Dünya birliyi Bərdə terroruna səssiz qalmamalıdır- SƏDAQƏT VƏLİYEVA

Erməni vandalizmi və terrorizmi özünün ən yırtıcı, vəhşi formasını göstərir. Artıq bir neçə dəfədir ki, döyüş meydanından yüzlərlə kilometr kənarda yerləşən mülki obyektlər, kənd və qəsəbələrimizi raket atəşinə tutan Ermənistan onlarla dinc sakinimizin həyatına son qoyur, yüzlərlə vətəndaşımızın xəsarət almasının günahkarına çevrilir. Maraqlıdır ki, hər dəfə də düşmən ölkə bu kimi terror hücumlarını humanitar atəşkəs əldı edildikdən dərhal sonra həyata keçirir. Gəncəyə edilən xain hücumlardan sonra bu dəfə Bərdəni hədəfə alan Ermənistan ard-arda atdığı ballistik raketlərlə 30-a yaxın insanımızın həyatına son qoyub. Təkcə oktyabrın 28-də düşmənin Bərdəyə atdığı raket 21 nəfərin ölmünə, 70-ə yaxın vətəndaşımızın yaralanmasına səbəb olub. Təəssüflər olsun ki, Ermənistanın bu xain, terrorçu hücumları bütün dünyanın gözü qarşısında baş verdiyi halda beynəlxalq aləm, dünya birliyi ermənilərin insanlıq əleyhinə cinayətlərinə səssiz qalır, ona qarşı hər hansı bir ölçü götürmürlər. Dünya birliyi, beynəlxalq aləmin Ermənistana qarşı təzyiq göstərməməsi və bu kimi terror hücumlarının artması Azərbaycan cəmiyyətində haqlı olaraq narazılıq, etiraza səbəb olur. Milli Məclisin deputatı Sədaqət Vəliyeva sual edir ki, Azərbaycanı atəşkəsə riayət etməyə dəvət edən ölkələrin birində terror törədilərsə, uşaqlar, qadınlar qətlə yetirilərsə, onlar sakit, heç bir tədbir görmədən dayanarlarmı?. Deputatın sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi Rusiyanın təşəbbüsü ilə elan olunmuş humanitar atəşkəsi iki dəfə pozduqdan sonra ABŞ-ın təşəbbüsü ilə üçüncü dəfə humanitar atəş elan olunmuşdu: "Lakin ilk iki atəşkəsə sadiq olmayan Ermənistan üçüncü dəfə də kobud şəkildə humanitar atəşkəsi pozdu. Gəncə terrorundan sonra Bərdənin bombalanması ilə üçüncü dəfə atəşkəsi pozan Ermənistan işğalçı və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi. Paşinyan rejimi Gəncə qətliamı ilə Rusiyaya, Bərdə terroru ilə isə ABŞ-a hörmətsizliyini göstərdi və isbatladı ki, Ermənistan beynəlxalq hüquqa tüpürür. Ona görə də bu terror hücumlarına layiqli cavab vermək hüququnu Azərbaycan özündə saxlayır".

Deputat bildirib ki, silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir: "Uşaqların arzu və xəyallarını dağıdan erməni terroruna dünya nə üçün susmalıdır? Haradadır BMT, ATƏT, HRW, UNİCEF? Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız uşaq, qadın, yaşlı həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Ermənistan açıq-aşkar hərbi cinayət törədir, dinc insanları qətlə yetirir, lakin ABŞ, Rusiya, Fransa kimi dövlətlər, eləcə də beynəlxalq təşkilatlar tədbir görmək əvəzinə Azərbaycan tərəfini sakitləşdirməyə, atəşkəsə riayət etməyə dəvət edirlər. Görəsən, Azərbaycanı atəşkəsə riayət etməyə dəvət edən ölkələrin birində terror törədilərsə, uşaqlar, qadınlar qətlə yetirilərsə, onlar sakit, heç bir tədbir görmədən dayanarlarmı? 2001-ci ildə ABŞ terrora cavab olaraq Əfqanıstanda hərbi əməliyyatlara başladı. Belə misallar çox çəkmək olar. O zaman sual edilir ki, nə üçün Azərbaycan Ermənistanın azğın hərəkətlərinə cavab verməməlidir?".

