Ermənistanın törətdiyi hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş  terror aktıdır

Ombudsman Gəncə hadisələri ilə bağlı hesabat hazırlayıb

Ermənistan Respublikasının silahlı qüvvələri 2020-ci il oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutması nəticəsində dinc əhali arasında ölüm, yaralanma halları baş vermiş, yaşayış binaları və digər mülki obyektlər təmamilə dağıdılmış, külli miqdarda maddi ziyan vurulmuşdur. Gəncə şəhərində keçirilmiş faktaraşdırıcı missiya çərçivəsində müəyyən edilmişdir ki, təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyihə yönəlmiş cinayətkar əməllərindən əl çəkməyən işğalçı Ermənistan Respublikası tərəfindən BMT Nizamnaməsinin, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən beynəlxalq humanitar hüquq normalarının, Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, xüsusilə "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Konvensiya"nın, "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyası"nın, "Uşaq hüquqları haqqında Konvesiyası"nın müddəaları pozulmuşdur. "Olaylar" xəbər verir ki, sadalanan faktlar Ombudsman Səbinə Əliyeva tərəfindən Gəncə şəhərində həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabatında əksini tapıb. Hesabatda bildirilib ki, 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə Ermənistan tərəfindən əməl edilməməsi nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşaiət edilən növbəti terror aktı törədilmişdir. Qeyd etməliyik ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edən 1993- cü il tarixli 8221 , 8532 , 8743 və 8844 saylı qətnamələrin də tələblərini yerinə yetirməyən işğalçı Ermənistan Respublikasının törətdiyi növbəti hərbi təxribatlar Azərbaycanın dinc əhalisinə hədəflənmiş növbəti terror aktıdır, buna görə də insanlıq əleyhinə yönəlmiş və müharibə cinayəti kimi beynəlxalq hüquqi məsuliyyət yaradır. Həmin qətnamələrdə aydın şəkildə göstərilmişdir ki, Azərbaycan ərazilərinin işğalı pislənilir, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılması qəbul edilmir, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilir. Bu baxımdan öz cinayətkar əməllərini davam etdirməklə beynəlxalq hüququn tələblərini pozmaqda davam edən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təcavüzkar fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə pislənilməli, həmin cinayətlərin törədilməsində təqsirli olan şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunaraq cəzalandırılması ilə bağlı təcili tədbirlər görülməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31