəkatı ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. Ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Uzun illər səbrlə və ağılla aparılmış siyasətin nəticəsidir".
Əli İbrahimov hesab edir ki, işğalçı, terrorçu və təcavüzkar Ermənistana heç bir beynəlxalq təzyiqin göstərilməməsi də məhz beynəlxalq təşkilat və qurumların, ən başda Birləşmiş Millətlər Təşkilatının səmərəsiz fəaliyyətinin nəticəsidir: "Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Bir fakt ondan ibarətdir ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsini reallaşdırır. Hibrid müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə nə hərbi, nə də diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir. Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terrorçuları işğal etdiyi Azərbaycan torpaqlarına gətirərək onlara təlim keçir. Eyni zamanda, Ermənistan onlardan muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir. Hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmir. Halbuki, demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar". Hüquqşünas onu da bildirib ki, Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı: "Avropa İttifaqının Gəncə hadisələri ilə bağlı bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terroru ilə bağlı rəy bildirən Avropa İttifaqı mülki insanların tələfatı və dinc sakinlərin yaralanması ilə nəticələnən Gəncə hadisələrinə dair "hər hansı bir tərəf mülki insanları və mülki obyektləri hədəf almasını dayandırmalıdır" bəyanatı verdi. Avropa İttifaqının bu bəyanatı işğalçı ölkədə isterika ilə qarşılandı. Bütün cəbhələr üzrə məğlub olan düşmən hazırda yeganə nicat yolunu terrorçularla ittifaqda görür. Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş separatçı rejim nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçular ilə tərəfdaş olur. Bir tərəfdən, Suriya və Livandan terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə Avropada neonasist ideologiyasının daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorçu Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı mübarizəsindən qalib çıxacaq".
Süleyman