Ermənistan beynəlxalq qanunlara meydan oxuyur
“Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.
13 Oktyabr 2020 14:22 Siyasət"Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir. BMT-nin Baş Məclisinin 1974-cü il 14 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"də də vurğulanır ki, mülki əhaliyə, xüsusilə, əhalinin ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi qadağandır və belə hərəkətlər pislənməlidir". "Olaylar" xəbər verir ki, bu məlumat Ombudsman tərəfindən Gəncə şəhərində həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hazırlanan hesabatda əksini tapıb. Hesabatda qeyd olunur ki, BMT-yə üzv olan dövlətlər qadınların və uşaqların müdafiəsi üçün mühüm təminatlar verən 1925-ci il Cenevrə protokolu və 1949-cu il Cenevrə konvensiyaları, həmçinin, silahlı münaqişələr dövründə insan hüquqlarına hörmət edilməsinə aid digər beynəlxalq hüquqi aktlarla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Bütün bunlara baxmayaraq, beynəlxalq müqavilələrdən irəli gələn və üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğu halda bunu icra etməyən Ermənistan dövləti silahlı qüvvələri Azərbaycan Respublikasının mülki əhalisinin sıx məskunlaşdığı və içərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binaları Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.