Sədaqət Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev xalqa müraciəti zaman Azərbaycanın işğalla, terrorla barışmayacağı barədə qəti mövqeyini bir daha ortaya qoydu: "Cənab Prezident İlham Əliyevin xəbərdarlıqları kifayət qədər konkret, ünvanlı və beynəlxalq hüquqa, xalqın həmrəyliyinə söykənirdi. Bu, ikinci Qarabağ müharibəsi başlayandan Prezidentin xalqa 5-ci müraciəti idi, amma bu dəfə daha sərt və açıq danışdı. Gələcəkdə Azərbaycanda iqtisadi maraqları olan dövlətlər ədalətli mövqe tutmayacaqları halda əməkdaşlıq edilməyəcəyi haqda xəbərdar da olunurlar. Eyni zamanda, Prezidentin həmsədrləri - Bakıya təzyiq edən, müharibəni dayandırmağımızı istəyən, Ermənistanı silahlandıran böyük dövlətlərin açıq şəkildə ifşa etməsi cəbhədəki vəziyyətə uyğundur. Son müraciətdə bu qədər emosional notlarla köklənmiş çıxış həlledici məqamın yetişdiyini göstərir. Prezident müraciətdən bir gün əvvəl Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə yubanmaları tənqid etməsi ilə orduya "vaxt itirməyin" göstərişi verərək, düşmənə son zərbəni hazırlayır. Həlledici məqamda mane olacaq ölkələrə də F-16-ları xatırlatmaqla son mesajını göndərir. Bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik. Ola biləcək danışıqlar, yaxud atəşkəs sadəcə formal xarakter daşıyacaq, masada müzakirə gedərkən, əsgər cəbhədə döyüş tapşırığını yerinə yetirir. Vətən müharibəsi qələbəyə qədər davam edəcək. Bunun göstəricisi kimi cənab Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı". Deputatın sözlərinə görə, artıq proseslər elə bir mərhələyə gəlib çatıb ki, "5 rayon + 2 rayon" formatının, "Kazan formulu" adlanan danışıqlar mövzusunun arxada qaldığı aydın görünür: "Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir. Əlbəttə ki, yeni yanaşma Azərbaycanın hərb meydanında öz hüquqlarını bərpa etməsi reallığına uyğundur. Artıq hər bir təşkilat və dövlət Azərbaycanın dəyişdiyi reallıqları qəbul etməli, bu reallıqları təcavüzkara qəbul etdirməli, erməni tərəfini mədəni muxtariyyət, iki icmanın birgə yaşayışı və bələdiyyə muxtariyyətləri çərçivəsində həllə razı  salmalıdır. Çünki bu təklif mədəni dünyanın standartlarına, o cümlədən Regional Dillər və ya Azsaylı Xalqların Dilləri üzrə Avropa Xartiyasına, Avropa Şurasının Etnik  Azlıqların Müdafiəsi Haqqında Çərçivə Konvensiyasına və digər beynəlxalq hüquqi aktlara uyğundur. Bunun əksi mümkün deyil. Əgər Ermənistan tərəfi keçmiş prezidentlərin və indiki baş nazirin dili ilə azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığı kimi irqçi fikirlər təlqin edəcəklərsə, o zaman rəzil, təslimçi sülhlə, onun şərtlərilə razılaşmağa məcbur ediləcəklər".

Bərdədən olan millət vəkili Fatma Yıldırım isə deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdədə xalqımıza qarşı növbəti terror aktı törədilib. Onun sözlərinə görə, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar mülki şəxslərə qarşı törədilən bu soyqırımı görməzdən gəlməməlidir: "Bu qətliamlara dur deyilməlidir. Aciz vəziyyətdə olan şərəfsiz düşmən törətdiyi cinayətlərə görə mütləq cavab verəcək".

Millət vəkili Məlahət İbrahimqızı isə hesab edir ki, təcavüzkar Ermənistan dövlətinim Xocalıdan sonra Gəncədə, onun ardınca Bərdədə qətliyam törətməsi  bu dövlətin terror dövləti olmasını bir daha sübut edir: "Terrorçu Ermənistan törətdiyi bütün cinayətlərin cavabını artıqlaması ilə alacaqdır, necə ki, bu gün alır.  Riyakar beynəlxalq təşkilatlar isə susur, görmür, eşitmir. ATƏT isə yəqin  ki, yenə də eşitməyə adət etdiyimiz ermənipərəst bir mövqe göstərər"

Milli Məclisin deputatı Tamam Cəfərova deyib ki, Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər: "Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir. Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir". Deputat deyib ki, bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək: "Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi.

Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlarından azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram". Deputat onu da qeyd edib ki,  Azərbaycan ordusunun düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik: "Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır. Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun".

Deputat Məşhur Məmmədov təəssüf hissi ilə qeyd edib ki, erməni silahlı qüvvələri tərəfindən son iki gün ərzində müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər həlak olub, bir çoxları müxtəlif dərəcəli xəsarət alıb: "Həlak olanların ailəsinə başsağlığı verirəm, onları əmin edirəm ki, qisasları tezliklə alınacaq. Dünyanı, güc dövlətlərini bu ədalətsizliyə susmamağa səsləyirəm. Ötən gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. İnanmaq istəyirəm ki, dünya birliyi, nəhayət dinc əhaliyə qənim kəsilən Ermənistanın terrorçu bir dövlət olduğunu etiraf edib, haqq səsimizdə bizə dəstək olacaqlar". Deputat qeyd edib ki, işğalçı Ermənistan Bərdədə mülki insanlara qarşı növbəti dəfə terror törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyalarını, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarını bir daha kobud şəkildə pozub.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31